İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tankı, topu düşmən üzərinə deyil, parlament üzərinə yeridənlərə xalqın heç bir etimadı ola bilməzdi” - Deputat

492 14.06.2023 14:45 Siyasət A A

Milli Məclisin xüsusi iclasında çıxış edən deputat Elşad Mirbəşir tarixi şəxsiyyət Heydər Əliyevin böyük xidmətlərindən danışdı.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bəşər tarixi boyunca oturuşmuş qanunauyğunluqların heç bir əlaməti görünmürdü:

“Bu qanunauyğunluq ondan ibarətdir ki, xarici təhdid və təhlükə xalqın, dövlətin, cəmiyyətin həyatında daxili həmrəyliyi və birliyi möhkəmləndirir. Bütün qüvvə düşmənlə mübarizə istiqamətində səfərbər edilir.  Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda isə bütün bunların əksi müşahidə olunurdu. Ermənistanın həyata keçirdiyi işğallar, soydaşlarımızın öz doğma torpaqlarından didərgin düşməsi ölkədaxili həmrəyliyin və birliyin möhkəmləndirilməsi üçün təsirli bir siqnal olmadı. Əksinə, Ermənistanın işğalçılıq siyasətinin uğurları AXC-Musavat cütlüyü tərəfindən hakimiyyət uğrunda mübarizədə alət kimi istifadə edilirdi. Tanklar, top-tüfəng işğalçı erməni hərbi birləşmələrinin üzərinə yeriməli olduğu halda, Milli Məclisin üzərinə yeridilirdi. Hərbiləşmiş siyasi birləşmələr hakimiyyət uğrunda qeyri-sivil mübarizə aparırdılar. Məşhur Çin mütəfəkkiri Sun Tszı özünün  “Müharibə sənəti” əsrində qeyd edir ki, müharibənin əsas güclərindən birini mənəviyyat qanunu təşkil edir.  Bu qanunun mahiyyəti ondan ibarətdir ki, müharibə vaxtı bütün qüvvələr düşmənə qarşı səfərbər olmalıdır, daxili çəkişmələrə son qoyulmalıdır”. 

Deputat qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda bunun da əksi müşahidə olunurdu. Ermənistan torpaqlarımızı işğal edirdi:

“Bakıda isə hakimiyyət uğrunda mübarizə, siyasi intriqalar səngimirdi. Həmin dövr haqqında bəzən eşidirik ki, xalqın AXC-Müsavat cütlüyünə xalqın etimad limiti tükənib. Bu fikrin doğru olmadığını düşünürük.  Çünki, tankı, topu düşmən üzərinə deyil, parlament üzərinə yeridənlərə xalqın heç bir etimadı ola bilməzdi. Yalnız Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi həmrəylik, birlik təmin edildi. Dövlət təhlükəsizliyinin, hərbi təhlükəsizliyin təmin olunmasının təsirli elementləri yaradıldı. Bunun ardınca milli iqtisadi sistemin formalaşdırılması prosesi başladıldı. Müdafiənin təşkili və həmin dövr üçün ən vacib məsələlərdən olan xarici təsir imkanlarının da yaradılması baxımından Milli Ordu quruculuğu həyati vacib əhəmiyyət kəsb etdirdi. Qısa zaman kəsiyində sonrakı mərhələdə diplomatiyamızın da keçərliliyini təmin edəcək güclü ordu quruculuğu həyata keçirildi. Həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlar işğalçı Ermənistanı 1994-cü ilin mayında  atəşkəs haqqında Bişkek protokoluna imza atmağa məcbur etdi.  Bu, sonrakı mərhələdə hərbi potensial əsas olmaqla, bütün istiqamətlərdə resursların yaradılmasını şərtləndirdi”.

E.Mirbəşirin sözlərinə görə, bütün bunlara istinad edərək, bu deyə bilərik ki, 2020-ci ilin payızında Vətən müharibəsində tarixi qələbəmizin ilkin elementləri hələ ulu öndərin rəhbərliyi dövründə yaradılmışdır:

“Beləliklə, 15 iyun tarixi dövlətçiliyimizin, müstəqilliyimizin və ümumiyyətlə xalqımızın gələcəyinin xilası tarixidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR