Arzu Nağıyev: “Hazırda terror aktlarını törədə biləcək qüvvə dedikdə daha geniş fikirləşmək lazımdır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, ötən illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. G. İsmayılov bildirib ki, bu, həm inzibati, həm iqtisadi sahədə dini radikal təşkilatlara qarşı aparılan mübarizə, eyni zamanda maarifçilik sahəsində görülən işlərlə əlaqədardır.
“Radikal dini qrupların Azərbaycanda ciddi dayaqları yoxdur, belə dayaqların olması da mümkün deyil. Dini radikalizm savadsızlıq, xurafat, təhsildən yayınma meylləri olan ölkələrdə, bölgələrdə yayılır. Biz də əsasən xurafat meyllərinə qarşı mübarizə aparırıq” - o bildirib.
Sədr müavini qeyd edib ki, Azərbaycanda son illər ölkədən kənardakı münaqişə zonalarında silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb: “Bunun özü də deməyə əsas verir ki, Azərbaycanda dini radikalizmə qarşı görülən işlərin konkret nəticələri var. Hansısa radikal dini, terror qruplarının Azərbaycana təsir etməsi real deyil. Çünki Azərbaycanın iqtisadi imkanları, hüquq mühafizə orqanlarının bu sahədə fəaliyyəti, eyni zamanda, paralel olaraq aparılan ideoloji iş bu cür qrupların Azərbaycanda özlərinə dayaq tapmasını mümkünsüz edir”.
Lakin bəzi ekspertlərə görə, əksinə, Azərbaycanda dini radikal qruplaşmalar ötən illərlə müqayisədə daha da güclənib. Çünki Azərbaycan vətəndaşları beynəlxalq terror qruplarının daxilində, İraq, Suriyada döyüş əməliyyatlarında iştirak edirlər. Nəticədə isə onlar döyüş, xüsusi əməliyyat, asimmetrik mübarizə təcrübəsi qazanırlar. Ekspertlər bildirirlər ki, belə olduğu halda təhlükənin miqyasını kiçik hesab etmək olmaz.
Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, təhlükə dedikdə təkcə hansısa dini terror qruplaşmasını nəzərə almaq doğru deyil: “Unutmaq lazım deyil ki, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra Azərbaycanda xeyli sayda terror aktları törədilib. Həmin teraktlar ermənilər və onların xüsusi havadarlarının əli ilə həyata keçirilib. Çox adamlar elə başa düşürlər ki, terror qruplaşması dedikdə məhz hansısa dini radikal qruplaşmalardan söhbət gedir. İstər İŞİD olsun, istərsə də digər qruplaşmalarla bərabər, bu gün terror aktlarını törədə biləcək qüvvə dedikdə bir qədər geniş şəkildə fikirləşmək lazımdır. Bu gün Azərbaycanda müharibə gedir və burada xüsusi xidmət orqanlarının maraqları var. Azərbaycan iqtisadi baxımdan Avropanın təhlükəsizliyinə təhdidi həyata keçirə biləcək bir dövlətdir. Eyni zamanda dünyada da böyük iqtisadi layihələri məhz Azərbaycanın ərazisindən keçirməklə reallaşdıracaqlar. Yəni Azərbaycan çox mühüm iqtisadi layihələrin inkişafı üçün önəmli oyunçudur.
Bütün bunları nəzərə aldıqda təbii ki, xüsusi xidmət orqanlarının və digər anti-Azərbaycan qüvvələrinin burada hər hansı bir terror aktı keçirməkdə məqsədi və məramı ola bilər. Dini qruplaşmalara gəldikdə isə Azərbaycanın geosiyasi və eyni zamanda coğrafi mövqeyi elədir ki, şimaldan bizim qonşumuz Rusiyadır. Rusiyanın isə cənub hissəsində İŞİD-ə biyət edən qruplaşmaların hələ də sonu görünmür. Ondan əlavə, Azərbaycandan gedib xarici dövlətlərdə, Suriya ərazisində vuruşan dini radikal qruplaşmaların da qayıtma təhlükəsi var. Təbii ki, hüquq-mühafizə və eyni zamanda xüsusi xidmət orqanları bunların nə qədər qarşısını alsa da, Cinayət Məcəlləsində hansı yeniliklər edilsə də, bütün bu təhlükələr qalmaqdadır.
Bu gün istər Xəzər dənizində, istər ölkənin cənub tərəfində Azərbaycandan çox da uzaq olmayan ərazilərdə müharibələr gedir. Bütün bu müharibələri, Azərbaycanın inkişafını və bunu istəməyən qüvvələri nəzərə alsaq deyə bilərik ki, ölkəmizdə çox böyük işlər görülür. İstər sərhədlərin bərkidilməsi, istərsə də xüsusi xidmət orqanlarının işlərini nəzərə almaq lazımdır. Lakin bəlli olduğu kimi, heç bir dövlət terrordan sığortalanmayıb. Avropanın iri şəhərlərində baş verən terror hadisələri də buna sübutdur. Terror təhlükəsini dəf etmək vətəndaşların, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının birgə vəhdəti naminə təşkil olunmalıdır. Yəni hər bir insan başa düşməlidir ki, insan həyatından mühüm bir şey yoxdur. Məhz buna görə də addımlar atılmalıdır”.
Ekspertə görə, maarifləndirmə işi bu məsələlərdə öndə olmalıdır: “Tam şəkildə başa salınmalıdır ki, bu dindən nə üçün və hansı məqsədlərlə istifadə olunur. İkincisi də dini qruplaşmaların məskunlaşdıqları ərazilərdə xüsusi xidmət orqanlarının və digər qurumların nəzarət gücləndirilməlidir. Yəni bu iki amil bir sıra dövlətlərin apardığı mübarizədə bu, öz effektini verir. Bu proseslər həll olunduqdan sonra isə müəyyən qədər təhdidlərin qarşısının alınması mümkündür”.
Əli RAİS






