İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tapşırığı yerinə yetirmədiyinə görə kəşfiyyatçıya ancaq ölüm bəraət qazandıra bilər”

3022 20.07.2013 09:42 KİVDF layihələri A A
(2-ci hissə)

Yazının ikinci bölümünü hazırlayarkən zəng etdi. Dedi ki, ilk bölümü “Yeni Müsavat”dan, “müsavat.com”-dan oxuyan bir çox döyüş yoldaşları onu arayıb, axtarıb. Tərtər, Gəncə, Füzuli, Bakıda yaşayan keçmiş cəbhə yoldaşlarının bəziləri hətta onun həlak olduğunu zənn edirmiş. Hətta yazıya Çexiyadan da reaksiya gəlib. Cəbhə dostlarının bu yazıdan sonra bir-birini tapması təbii ki, bizim üçün də çox xoşdur və qəhrəman kəşfiyyatçının xatirələrinin ikinci hissəsini təqdim edirik: 

Pusqu əməliyyatı...

“1992-ci ilin avqust ayının 7-də pusqu əməliyyatlarını həyata keçirdik. O zaman Ələsgər Allahverdiyev adlı döyüşçümüz Əbdurrəhmanlı kəndində həlak olmuşdu və meyiti düşmən tərəfdə qalmışdı. Allahverdiyevin meyitinin yerini bilən yeganə adam - idman müəllimi olan Mətləb müəllim isə ermənilər tərəfindən əsir götürülmüşdü, Hadrutun Edilli kəndində türmədə saxlanılırdı, ermənilərin qərargahı orda yerləşirdi. Mətləb müəllim Ələsgər öldürüləndə görmüşdü. O zaman Mətləb müəllimi almaq üçün ermənilərlə danışıqlar aparıldı. Düşmən konkret adlar çəkib Mətləb müəllimin əvəzində həmin erməni döyüşçülərin qaytarılmasını tələb edirdi. Ancaq bu, mümkün olmadı. O zaman alay komandiri olan Rövşən Əkbərovdan (hazırda korpus komandiri, Milli Qəhrəman - E.P.) xahiş etdim ki, birgə pusqu əməliyyatı keçirək. Avqustun axırı, sentyabrın əvvəlində Füzulidə güclü əməliyyat keçirdik və Rövşən Əkbərov bizə 5-6 erməni meyitini verdi. O zaman ermənilərdə ruh yüksəkliyi yaranmışdı, elə bilirdilər İmişliyə qədər onların əlindədir. Hara gəldi basıb gedirdilər, biz də onları pusquya salıb məhv etdik. Ermənilərlə şərtləşdiyimiz kimi, Mətləb müəllimi geri aldıq. Sonra o, rəhmətlik Ələsgərin meyitini ərazidən götürdü. Əslində bu proses sentyabrın sonuna qədər uzandığı üçün meyitin ancaq sümüklərini kisəyə yığıb gətirə bildik. Beləcə, ermənilərin meyitlərini Şükürbəyli kəndi yaxınlığında qaytardıq. 

***

“Mənim də döyüş tapşırığını yerinə yetirmədiyim vaxt olub. Amma heç vaxt özümə bəraət qazandırmamışam. Bu, Qorqan istiqamətində baş verib. Mən 2 əsir götürməliydim. Hətta erməniləri xeyli müddət ərzində mühasirədə saxladım. Döyüş zamanı mənim 6-7 əsgərim yaralandı, düzdür, şəhidimiz olmadı. Ancaq mən erməniləri əsir götürə bilmədim. Həm mövqeləri güclü idi, həm də fanatikcəsinə döyüşürdülər. Ermənistanın ”Sovetaşanskiy speçnaz" deyirdilər, orda, xüsusi təyinatlılardan ibarət 555 nömrəli alay var idi. Bu qüvvə Füzuli istiqamətində yerləşdirilmişdi. 1994-cü ildə yanvarın 8-dən 9-na keçən gecə gətirildilər, həmin gecə də yadımdadır. Biz kəşfiyyat məlumatları əsasında qarşımıza gətirilən hərbi qüvvə barədə məlumat almışdıq. Ancaq həmin qüvvənin komandiri, silah-sursatı və sair barədə konkret məlumatlar almalı idik. Mən onlardan ancaq 1 əsgər əsir götürə bildim, yalnız aprel ayında. Hətta bir əsgəri qovub diri tutmaq istədik. Həmin erməni sağ ələ keçməmək üçün yerdəki qumbaraatan mərmisini götürüb yanındakı daşa çırpıb partlatdı, özünü öldürdü. 18-19 yaşında cavan oğlan idi".

Qarabağdakı zənci, rus, əfqan döyüşçülər

“Saqqallı ermənilərlə də çox üz-üzə gəlmişik, öldürmüşük. Zənci döyüşçülərlə qarşılaşmamışam. Amma rus hərbçilərlə üz-üzə də gəlmişəm, 1 rus döyüşçünü də diri əsir götürmüşəm, minaaxtaran muzdlu döyüşçü idi. Elə mənim öz bölüyümdə hələ 1992-ci ildə iki rus döyüşçü var idi. Deyəsən, biri Pensk şəhərindən idi...
1992-ci ilin aprel-iyun aylarında əks-kəşfiyyat xarakterli agent şəbəkəsi yaratmışdıq. O zaman Rusiyanın sərhəd qoşunlarının bölməsi Hadrutda yerləşirdi. Bu bölmədə xidmət keçən 3 hərbçi mənə işləyirdi. Onları özüm şəxsən “verbovat” eləmişdim. Hətta bu bölmənin kəşfiyyat rəisi ilə görüşüm də olmuşdu... 
...Sizə əfqanlardan mühüm bir şey deyim. Mən bir dəfə Zərdüşt Əlizadənin sözlərini oxudum. Demişdi ki, guya əfqanlar tankı kəməndlə tuturmuş. Ancaq onların pulları verilmədi deyə, qayıdıb getdilər. Birincisi, hansısa bir muzdlu döyüşçünü Qarabağa gətirmək Azərbaycandakı milli azadlıq hərəkatını, suverenliyimizi, öz ordumuzu gözdən salmaq idi. Çünki bizə nə olmuşdu, burda döyüşçü yox idi ki? Zaqafqaziyadakı üç hərbi məktəbdən ikisi Bakıda idi. Kifayət qədər kadrlarımız vardı. Əfqanlardan elələri vardı, and olsun Allaha, avtomat ata bilmirdilər. Qəşəng yeyib-içib gedirdilər. Düzdür, onların da döyüşənləri olub. Mən Şərafəddinlə, Camalxanla, bir də Nəbinin dəstəsi ilə birgə döyüşmüşəm. Onların sıralarında döyüşənlər var idi. Amma ümumən onların xüsusi təriflənməsi yersizdir. Onların əvəzinə bizim döyüşçülərimizə diqqət ayrılsa, daha yaxşı olardı..."

Rusiya təhlükəsi...

“Mən Rusiyada uzun müddət yaşamışam və operativ işlərdə çox iştirak etmişəm, ancaq heç nədən çəkinmədən hər şeyi açıq deyə bilərəm. Ermənistandakı 102 saylı hərbi bazanın texnikasına, az qala şəxsi heyətinə qədər bizdə məlumat var. Azərbaycan öz ərazisində, Dağlıq Qarabağda savaş aparmağa qadirdir, istər rus olsun, istər erməni, fərqi yoxdur. Amma biz Ermənistana hücum edə bilmərik, çünki bu, başqa rəng ala bilər. Amma Dağlıq Qarabağ hücum etməliyik. Buna 1994-cü ilin 5 yanvarından Horadiz əməliyyatı örnəkdir. Artıq o əməliyyatda sübut olundu ki, Qarabağdakı əməliyyatlarda top, tank lazım deyil, elə taktika ilə bir həftəlik əməliyyat aparırsan, önəmli mövqeləri tutub yerləşirsən. Ondan sonra qoy yenidən atəşkəs olsun. Ancaq 2-3 ildən sonra yenə də oxşar taktika ilə hücuma keçirsən, məsələ həllini tapır. Artıq örnək var. 8 saatın içində düşmən 30 km geri otuzdurulubsa, ərazilərimiz qaytarılıbsa, demək, biz növbəti əməliyyatları da həyata keçirə bilərik. Onu da unutmayaq ki, bizə uzunmüddətli hərbi əməliyyatlar keçirməyə heç kim imkan verməz”. 

“Horadizi elə kəşfiyyatçılar geri qaytardı” 

“Mən təcrübəmi hər zaman sərf eləməyə, vətənə xidmət etməyə hazıram. Ancaq təəssüf ki, bizə heç kim baxmır. Adicə bir söz deyim, kəşfiyyatçıların hazırlıq prosesində bizim təcrübəmizdən niyə istifadə olunmur? Məsələn, rus-erməni qruplaşmasının qurduğu pusqunun sxemi var. Şəxsən mən onun detallarını bilirəm. Onu niyə bizim kəşfiyyatçılara öyrətməməliyəm? Azərbaycan hərb tarixində böyük bir əməliyyat olub Horadizdə və bu əməliyyatı o qəhrəman döyüşçülər həyata keçirib. Bəlkə də belə bir riskli nəhəng əməliyyat bir daha olmayacaq. İnanmırsınızsa, Üzeyir Cəfərovdan (ehtiyatda olan polkovnik-leytenant - E.P.) soruşun. Düşmənin arxasına 30 km keçib əməliyyat aparmaq adi məsələ deyildi. Onda düşmən xeyli itki verdi. Elə mən artilleriya qurğusunun yanında 11 meyit saydım. 
Horadiz əməliyyatında mən tapşırıq əsasında 300 nəfəri düşmən arxasına keçirmişəm. Üstəlik də mənim özümün əlavə 50 nəfərlik qüvvəm var idi. Belə əməliyyatlarda hər addımı atmağın belə qaydası var, bunlar kəşfiyyatçıya dəqiqliyi ilə öyrədilməlidir. Ani bir səhv bütün əməliyyatı alt-üst edə bilər. Horadizi elə kəşfiyyatçılar geri qaytardı. Ən çox itkini də kəşfiyyatçılar verdi. Bir nəfər də Milli Qəhrəman adını aldı. Mən 4 nəfərə - ikisinə, Novruz və Razi Əliyevə ölümündən sonra - “İgidliyə görə” medal yazmışdım ki, təltif olunsun. Ancaq indiyə qədər o adı verməyiblər. Müdafiə Nazirliyinə yazıram, deyirlər bu müraciət bizə gəlib çatmayıb. Əliyev Razi Zeynalabdin oğlunun şəkli Binəqədidə, 7-ci mikrorayondakı kiçik parkda, şəhidlər bulağının üstünə vurulub. Mənim döyüşçüm olub. 1994-cü ilin 5 yanvarında Horadiz əməliyyatında yaralı halda düşmən əlinə düşməmək üçün özü-özünü öldürüb. Mən indiyədək ona yazdığım medalı ala bilmirəm. Ancaq arxa cəbhədə olan bəziləri “Azərbaycan bayrağı” alıb. Mənə də yazmışdılar. Ancaq cavab verdim ki, mən əməliyyatda tək olmamışam, bu döyüşçülərlə birgə olmuşam. Ona görə də həmin şəxslərin də təltif olunması üçün komandir olaraq təqdimat yazıram. Əgər siz onları təltif etmirsinizsə, mən öz əsgərlərimlə üz-üzə gələ, onların üzünə baxa bilmərəm. Əgər onlar almadığı halda mən o ordeni alsaydım, onların üzünə baxa bilməzdim, vicdanım ləkəli qalardı..."

***

“Atəşkəs sazişindən sonra məni Türkiyəyə təhsil almağa göndərdilər, gedib ”Komandos" məktəbində oxudum. Düşmən arxasında əməliyyatın keçirilməsi ixtisası üzrə sertifikat aldım. Qayıdandan sonra “N” saylı hərbi hissəyə kəşfiyyat rəisi vəzifəsinə təyin olundum. Daha sonra korpuslar yarandı və məni 2-ci korpusa əlahiddə bölüyün komandiri təyin etdilər, ordan da tərxis olundum. Əmrim 1998-ci ildə verilib... 
Ordudan tərxis olunsam da, mənim ürəyim ordumuzla birgə döyünür. Kəşfiyyatçılarımızın Ermənistan ərazisində və işğal altındakı ərazilərimizdə əməliyyat aparmasına çox təbii baxıram. Bizim Dağlıq Qarabağda diversiya hərəkətləri həyata keçirməyimiz üçün də kifayət qədər qüvvələrimiz var, bu, mümkündür. Hətta qüvvə olmasaydı belə, 3 aylıq hazırlıq bəsdir. Mənim sonuncu vəzifəm korpusun əlahiddə kəşfiyyat bölüyünün komandiri olub. Ağdamın Yusifcanlı kəndinə kimi mənim ərazim idi. Mənim işim düşmən arxasında əməliyyatları həyata keçirmək idi. Kəşfiyyat bu əməliyyatlardan biri, ən sadəsi, xırdasıdır. Diversiya törətmək, xüsusi əməliyyat həyata keçirmək kimi işlərin hamısı vacibdir, olmalıdır...
Kəşfiyyatçı marağı indi də məni tərk eləmir, imkan düşdükcə düşmən cəbhəsindən məlumatlar almağa çalışıram. Ermənilərin vəziyyəti bizdən yaxşı olmasa da, çox pis də deyil. Bəzi məsələlərdə biz, bəzilərində onlar güclüdür. Ancaq heç bir halda bunlar bizi torpaqlarımızın azad olunmasından çəkindirə bilməz".

Ağrılı sonluq...

“O vaxtlar Ağdamın Gülablı kəndində - gözəl sənətkarımız Səxavət Məmmədovun kəndidir - bizim gözəl turist bazamız var idi. Orda gözəl günlər keçirərdik. İndi orada ermənilər dincəlir. İşğalçılara məxsus Şuşa polkunun qərargahı həmin turist bazasında yerləşir...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR