Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur. Mart ayı bütünlüklə nayram ayıdır desək yanılmarıq. Bu ayın hər həftəsi çərşənbə günü xüsusi qaydada, milli adət ənənələrlə qeyd olunur. Bundan başqa Novruz bayramı da xüsusi təmtəraqla keçirilir.
Milli adətlərimiz arasında Novruz süfrəsinin özünəməxsus yeməkləri, şirniyyat və çərəzləri də əsas yer tutur. Bayram günü varlı-kasıb fərq etmədən, hər kəs süfrəsini bol tutmağa çalışır. Lakin bu cür yüksək kalorili yeməklərlə qidalanmaq sağlamlıqla bağlı problemlər də yaradır ki, bu sırada da əsas risk qrupu uşaqlardır.
Tanınmış pediatr Vaqif Qarayev su çərşənbəsi günü valideynlərə uşaqların qidalanmasına diqqət etməklə bağlı xəbərdarlıq edib.
O, bildirib ki, bayram süfrələrimiz ənənəvi, standart, allergik məhsullarla dolu olan süfrələrdir. Pediatr vurğulayıb ki, əgər uşağın müxtəlif qida məhsullarına - qoza, fındığa, bala, yumurtaya , sitrus meyvələrinə, balıq və ət məhsullarına və sairə allergiyası varsa, ehtiyatlı olmaq lazımdır: “Bizim "allergik" yeməklər- şəkərbura, paxlava, çərəzlər ,müxtəlif kulinariya məmulatları, aş, dolma və s. uşaqda müxtəlif xoşagəlməz hallar yaradacaq. Bunlardan birincisi dəridə yarana bilən qızartı, şişkinlik, qaşınma, səpkilər ola bilər. Bəzən övrə kimi çox ciddi xəstəlik meydana çıxa bilər.
İkincisi, mədə-bağırsaq sistemində problem yarana bilər. Bu cür qidalar ürəkbulanma, qusma, diareya, bəzən qanlı nəcis ifrazına belə səbəb ola bilər. Çox vaxt valideynlər bu halı zəhərlənmə kimi dəyərləndirirlər.
Üçüncüsü, uşaqların ürək-damar sistemində problem yaşana bilər. Bu isə baş ağrıları, başgicəllənmə, arterial təzyiqin düşməsi, bayılma, ağır hallarda şok yaşanması kimi fəsadlara gətirib çıxara bilər.
Dördüncüsü, bu allergiya tənəffüs sisteminə təsir edərək, burunun tutulması, davamlı asqırma, öskürək, ağır hallarda isə bronxospazm, astmatik tutmaların orta çıxmasına səbəb ola bilər. Əgər, adıçəkilən qida məhsullarına qarşı əvvəllər bu cür narahatlıqlar olubsa, onları süfrəyə qoymayın və uşağa verməyin. Əgər ilk dəfə belə halla rastlaşsanız dərhal həkimə müraciət edin”.
Nərgiz LİFTİYEVA,
Musavat.com






