İnsanlara hürriyət, millətlərə istiqlal!

Tariximizin, milli adət-ənənələrimizin təbliği turizmin inkişaf konsepsiyası kimi...

2979 12.12.2019 09:10 Proje A A

Novruz həm dəyərləri, həm əyləncəsi, həm də mətbəxi baxımından Milad bayramından daha zəngindir

Yeni il yaxınlaşır və bu münasibətlə dünyanın əksər ölkələrində Milad bayramı qeyd olunur. Türk-müsəlman dünyası, o cümlədən Azərbaycan  da bu ənənəyə qoşulub, ölkəmizdə də Yeni il bayramı çox təntənəli şəkildə qeyd olunur. Ancaq bir jurnalist olaraq mənə sadə insanların bayram həyəcanından daha çox, Yeni illə bağlı yolkaların, oyuncaq və aksesuarların, geyimlərin istehsalçısı olan şirkətlərin, həmçinin bu bayramı Avropada keçirmək istəyənlərin arzularını çin edən turizm şirkətlərinin qazandığı milyardlar düşündürür.

Qərb xalqları, sadəcə, bir dini bayramlarını dünyaya təbliğ etməklə milyardlarla dollar gəlir əldə edirlər. Bu günlər dünya iqtisadiyyatında yeni bir canlanmanın başlanması, tələbatın artması, istehlak həcminin sürətlə yüksəlməsi ilə əlamətdar olur. Bəs bu qədər zəngin tarixə, adət-ənənələrə, bir-birindən gözəl, rəngarəng bayramlara malik Azərbaycan xalqı niyə bunu dünyaya təbliğ edə bilmir, bundan iqtisadi qazanc, turizm məqsədilə yararlana bilmir?

Halbuki bizim milli bayramımız olan Novruz həm dəyərləri, həm əyləncəsi, həm də mətbəxi - yeməkləri və şirniyyatları baxımından Milad bayramından daha zəngindir.

Bu yazımda tariximizin, mili -adət ənənələrimizin təbliğinin vacibliyini fərqli bir baxış bucağından əsaslandırmağa çalışacağam. Çünki yaşadığımız dünyada milli dəyərlər, adət-ənənələr təkcə bəlağətli cümlələr qurmaq üçün istifadə olunmur, əksinə, millətin kimliyinin indentifikasiyası, dünyanın diqqətini cəlb etmək, turizm axını yaratmaq məqsədilə, o cümlədən biznes məqsədilə istifadə olunur.

Bəs görəsən, xalqımız hansı mədəniyyət və milli mətbəx nümunələrindən, milli adət-ənənələrindən  həm turizmin inkişafı, həm də “Made in Azerbaijan” brendi altında istehsal edilib dünyaya ixracı üçün istifadə edə bilər?

Müzəffər Ağakərimov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da hesab edir ki, Azərbaycanın milli adət-ənənələrindən turizm yönündə ən çox yararlana biləcəyimiz Novruz bayramıdır: “Bu bayramın təbliğində başqa xalqların bütün təbliğ üsullarını qəbul etmək, onların yaxşı ənənələrini və təşviqat şəkillərini həyata keçirmək olar. Məsələn, ölkəmizdə Yeni il ərəfəsində bütün hotel və mehmanxanalarda yolka bəzəyirlər, şaxta baba və qar qız olur. Bəs Novruz bayramında nə üçün bizim hotellərdə Kosa, Keçəl, Bahar qızı olmur, xonça bəzədilmir, səməni qoyulmur? Bununla hotellər kasıblamaz. Aş bişirsinlər, gələn qonaqlara milli mətbəximizi, Novruz şirniyyatlarını pulsuz paylasınlar, təbliğ etsinlər. Novruz bayramında bütün hotellərdə, turizm məkanlarında pulsuz Novruz nemətləri verilsin. Ancaq Yeni ildə az qala bütün mağazalarda yolka bəzədilir, eyni təbliğat üsullarını Novruz bayramı üçün də etməliyik. Xaricilərin Milad bayramını necə təbliğ etdiyini və bundan nə qədər qazandığını təhlil etmək və nümunə kimi istifadə etmək lazımdır”.

kəlağayı ile ilgili görsel sonucu

M.Ağakərimov vurğuladı ki, bundan əlavə, Azərbaycan brendi kimi xalçalarımız, kəlağayılarımız  çox diqqət cəlb edir: “Azərbaycan xalçaları çoxçeşidlidir, hər regionun öz xalçası var. Kəlağayı daha çox Şəkidə istehsal olunur. Ondan başqa, bizim milli mətbəximiz, milli şirniyyatlarımız, şərablarımız var ki, onların hamısını  dünyaya təqdim edib onun satışını yüksək səviyyədə həyata keçirmək olar. Turizm elə sahədir ki, burada birtərəfli iş aparılmamalıdır. Turizm konsepsiyası dedikdə burada təkcə qazanc  əldə etmək nəzərdə tutulmur, ölkənin, dövlətin, xalqın mədəniyyətini, tarixini təbliğ etmək üçündür. Çox hayıf ki, bəzən birtərəfli yanaşırıq. Biz turizmin inkişafı dedikdə onun həm maddi, həm mənəvi, həm də mədəni inkişaf konsepsiyasını ortaya qoysaq, o zaman dolğun bir şəkil alar. Biz o zaman ölkəmizi tanıtdırmış olarıq. Hətta çalışmalıyıq ki, çəkdiyimiz filmlərdə turizm imkanlarımızı təbliğ edək. Bu yaxınlarda Hindistanın Mumbay şəhərində ”Turizm kino festivalı" keçirildi. Turizm kinosu vasitəsilə ölkənin adət-ənənələrini, etnoqrafiyasını, folklorunu təbliğ edirlər. Onu təbliğ etmək üçün ekspertlərin bilik və potensialından istifadə olunmalıdır. Beynəlxalq  səviyyəli bir film vasitəsilə Azərbaycanın təbiətini, tarixini, mətbəxini, milli dəyərlərini elə təbliğ edə bilərlər ki, dünya ölkəmizi yüksək səviyyədə qəbul edər".

xalçalarımız ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, tarixi abidələrlə bağlı da çox işlər görmək olar ki, bu işə turizm şirkətləri də cəlb edilməlidir: “Bütün turizm qurumları əl-ələ verib işləməliyik, yeni turizm marşrutları müəyyən etməliyik. Alban dövlətinin, sərkərdə Cavanşirin yaratdığı dövlətin tarixini təbliğ etməklə tarixdə adı keçən Girdman çayını Qəbələdə, İsmayıllıda turistlərə nümayiş etdirə bilərik. Qədim Atropatena dövlətindən bu yana tariximizlə bağlı məlumat verərək Azərbaycanın qədim bir dövlət olduğunu dünyaya çatdıra bilərik. Turizmin bir neçə növü var, onlardan biri də tarixi turizmdir. Digər bir maraqlı turizm növü isə arxeoloji turizmdir. İnsanlar gedib tarixlə, arxeologiya  ilə yaxından tanış olurlar. Hətta astrologiya turizmi də var ki, Azərbaycanda bunun üçün ən ideal yer Şamaxı rəsədxanasıdır. Avropa turistləri  artıq astrologiya turizminə daha çox diqqət ayırırlar. Hətta  Çili Respublikası artıq bunun üçün müəyyən addımlar atıb, bu dövlət elə bir ərazidə yerləşir ki, oradan ulduzları daha aydın seyr etmək olur. Azərbaycanda da bunu Pirquluda Şamaxı abservatoriyasında təşkil etmək olar”.

İqtisadçı ekspert Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, Azərbaycana daha çox turist cəlb etmək üçün ən yaxşı dövr Novruz bayramı ərəfəsidir: “Bu, həm uzun müddət sürən bayramdır, Azərbaycanda müxtəlif əyləncələr təşkil etməklə, Novruz bayramına xas milli ənənələr yaratmaqla insanları cəlb etmək olar. Hətta ətraf ölkələrdə Novruz bayramını qeyd edən xalqlar var. İrandan, Orta Asiya ölkələrindən, İraqdan, hətta Türkiyədən belə insanları cəlb  edə bilərik. Ancaq bunun üçün maraqlı və cəlbedici formada bu bayramın keçirilməsi qaydaları olmalıdır, yeniliklər tətbiq edilməlidir. Təbii ki, ona uyğun da əl əməyi ilə hazırlanan əşyaların, suvenirlərin satışı da mümkündür”.

İqtisadçı qeyd etdi ki, dünyanın müxtəlif ölkələrində yaxşı hekayəsi uydurulmuş bayramlar var ki, turist cəlb etmək üçün nəzərdə tutulub: “Çox uzun tarixi belə yoxdur. İspaniyada cəmi 30 il öncə şəhərlərin birində ”pomidor döyüşü" adlı bayram yaratdılar. Əvvəl bir neçə yüz  insanla başlayan bu festival artıq genişlənib. Ötən il həmin ərəfədə yüzminlərlə insan bu şəhərə gəlmişdi. Bu cür yaxşı hekayələr yaratmaq, cəlbedici əyləncə növləri də təklif etmək olar. Azərbaycanda bu imkanlar var. Regionların özəlliklərindən faydalanmaq olar, hər regionun özəlliklərinə uyğun festivallar keçirmək olar. Azərbaycanda artıq bu ənənə var, Göyçayda nar bayramı, Qubada alma bayramı keçirilir. Bu tədbirləri beynəlxalq səviyyədə təşkil etmək və turistlərin də orada iştirakını təmin etmək mümkündür".

Əpoş Vəliyev ile ilgili görsel sonucu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev də bildirdi ki, xüsusən gənc nəsil arasında artıq unudulmaqda olan adətlərimiz var və onların gündəmə gətirilməsi, təbliği turizm  üçün də faydalı ola bilər: “Dekabrın iyirmi biri qış fəslinin ilk günü olan ilk çillənin başlandığı gün, yəni Böyük çillə gecəsi bir çox bölgələrimizdə təmtəraqla qeyd edilir. Bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görülür. Azuqələr, meyvələr, çərəzlər, meyvə şirələri zirzəmilərdən, saxlanclardan çıxarılır, təmizlənib hazırlanır. Qədim türklərin inanclarına görə, bayramın əsas ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyirlə (Axura Mazda) ilə şər (Əhrimən) güclü mübarizə aparır. Çillə axşamı ailə üzvləri, qohum-əqrəba bir yerə yığışır və ilin ən uzun gecəsini süfrəyə düzülmüş çoxlu meyvə, şirniyyat, quru meyvələr, çərəzlər, meyvə şirələri və əsasən də xəmirdən hazırlanmış xörəklərlə qeyd edirlər. Bu gecənin ən əhəmiyyətli atributlarından biri də qarpızdır. Hər bir ailə həmin gecə mütləq bir qarpız kəsməyə çalışar. Bu qarpızı isə hələ bir neçə ay əvvəldən, qarpız mövsümünün sonlarından xüsusilə çillə üçün saxlayırlar”.

Gənc alimin sözlərinə görə, qədim tarixə malik olan və el arasında geniş yayılmış mərasimlərdən biri də Xıdır Nəbi (Xıdır İlyas) adlanan mərasimdir: “Mərasim həm də fevralın 1-dən 20-sinə kimi olan kiçik çilləyə təsadüf edir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq ”su, külək və havanın himayəçisi" kimi təqdim olunur. Bayramın əsas atributları qovrulmuş buğda (qovurğa) və qovud hesab olunur. Bayram günü xüsusi Xıdır Nəbi xonçası hazırlanır. Bunun üçün qarğıdalı, şabalıd, badam, noxud, küncüt, günəbaxan toxumu və s. də qovrulur. Qovrulmuş çərəzlər qovurğa ilə qarışdırılır. Qarışığa innab, iydə, kişmiş, qoz, fındıq və meyvə quruları da qatılır. Həmin xonçanın ortasına bir qab da qovud qoyulur.

xıdır nəbi ile ilgili görsel sonucu

Novruz da xalqımızın qədimdən bu günə kimi, sevə-sevə yaşatdığı, təmtəraqla qeyd etdiyi, gəlişinə həsrətlə gözlədiyi ən qədim milli bayramımızdır. Bu bayram özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, qardaşlığı, yardımlaşmağı, təbiətin füsunkar gözəlliklərini, xoşbəxtliyə, bolluğa, ruzi-bərəkətə ümidi əks etdirir. Novruz bayramında xüsusi bayram süfrəsi hazırlanır. Bu süfrədə noğul, nabat, şəkərbura, paxlava, qoğal, növbənöv şirniyyatlar, kişmiş, qoz, badam, püstə, fındıq, meyvə quruları, müxtəlif çərəzlər, meyvə şirələri, rəngbərəng boyanmış yumurtalar olur. Süfrənin ortasında səməni qoyulur. Yeməklərin şahı sayılan bayram aşı (plov) bişirilir".

Ə.Vəliyev də əsaslandırdı ki, bayramların daha genişmiqyaslı, təntənəli və təmtəraqlı keçirilməsi xaricdən turist cəlb etmək üçün əhəmiyyətlidir: “Novruzun rəmzləri səməni, boyanmış yumurta, Novruz şirniyyatları qoğal, şəkərbura, paxlava olur. Qoğal-günəşin, şəkərbura-ayın, paxlava isə-alovun, ulduzların rəmzi sayılır. Bundan başqa, Novruz şənliklərinin ən maraqlı oyunu Kos-kosa, əsas personajları isə təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi əhval-ruhiyyə gətirir. Milli-mənəvi dəyərlərimizin, eləcə də xalqımızın qədim mərasimlərinin, bayramlarının, adət-ənənələrinin mühafizə edilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibdir. Çünki milli adət-ənənələr və qədim mərasimlər hər bir xalqın milli mənəviyyatının zənginliyindən, həmin xalqın tarixinin qədimliyindən xəbər verir. Bayramların daha genişmiqyaslı, təntənəli və təmtəraqlı keçirilməsi, xaricdən turist cəlb etmək üçün turizm şirkətlərinin bu işə cəlb edilməsi vacib məsələlərdən biridir. Bu gün bir çox ölkələr yalnız turizmlə yüksək qazanc əldə edir, gəlir götürür.

İstər ölkəmizin hər fəsildə turistlər üçün maraqlı və mənzərəli yerlərə səyahəti üçün yaradılan şərait, istərsə də ölkəmizin yerləşdiyi coğrafiya, ölkəmizin təbiəti gələn bütün turistlərin diqqətini cəlb edir, onlar razılıqla geri dönürlər. Hər bir bayramdan bir ay, bir neçə həftə öncə internet vasitəsilə, sosial şəbəkələr vasitəsilə təbliğat aparmaq vacibdir. Yerli turizm şirkətləri bu təbliğata qoşulmalı, daha sonra xarici turizm şirkətləri ilə əlaqələr qurulmalıdır. Hər bir bayram haqqında xüsusi bukletlər hazırlamaq, içərisində bayramın tarixi, əhəmiyyəti, necə keçirilməsi haqqında məlumatlar yazaraq turistlərə paylamaqla da təbliğat aparmaq, tanıtmaq olar. Bütün bunlar bayramları təbliğ edərək turist cəlb etməyə kömək edər. Ümid edirəm ki, növbəti illər üçün bayramların təşkili daha da təkmilləşəcək və ölkəyə çoxlu turist cəlb edə biləcəyik".

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR