Azərbaycan bələdiyyələrinin 80 faizinin Dövlət Sosial Müdafiə Fonduna borcu var.
Müsavat.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrul danışaraq, borcların həcminin bir neçə yüz manatdan, bir neçə yüz min manatadək dəyişdiyini deyib.
Onun sözlərinə görə, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının ən kəskin problemlərindən biri Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclardır: “İllərdir ki, bələdiyyələr borcun neqativ təsirlərindən qorunmaq üçün bir neçə bankda hesab açmaqdan tutmuş dotasiyaların birbaşa Fonda yönəldilməsinə, məhkəmə çəkişmələrinin müxtəlif səbəblərdən uzadılmasına kimi bir çox müvəqqəti tədbrilərə əl atırlar. Ancaq adı üstündə, bunlar müvəqqəti tədbirlərdir. Borcların yaranmasında və şişməsində bələdiyyələrin də günahı çoxdur. Əksər bələdiyyə rəhbərliyi özündən əvvəlki rəhbərliyin verdiyi məsuliyyətsiz qərarları düzəltmək, yığılmış borcları ödəmək üçün (hətta imkanı olsa belə) real addımlar atmaqda həvəsli deyil”.
Ekspert bildirir ki, məcburi dövlət sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı funksiyaların Vergilər Nazirliyinə verilməsi (yalnız sığortaolunanların və sığortaedənlərin uçotunun aparılması funksiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qalıb) bələdiyyələrin borc problemini aktuallaşdıra və onsuz da maliyyə təminatı zəif olan bələdiyyələri daha pis duruma sala bilər: “Nəzərə alaq ki, borcların toplanması məsələsində Vergilər Nazirliyi DSMF-dən fərqli olaraq daha ciddi və israrlı tədbirlər görmək təcrübəsinə sahibdir. Səlahiyyətlər Vergilər Nazirliyinə verilmişkən, təklif edirəm ki, bələdiyyələrin sosial sığorta ödənişləri üzrə borcları bağışlanılsın (silinsin) və yeni nəzarətçi qurumla münasibətlər, obrazlı desək, ağ vərəqdə yeni sətirdən başlasın. Məncə, bir neçə milyon manat məbləğində qiymətləndirilən borcu bağışlamaq Azərbaycan dövləti üçün böyük maliyyə yükü yaratmaz və artıq subvensiya layihələrinin icrasına başlanılacaq 2019-cu ildə bələdiyyələrə böyük maliyyə dəstəyi olar”.
DÜNYA,
Musavat.com






