İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranla Bakı arasında gərginlik bitdi, bəs İranın Ermənistana açıq-gizli dəstəyi? - 2 rəy 

654 30.10.2021 10:00 Ölkə A A

Azərbaycanla İran arasında bir neçə həftə davam edən siyasi gərginlik səngiməyə başlayıb. Qarabağda yerləşən erməni separatçılarına qanunsuz yükdaşımaları dayandırmaq istəməyən İranın rəsmi səviyyədə Azərbaycana yönəlik əsassız ittihamları dayandırılıb. İranın xarici işlər naziri də bu günlərdə Tehran ilə Bakı arasında gərginliyin başa çatdığını deyib.

Aydındır ki, İran tərəfinin öz şirkətlərinə Azərbaycan ərazisinə qanunsuz yükdaşımaların dayandırılması tapşırığından sonra Azərbaycanın bu daşımalarda iştiraka görə saxladığı iki iranlı sürücünü azad etməsi məhz gərginliyin aradan qaldırılması məqsədi daşıyır. Hazırda ölkələr arasında hər hansı narazılıq bəyanatlarına da rast gəlinmir. Bu, İranın Ermənistana açıq-gizli dəstəyinin də başa çatacağı deməkdirmi? İran Azərbaycana düşmən olan ölkəyə qucaq açmaq siyasətini dəyişəcəkmi, yaxud dəyişə bilərmi?

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, rəsmi Bakı İranın Azərbaycanın daxili işlərinə qarışmasına etiraz edib: “İran tərəfi bizim razılığımız olmadan erməni separatçıları ilə əlaqələr qurub. Biz etiraz etdikdə isə daxili işlərimizə qarışıb. Bundan doğan gərginlik müəyyən müddətə aradan qalxıb. Biz İranla münasibətlərimizin gərginləşməsində maraqlı deyilik. Əksinə, İranla ortaq layihələrimizin normal münasibətlər zəminində icra olunmasına çalışırıq. Bu baxımdan, İran bizim daxili işlərimizə qarışmasa, bundan sonra münasibətlərdə hər hansı gərginlik olmayacaq”.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Elxan Şahinoğlu

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, ölkələr arasında gərginliyin tam aradan qalxdığını söyləmək mümkün deyil: “Azərbaycanın prinsipial mövqeyi dəyişmədiyi üçün İran razılaşmağa məcbur oldu və regionda dəyişən siyasi vəziyyət fonunda Bakının Tehran qarşısında əlinin güclü olması da nəticəyə təsir etdi. İran rəsmiləri və mediasında Azərbaycana qarşı aqressiyanın azaldığı da müşahidə olunur. Hazırda gərginliyin aradan qalxdığı görünür, lakin bunun uzunmüddətli olacağı ehtimalı azdır. Xüsusilə Tehranın hazırki rejiminin Azərbaycanda İrana bağlı şəbəkənin neytrallaşdırılması ilə barışacağı inandırıcı deyil. İranın dini-klerikal dairələri bu şəbəkəni qurmaq üçün uzun illər vaxt sərf ediblər. Fikrimcə, indiki situasiyada səssiz qalsalar da, uzun müddət belə davam etməyəcək. İrana bağlı şəbəkənin qarşıdakı dövrdə ”yeraltına" çəkiləcəyini görə bilərik, əslində bu proses başlanıb. Məqsəd hazırki dalğadan xilas olmaq və zamanı gələndə yenidən üzə çıxmaqdır. İstisna deyil ki, İrandan verilən təlimat da bu yöndədir".

Şərhçinin fikrincə, İranın Ermənistana dəstəyi dayanmayacaq: “Tehran rəsmi açıqlamada belə Azərbaycan və Ermənistan arasında bərabərlik işarəsi qoyur. Reallıqda da Ermənistana dəstəyi davam edir. Sadəcə olaraq, İrəvan Tehranın istədiyini vermək gücündə deyildi və məsələni Moskva ilə həll etməli olduğunu çatdırdı. Moskva da Tehrana regionda yeni reallığın dəyişməyəcəyini izah etdi. İranın münasibətində dəyişiklik bundan sonra başladı, lakin bu, Tehranın yeni reallığa uyğun davranacağı, rəsmi açıqlamalarında olduğu kimi, Ermənistanla Azərbaycan arasında heç olmasa bərabər münasibət saxlayacağı demək deyil. Çünki bölgədə İranın istifadə edə biləcəyi yeganə ölkə Ermənistandır və istisna deyil ki, Tehran İrəvana dəstəyi daha da artıracaq. İndi yumşalmaya getsələr belə, fürsət düşəndə yenidən təzyiq siyasətinə qayıda bilərlər”.

Yeri gəlmişkən, iki gün əvvəl İranın Yollar və Şəhərsalma  naziri Rüstəm Qasımi Ermənistanın Tehrandakı səfiri ilə görüşüb. Ermənistan tərəfinin yaydığı məlumata görə, iranlı nazir iki ölkənin birgə layihələri üzrə işlərin sürətləndirilməsinin gərəkdiyini deyib. Söhbət İrandan Ermənistana gedən Gorus-Qapan yolunun Azərbaycandan keçən hissəsinə alternativ olaraq tikilən yoldan, Azərbaycandan kənar ərazidə Avropa-Asiya yükdaşımalarını təmin etmək üçün inşa olunan “Şimal-Cənub” avtomagistralı və eyni məqsədli “Fars körfəzi-Qara dəniz” nəqliyyat dəhlizindən gedir. R.Qasımi İranın hər üç layihəyə dəstəyinin davam edəcəyini vurğulayıb...

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR