İnsanlara hürriyət, millətlərə istiqlal!

TANINMIŞ HÜQUQŞÜNASDAN ATƏT-ə KƏSKİN İTTİHAMLAR

3026 16.11.2011 20:15 Müsahibə A A

- Media, QHT, digər vətəndaş cəmiyyəti qurumlarının, vəkillərin tədbirə dəvət edilməmələrinin səbəbi nə ilə bağlıdır?

- Bunun kökündə hökumətin islahatlar, dəyişikliklər, ədalətli cəmiyyət istəyən və bu istiqamətdə çalışan bütün qurumlara, kəslərə olduğu kimi, vətəndaş cəmiyyətinə pis münasibəti, beynəlxalq təşkilatların isə bu hökumətə üzgörənliyi dayanır. Müstəqil vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin bu cür tədbirlərə dəvət etməkdən hökuməti çəkindirən həm də arqument və ya daha dəqiq desəm, arqumentsizlik problemidir. Demokratiya, insan haqları, toplaşmaq, seçki, söz azadlığı, ədalət mühakiməsi və digər sahələrdə hökumət nümayəndələrinin vətəndaş cəmiyyəti ilə normal müzakirə apara bilmələri üçün onlar müstəqil olmalıdırlar, müzakirələrə açıq olmalıdırlar və ən əsası da həmin problemlərin həllini sözdə yox, həqiqətən də istəməlidirlər. Bunların heç biri indiki halda yoxdur. Onlar anlayırlar ki, haqsızdırlar. Amma vətəndaş cəmiyyəti təmsilçiləri olmayanda, beynəlxalq təşkilatların və özlərinin yaratdığı qurumların təmsilçilərinin əhatəsində hansı yalanı istəyirlər rahatlıqla söyləyə bilirlər. Bilirlər ki, etiraz edən olmayacaq. Arqument çatışmazlığı və ya yoxluğu şəraitində polemika aparmaq çətin məsələdir. Bu mənada, hansısa dozada hakimiyyət təmsilçilərinin vətəndaş cəmiyyəti ilə üz-üzə oturmaqdan çəkinməsi elementi var.

- Deyirsiniz, bizim hökumət kimdənsə çəkinir?

- Hökumətimiz 10-15 il bundan öncədən fərqli olaraq son günlərə qədər heç kimi saymırdı: nə Amerikanı, nə Avropanı, nə ATƏT-i, nə Avropa Şurasını, nə də regiona təzə qədəmlərini qoyan Avropa Birliyini. Bunlar o dövlətlərdir ki, Azərbaycandakı siyasətə (hətta istəsələr, hakimiyyətlə bağlı məsələlərə qədər) təsir edə bilərlər; bunlar o qurumlardır ki, Azərbaycan hökuməti onların qarşısında öhdəliklər götürüb.
Hakimiyyət çox güclü təsir rıçaqlarına malik güc sahibləri ilə hesablaşmadığı halda, onlarla heç bir mənada müqayisəyə gəlməyəcək dərəcədə zəif təsir imkanları olan vətəndaş cəmiyyəti ilə hesablaşmamağı üçün ciddi əsasları var idi. Hökumət öz vətəndaş cəmiyyətini qüvvə saymırdı, onunla bir stol arxasında oturub müzakirələr aparmağa, ona hesabat verməyə özünü borclu saymırdı. Vəziyyət dəyişməkdədir. İndi cəmiyyət əvvəlki cəmiyyət deyil. İnsan haqları və demokratiya ilə mübarizədə yetərincə çevik olan və arsenalı kifayət qədər zəngin olan hökumətimiz bəzi sahələrdə yaranan gərginliyi problemlərin beynəlxalq təşkilatlarla birgə müzakirəsinin imitasiyası yolu ilə yumşaltmağa çalışır.

- Hazırkı durumda beynəlxalq təşkilatların mövqeyi Sizi qane edir?

- Təəssüf ki, biz beynəlxalq təşkilatların, xarici ölkə liderlərinin, diplomatların Azərbaycanda demokratiya və insan haqlarının durumundan məmnunluğunu bəyan edən çıxışlarını az eşitməmişik. 2-3 il bundan öncə ölkədəki səfirliklərdən birinin rəhbəri insan hüquqları ilə bağlı beynəlxalq konfransda belə bir fikir söyləmişdi ki, vətəndaş cəmiyyəti qurumları Avropa Mehmanxanasında toplaşıb tədbir keçirə bilirlərsə, vəziyyət o qədər də ağır deyil.
Təbii ki, beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərini, səfirliklərin rəhbərlərinin, əməkdaşlarının davranışlarını şərtləndirən əsas amil həmin qurumların baş təşkilatlarının, hökumətlərinin siyasətidir. Amma adamlardan da az şey asılı deyil. Xeyli nümunələr gətirmək olar. Norveçin səfiri Steynar Gil çoxlarının xatirindədir. Elə ATƏT-dən Piter Burhard hara, ondan sonrakı səfirlər hara? Deyirlər ki, Burhardın işlədiyi dövrlə indiki dövr arasında yerlə göy qədər fərq var: indi beynəlxalq qurumlar daha böyük basqı altında işləyirlər. Bəlkə razılaşmaq da olar. Amma hətta bu dövrdə də həmin qurumda işləyənlər arasında hakimiyyətlə işbirliyinə girib, rahat həyat sürənlər də var, döyüşənlər, vətəndaş cəmiyyətinə dəstək olanlar. Lakin Karpenteri nümunə göstərə bilərəm. Bu xanımın parlament seçkilərində məntəqə-məntəqə gəzib seçki saxtakarlıqlarına qarşı etirazlarını, ATƏT-in missiyasının seçkilərin az qala ən demokratik şəraitdə keçirilməsi barədə bəyanatlarından necə hiddətləndiyini, bütün dünya münasibət bildirdiyi halda, ATƏT-in toplaşmaq azadlığını reallaşdıran insanları həbsxanaya atılmasını pisləyən bəyanat verməsi üçün yaxşı mənada necə dəridən-qabıqdan çıxdığının, bəyanat dərc olunanda uşaq kimi necə sevindiyinin şəxsən şahidi olmuşam. Təəssüf ki, tez tərk etdi ölkəni; böyük itki sayıram bu cür insanların getməsini, çünki belələrinin sayı o qədər də çox deyil beynəlxalq qurumlarda. Elə həmin qurumda başqa bir şöbəyə rəhbərlik edən bir xanım var ki, mediaya təzyiqlərdən, polisdə və həbsxanalarda işgəncələrdən, seçkilərdə saxtakarlıqdan danışdığına görə vətəndaş cəmiyyəti təmsilçilərini konfrontasiyada ittiham edir, Nigeriyanı və Afrikanın digər ölkələrini nümunə gətirib, “sizdə heç olmasa çoxlu sayda QHT-lər var, qəzetlər var, partiyalar var, onlarda bu da yoxdur” – deyə bizlərə təskinlik verir.
Yeri gəlmişkən, ATƏT-in ayrı-ayrı təmsilçilərinin və bütövlükdə qurumun hökumətlə sıcaq münasibətləri ona gətirib çıxarıb ki, bu qurumun ölkədə fəaliyyəti əsasən təlim və seminarlardan ibarət iş səviyyəsinə enib. Təbii ki, təlim və seminarlar da gərəklidir. Amma müstəqilliyi olmayan hakimə təlim keçməyin nə qədər mənasız olmasını Ali Məhkəmənin hakimi Vafəddin İbayevin timsalında görmək olar. Ölkə qanunvericiliyini, beynəlxalq hüququ, Avropa Məhkəməsinin presedentlərini ondan yaxşı bilən kimi tapmaq olar ki?! Toplaşmaq, birləşmək, mülkiyyət, işgəncəyə məruz qalmamaq hüququ ilə bağlı elə həmin ATƏT-in sifarişi ilə onun yazdığı çox gözəl kitablar var. Amma toplaşmaq, birləşmək, mülkiyyət hüququ pozulan, işgəncələrə məruz qalan insanların şikayətləri ilə bağlı çıxardığı qanunsuz qərarları əsaslandırmaq üçün həmin hakimin yazdıqlarını oxuyanda, adamın ayağının altından yer qaçır. ATƏT hökumətin təzyiqi altında öz prinsiplərindən geri çəkildikcə, müstəqil vətəndaş cəmiyyətini özündən uzaqlaşdırdıqca, nüfuzunu itirməyə başladı, kiçildi, sözünün kəsəri itdi. Başqa bir nümunə: məhkəmələrin monitorinqi üzrə bu qurumun hesabatları. ATƏT son illərdə davamsız olaraq ölkədə az-çox əhəmiyyətli bütün məhkəmə proseslərinin hamısının monitorinqini aparır. Yerli hüquqçulardan ibarət çox güclü bir komanda cəlb olunub bu layihə üzərində işə. Bu komandanın ağır zəhməti nəticəsində çox qiymətli hesabatlar hazırlanır. ATƏT onları dərc etmək, yerli ictimaiyyətin və beynəlxalq qurumların müzakirəsinə vermək, iqtidardan həmin hesabatlarda göstərilən pozuntuları aradan qaldırmağı tələb etmək əvəzinə, hər dəfə dərc etdirməzdən əvvəl onu razılaşdırmaq üçün hökumət qurumuna təqdim edir. Həmin qurum da aylarla, bəzən hətta illərlə çəkən danışıqlar dövründə hesabatlarda əhəmiyyətli nə varsa, hamısını qayçılayandan sonra çapına icazə verir. Nəticədə, siyasi baxışlarına görə təqib olunan, döyülən, söyülən, həbsxanalara atılan, mülkiyyəti əlindən alınan, ofisləri bağlanan, dağıdılan siyasi partiya, media, QHT təmsilçilərinə, gənc fəallara və s. qarşı ən minimum mühakimə standartlarına cavab verməyən proseslərdə hamının gördüyü, yazdığı, söylədiyi ciddi pozuntular ATƏT-in hökumətin razılaşdırdığı hesabatlarda hakimlərin mantiyasız proseslərə çıxması səviyyəsinə endiriləcək qədər kiçildilir, əhəmiyyətsizləşdirilir. Çəkilən zəhmətə, xərclənən pullara adamın sadəcə heyfi gəlir.

- Vəkilliyin hazırki duruma salınmasının arxasında hansı amillər dayanır?

- Hakimiyyət vəkilliyin güclü instituta çevrilməsində maraqlı deyil. Vəkillikdə baş verən proseslər, hüquqşünasların fəallığının artması vəkilliyi nəzarətdə saxlamaqda, onun zəif, gözüqıpıq, qeyri-demokratik olmasında maraqlı olan hakimiyyəti narahat edir. Hakimiyyət bu ölkədə məhkəmələr kimi vəkilliyin miskin və asılı vəziyyətdə qalmasında maraqlıdırlar. Çünki güclü və müstəqil vəkillik məhkəmə, hüquq-mühafizə orqanları sistemində özbaşınalığın, qanunsuzluğun və korrupsiyanın qarşısında ən böyük sədlərdən biridir. Məhkəmələrin əli ilə istənilən sifarişli hökm və qətnamələri çıxaran, məhkəmələrə, hüquq-mühafizə orqanlarına həm opponentləri zərərsizləşdirmə, cəzalandırma vasitəsi kimi, həm də varlanma mənbəyi kimi baxan adamlar güclü vəkilliyə buna mane ola biləcək qüvvə kimi baxırlar. Onlar tamamilə haqlı olaraq düşünürlər ki, güclü və müstəqil vəkillik olduqda insan hüquqlarının indiki kütləvi pozuntuları mümkün olmayacaq, məhkəmələrdə rüşvətxorluq və korrupsiya indiki səviyyədə olmayacaq, ölkədəki qanunsuzluq və özbaşınalıq indiki sərhədlərdə tüğyan etməyəcək. Hakimiyyətin bu missiyanı uğurla yerinə yetirən Vəkillər Kollegiyasının rəhbərliyinə himayəsinin və müstəqil vəkillərə qarşı basqıları gücləndirməsinin kökündə həm də bu dayanır.

- Keçirilən tədbirdən hansı gözləntiləriniz var?

- Tədbirdən yaxşı bir şey gözləmirəm. Hökumətin qorxusundan tədbirə müstəqil vətəndaş cəmiyyəti təmsilçilərini və ən önəmlisi, vəkillərlə bağlı məsələlər müzakirə olunduğu halda, onların özünü dəvət etməyə cəsarəti çatmayan ATƏT-in və onun Varşavadakı Bürosunun təmsilçilərinin vəkilliyin əsas problemlərini, o cümlədən son dövrlərdə vəkillərə getdikcə artan təzyiqlərlə bağlı məsələləri orada qaldıracağına inanmıram. Belə bir tədbirdə uzaqbaşı müzakirələr vəkilliklə bağlı otuzuncu dərəcəli əhəmiyyətli mövzular ətrafında ola bilər; məsələn, vəkillər üçün təlimlərin keçirilməsi və vəkillik məktəbinin yaradılması kimi. Yeri gəlmişkən, ATƏT-in qanunun aliliyi şöbəsinin rəhbərliyinin konfransqabağı məsləhətləşmələr adı altında QHT təmsilçiləri və vəkillərlə görüşündə məhz bu məsələlər müzakirəyə çıxarılmışdı. Bu cür şeyləri görəndə adam hiddətini mədəni dildə ifadə etmək istəsə, ən yumşaq ifadə yəqin ki bu olar: ayıbdır!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR