Bəs görəsən, cəmiyyətin tanınmış nümayəndələri final gecəsini izləyəcəklərmi? Müsabiqənin favoritləri sırasında onlar hansı ölkələri görürlər?

Azəri-Türk” Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı “Eurovision”u izləməyəcəyini deyib: “Mən izləmirəm. Keçən il izlədiyimdən belə qərara gəldim ki, bu müsabiqə əslində siyasi tədbirdir. Orda siyasi qərarlar verilir. Ona görə də bu il heç izləməyəcəm”.
Millət vəkili, “Müsavat” deputat qrupunun üzvü Nəsib Nəsibli müsabiqənin finalı ilə maraqlandığını bildirib: “Yəqin ki, izləyəcəm. Axşam iştirakçıları dinləmək imkanım olacaq. Əgər hansısa mənə təsir edən musiqi olmasa, yəqin ki, Türkiyənin nümayəndəsini dəstəkləyəcəm”.
“525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid müsabiqənin gedişatını izləməyə çalışacağını qeyd edib: “Azərbaycanın dostu hansıdırsa, o ölkəni də dəstəkləyəcəm”.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev birmənalı olaraq “Eurovision”a baxacaq: “ Şlyager manhı bizimkidir. Bu reallıqdır. Səs və ifadə baxımından yox, mahnı kimi Azərbaycanın mahnısı favoritdir”.
Klassik Xalq Cəhbəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu müsabiqəylə ümumiyyətlə maraqlanmadığını bildirdi.

Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc ötən il olduğu kimi, bu il də təmsilçimizin uğuruna inanır: “Son illər “Eurovision” müsabiqəsi hədsiz populyarlaşıb, kifayət qədər siyasiləşib. Ölkənin beynəlxalq nüfuzuna təsir etdiyindən onu sadəcə bir mədəniyyət hadisəsindən daha artıq dəyərləndirirəm. Axşam çox maraqla izləyəcəm”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər vaxt olduğu halda müsabiqəni izləyəcəyini deyib: “Çox ciddi ilgilənmirəm. Amma Türkiyənin “Manqa” qrupunun mahnısına qulaq asmışam. Ümid edirəm ki, müsabiqədə üstün yerlərdən birini tutacaq. Bu il bizim təmsil olunduğumuz mahnı yaxşıdır. Üstəlik, iqtidar böyük pullar sərf edib. Yaxşı səs və böyük pullar müəyyən uğura gətirə bilər. Bunun qətiyyən ziyanı yoxdur. Bu uğura sevinərəm”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə müsabiqəni mütləq izləyəcək: “Mən sadəcə baxıram. Konkret favoritlərim yoxdur. Azərbaycan və Türkiyəni dəstəkləyirəm. Başqa heç bir ölkə məni maraqlandırmır.






