İnsanlara hürriyət, millətlərə istiqlal!

Teatrşünas: “İlk dəfədir ki, ana teatra qadın rəhbərlik edəcək və bu, iç çəkişmələri ... “

951 16.05.2023 11:55 Mədəniyyət A A

Aydın Talıbzadə: “Dəyişikliklər mütləq olacaq, ancaq bu o demək deyil ki, şedevrlər hazırlamaq tələb olunsun"

“Mehriban Ələkbərzadə hansı teatrda çalışmasından asılı olmayaraq Azərbaycan teatr mədəniyyəti üçün çox gərəkli və dəyərli bir sənətçidir. O, mənəvi dünyası zəngin, hər dəfə öz imkanlarının, enerjisinin sonuna qədər işləməyi sevən və bacaran, içi Azərbaycan sevgisi ilə dolu bir qadındır. Mən inanmıram ki, teatr sənətçiləri arasında Azərbaycan tarixini onun qədər gözəl bilən başqa bir kimsə tapılsın. Odur ki, Mehriban xanımın belə bir yüksək vəzifə tutmağa haqqı çatır”.

Bu sözləri Musavat.com-a açıqlamasında tanınmış teatrşünas Aydın Talıbzadə rejissor Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatra bədii rəhbər təyin olunması ilə bağlı mövqeyini bildirərkən deyib.

Teatrşünas bu təyinatdan dəyişikliklər, yeniliklər gözlədiyini deyib: “Mehriban xanım sənət idealına xəyanət etməyən yaradıcı bir şəxsiyyətdir. Öz ideyaları ilə tamaşanın yaradıcı kollektivini alovlandıra, onları öz ardınca apara bilir. Çünki o, iradə sahibidir, prinsip adamıdır: hər zaman mövqe sərgiləmək iqtidarındadır. Baş rejissor olmaq üçün bunlar son dərəcə önəmli keyfiyyətlərdir.

Bundan əlavə, ilk dəfədir ki, Akademik Milli Dram Teatrında qadın baş rejissor funksiyasını yerinə yetirəcək. Bu həm də teatriçi çəkişmələri kifayət dərəcədə zəiflədəcək bir faktor ola bilər. Mən bu təyinatı tam dəstəkləyirəm və Mehriban xanımdan parlaq tamaşalar, seyrçi diqqətini özünə cəlb edəcək repertuar, teatrın kreativ prosesə aktivcəsinə qoşulmasını gözləyirəm".

Teatrşünas daha sonra dəyişikliklərin, yeniliklərin mütləq olacağından danışıb: "Ancaq bu o demək deyil ki, bugün vəzifəyə təyin olunmuş rejissordan sabaha yalnız şedevrlər hazırlamaq tələb olunsun. Mən öz teatrşünas təcrübəmdə belə bir yanaşmanın neqativ nəticələrinə dəfələrlə şahid olmuşam. Ona görə şedevrlər heç də vacib deyil, vacib olanı yaradıcılıq prosesinin müəyyən bir teatr poetikası əsasında düzgün qurulmasıdır.

Güman edirəm ki, M.Ələkbərzadə teatrda tolerant bir siyasət yürüdəcək, teatrın qapılarını müxtəlif, istər yerli, istərsə də xarici rejissorlara, dramaturqlara və maraqlı eksperimentlərə açacaq, teatrın bədii-estetik məkanı ilə sosial məkanını maksimal şəkildə bir-birinə yaxınlaşdıracaq. İmkan daxilində mən öz köməyimi də, tənqidi məqalələrimi də teatrdan əsirgəməyəcəyəm. Bu təyinat, hələlik ki, məni yalnız pozitivə kökləyir”.

Xatırladaq ki, mayın 13-də mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

Mehriban Ələkbərzadə öncə bu vəzifəyə xalq artisti Azər Paşa Nemətov məsul idi. A.Nemətov 2023-cü il aprelin 9-da vəfat edib.

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR