“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinə sədr təyin olunub.
Musavat.com İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İctimaiyyətlə əlaqələr xidmətinə istinadən xəbər verir ki, bu posta Ramin Bayramlı təyin olunub. Onun təyinatı barədə əmri Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev imzalayıb.
R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb. 2011-2106-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib.
O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyir. “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyinin təsisçisi və sədr müavinidir.
Qeyd edək ki, TƏBİB president fərmanı ilə ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə yaradılıb. Səhiyyə Nazirliyinin demək olar ki, bütün səhiyyə müəssisələri yanvar ayından onun tabeliyinə keçəcək.
TƏBİB beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq.
DÜNYA,
Musavat.com






