Dövlətə xəyanətdə təqsirləndirilən sabiq təhlükəsizlik xidmətinin əməkdaşı hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Xatırladaq ki, B.Yusifzadənin həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Məlumatda görə, B.Yusifzadə Azərbaycanda təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici xidmət orqanları ilə əməkdaşlıq edib.
O, xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşları ilə görüşüb.
Görüşlərin məqsədi həmin agentlər vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə iş birliyi olub. O, bu məqsədlə bir neçə görüş də keçirib.
Rəsmi məlumata görə, Yusifzadə xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib.
Əməkdaşlığın davamı olaraq Yusifzadə yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməli imiş və buna görə də cəhdlər edib.
DTX B.Yusifzadəni göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa edib.
Məlumatda bildirilir ki, B.Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib.
İlkin Muradov
Musavat.com






