İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbiəti hökumətin xətrinə sevməyin... - İçimizdəki Ekologiya Nazirliyi

6859 02.06.2017 13:25 Ölkə A A

 

Bir gün Molla, ağlına nə düşürsə, başlayır quyu qazmağa. Deyinə-deyinə bir neçə yan-yana quyunu qazan zaman, yoldan keçən yolçu ayaq saxlayıb soruşur ki, ay Molla, bu nədi, nə axtarırsan? Molla deyir, basdırdığım qızılı axtarıram. Soruşur ki, bəs niyə hər yeri qazırsan, bilmirsən, hara basdırmısan? Molla Nəsrəddin basdırdığı yeri göstərir. Yolçu təəccüblənir və “bəs niyə başqa yerdə axtarırsan”, deyə xəbər alır. Molla cavab verir ki, bura işıqlıdır, bura sərf eləyir...


İndi mənim rastlaşdığım işbazın əhvalatı da buna bənzəyir. Açığı, təsadüf nəticəsində bu məsələni öyrəndim və hesab etdim ki, əhvalatı ictimailəşdirim və həm də daim məni də narahat edən təbiət və insan münasibətlərinə dair fikirlərimi bölüşüm. Dövlət qurumlarını bezdirən bu kimi işbazların təhdidlərinin cəmiyyətə çatdırılması, düşünürəm ki, bəzi anormal hesab etdiyimiz məsələlərin həllində, az da olsa başqalarına örnək olacaq.
Deməli, əhvalatın dırnaqarası qəhrəmanı fərdi təsərrüfatında ting yetişdirən və bunu məhz Ekologiya Nazirliyinə satıb pul qazanmaq istəyən bir şəxsdir. Bu adamın, deyəsən, Binə istiqamətində 10 hektar torpaq sahəsi var, orada ağac tingləri və qırqovul yetişdirməklə biznes qurub. Allah özünə qismət eləsin, çox yaxşıdır, hətta təqdir olunasıdır. Məsələnin mahiyyətini araşdırdım, dövlət qurumunun səlahiyyətliləri də bu şəxsin təsərrüfatını təqdir edir, ona, müraciət etdiyi təqdirdə, imkan daxilində bütün elmi və texniki dəstək verməyə də hazır olduqlarını bildirirlər.

Image result for ağacəkmə


Lakin bu şəxs tutdurub-durub ki, nazirlik onun tinglərini nağd pulla alsın. Dəfələrlə həmin adama izah olunub ki, nazirliyin özünün tingliklərində milyonlarla ədəd ağac yetişdirilir və hər əkin mövsümündə nazirliyin öz tingliklərinin ağaclarından istifadə olunur. Yəni daxili istehsal nazirliyi əkin materialları ilə tam olaraq təmin edir, hətta digər dövlət qurumlarının tinglərə olan ehtiyacını da ödəmək qabiliyyətindədir. Nazirlikdə son 5 ildə 148 milyon 215 min 222 ədəd ting yetişdirilib və 2017-ci ildə isə 10 milyon 125 min ədəd ting yetişdirilməsi planlaşdırılıb. Ona görə də bu dövlət qurumunda kiminsə təsərrüfatından ting almaq üçün vəsait nəzərdə tutulmayıb, üstəlik qurumun tingliklərinin yaradılması üçün dövlət büdcəsindən əlavə vəsait də alınmayıb. Amma yetmir, adam dövlət yetkililərini təhdid edərək zorla onun malının alınmasını istəyir, bir sözlə əl çəkmir.

 

Image result for ağacəkmə 

Odur ki, indi onu iş adamı deyil, işbaz adlandırmaq doğru olar. Adamın nazirliklə müqaviləsi yox, sövdələşməsi yox. Yetişdirmisən, əcəb etmisən, sat başqasına. Yaxud da özünə bazar tap, sonra ağac yetişdir... Həqiqətən də məntiqsizlikdir və ya Molla Nəsrəddinin lətifəsi kimi, adam reallığı deyil, ona sərf eləyəni axtarır... Hesab edirəm ki, ucuz və şərəf gətirməyən, haqqını verməyən bir həmlədir, açıq təhdiddir. Onda belə çıxır ki, pomidor yetişdirənin məhsulunu Kənd Təsərrüfatı Nazirliyi, nə bilim dərman bitkisi yetişdirənin malını Səhiyyə Nazirliyi almalıdır?


Əslində mənim bu məsələnin mahiyyətinə varmağım da pul qazanmaq üçün mənliyini, vicdanını unudub təbiətin, cəmiyyətin məntiqinə qarşı çıxanlara öz mövqeyimi bildirmək istəyimlə bağlıdır. Yaxud da əlindəki siqaret kötüyünü öz rahatlığı üçün on addımdakı zibil qutusuna atmayıb, yerə atan insan və təbiət münasibətlərindəndir. Azad iqtisadiyyat, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Ən azı kiminsə yetişdirdiyi ağacı, pomidoru və ya qırqovulu azad şəkildə bazara çıxarıb satmaq imkanı var. Amma pul qazanarkən, yaxud da bu torpağın, suyun, havanın bəhrəsini görərkən kiminsə bizi əhatə edən təbiətin, cəmiyyətin haqlarına girməsi bir az da cəhalətdir.

Image result for Göygöl


Yaşıllığa, təbiətə, ətraf mühitə sevgi niyə belə ədəbsiz forma alıb bizim ölkəmizdə görəsən?


Məsələn, turizmlə məşğul olub pul qazanmaq istəyən təbiəti məhv edir, öz ambisiyasına, qazanc hərisliyinə təbiətimizi, bizi əhatə edən təbii mühiti qurban verir. Ötən yay Şabranın Zeyvə kəndi ərazisindəki gözəl təbiət mənzərəsi kimi tanınan Əmbil gölü ətrafında baş verənlər hamının yadındadı. Gölün ətrafı, meşə tapdaq altında qaldı, təbii mənzərə məhv olmaq təhlükəsi ilə üzləşdi. Çünki kortəbii və idarə olunmaz turizm təbiətə qarşı birbaşa terrordur. Davamlı turizm, yaşıl turizm, ekoturizm, təbiət dostları və digər bu kimi adlar altında təbiəti zorlamaq özümüzə xəyanətdir.


Öz həmkarlarıma da üz tuturam, bəzən yolda, küçədə qurumuş ağacı görən kimi yazırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır? Bir az cəhalət var, deyilmi? Daha bilmirik ki, onlarla qurum, şirkət var ki onların da ekologiya idarələri mövcuddur, onların da öz əraziləri var və həmin ərazilərdə ağac əkirlər, ona qulluq göstərməyə, suvarmağa borcludurlar. Yəni hərə öz əkdiyi ağaca qulluq etməlidir, bu, bəzilərinin düşündüyü kimi nazirliyin işi deyil. Günahkarı bilmədən, axtarmadan başqasını ittiham etmək nə dərəcədə ədalətlidir? Dostlar, təbiəti hökumətin xətrinə sevməyin, içinizdə varsa, qoy ordan gəlsin bu sevgi. Hərə öz maraqlarını güdürsə, istəklərini yeridirsə, burda təbiətə sevgidən danışmaq olmaz. Yoxsa ting yetişdirmişəm, deyə mütləq bunu ekologiya nazirliyi almalıdır kimi absurd sevgidən bizim təbiətə yar olmaz!

Related image


***

Bu günlərdə dostlarla bir neçə saatlığına Göygöldə olduq. Aramızda Türkiyədən gələn dostumuz da var idi. Əslində ziyarət səbəbimiz qardaş ölkədən gəlmiş dostumuza Azərbaycanın ən füsunkar təbiət hadisələrindən sayılan Göygölü göstərmək idi. Dostumuzu təbiətin gözəlliyi ovsunlamışdı. Yolboyu uzanan meşələr, yamaclarda açmış güllər, yaşıllıqlar elə bizi də öz təsiri altına almışdı. Göygölün ərazisinə daxil olduqda türkiyəli qonağımızın bu müşahidələrinə biri də əlavə olundu – təmizlik. Adam heyrətlə ətrafa baxırdı. Təmizliyə heyran qalmışdı. Bizi müşayiət edən yerli adamlar ona deyəndə ki, burdan iki il öncə tonlarla zibil daşınıb, yüzlərlə yük maşını ilə tullantılar atılıb, buna inanmaq istəmədi.

Image result for Göygöl

Ona bildirdik ki, Göygöldə bu təmizliyi, disiplini yaratmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi neçə ildir ki, sözün əsl mənasında mücadilə verir. Türkiyəli dostumuz ruhunu Göygölün gözəlliyinə tam təslim etmişdi. O, Qaradəniz bölgəsindəki, Trabzondakı Uzungöl deyilən vadi ilə Göygölü müqayisə etdi. Dedi ki, artıq Uzungöl deyə bir şey qalmayıb. Ətrafda inşa olunan binalar oranı məhv etmək ərəfəsindədir. “Siz Göygölü bu şəkildə qorumağa davam edin, qoymayın insanlar buranı Uzungölə döndərsinlər”. Belə dedi dostumuz.

uzungol.jpg (108 KB)

Trabzondakı Uzungöl deyilən vadi


Sonra Maralgölə getdik. Eyni təmizlik, səliqəlilik orda da vardı. Əsas diqqətçəkən məqam isə ən ucqar yerlərdə belə zibil qablarının qoyulması idi. Bu, təkcə təmizlik məqsədi daşımır məncə. Bu qutular həm də vətəndaşa bir mesajdı, zibillə davranmaq mədəniyyəti aşılamaqdı. Maralgölə qalxan pilləkənlərin meydançalarında və gölün girişində tullantı üçün nəzərdə tutulan qutular diqqətimizi çəkdi.

Image result for MaralGöl


Biz özümüz heç bir nəzarət olmadan ətraf mühitlə, təbiətlə davranmağı bacarmalıyıq. Evimizin içində necə davranırıqsa, evimizdən 100 kilometrlərlə uzaqda da o cür olmalıyıq – təmizliyə, səliqəliliyə riayət etməliyik.


Bir sözlə, hər birimizin içində bir Ekologiya Nazirliyi olmalıdı. Bu ölkə, onun meşəsi, gölü, təbiəti bizimdi. Bizim olanı qorumalı və ona sahib çıxmalıyıq.

A.ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR