İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış hüquqşünas gəlir bəyannaməsi forması hazırladı – SƏNƏDİN FOTOLARI

1064 10.05.2023 14:35 Son xəbər A A

Tanınmış hüquqşünas Əkrəm Həsənov korrupsiya ilə mübarizə sahəsində atılması zəruri olan addımlardan biri olan gəlir bəyannaməsi formasını hazırlayıb və Nazirlər Kabinetinə yollayıb.

Ə.Həsənov “Yeni Müsavat”a deyib ki, 2 gün əvvəl Ədliyyə Nazirliyindən onunla əlaqə saxlayıb deyiiblər ki, müraciətinə münasibət bildirəcəklər: "Prezident 18 il əvvəl Nazirlər Kabinetinə bu sənədi 2 ay ərzində hazırlamağı tapşırmışdı. İcra olunmayıb. Halbuki, qoşulduğumuz Konvensiyanın və Qanunun tələbdir. Prezident sonradan 2 dəfə də hökumətə analoji tapşırıqlar verib”. 

Əkrəm Həsənov baş nazirə yolladığı məktubu və bəyannamə layihəsini də redaksiyamıza təqdim edib.
Həmin məktubu və bəyannamə formasını təqdim edirik:

"Hörmətli cənab baş nazir, 30 sentyabr 2005-ci il tarixli 1003-IIQ №-li Qanunla Azərbaycan Respublikası “Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyası”na qoşulub. Konvensiyanın 8-ci maddəsinin 5-ci bəndində deyilir “Hər bir iştirakçı Dövlət, lazım gəldikdə və öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, dövlət vəzifəli şəxslər qismində onların vəzifələrinə münasibətdə maraqlar toqquşması yarada bilən, digərləri ilə yanaşı həmçinin qulluqdan kənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya faydaları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışır”.

1 yanvar 2005-ci il tarixdən qüvvədə olan № 580-IIQ №-li “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 5-6-cı maddələrinə əsasən korrupsiyanın qarşısının alınması təbiri kimi vəzifəli şəxslər maliyyə xarakterli məlumatla təqdim etməlidirlər.

24 iyun 2005-ci il tarixli 945-IIQ №-li qanunla “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir. “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 278 №-li Fərmanının 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılıb ki, 2 (iki) ay müddətində həmin qaydaların 4.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etsin və bu barədə Prezidentə məlumat versin. Bu tapşırığın icrası barədə ictimaiyyətdə məlumat yoxdur.

Prezidentin 27 fevral 2020-ci il tarixli 1859 №-li Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nm 1.4-cü bəndində Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə tapşırılmışdır ki, 2020- 2022-ci illər ərzində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlər həyata keçirsinlər. Bu tapşırığın da icrası barədə ictimaiyyətdə məlumat yoxdur.

Nəhayət, Prezidentin 4 aprel 2022-ci il tarixli 3199 №-li Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılmışdır ki, 2022-2026-cı illər ərzində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili və qanunsuz varlanmaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər görsün. Ötən bir il ərzində bu tapşırığın da icrası barədə cəmiyyətdə məlumat yoxdur.

Qısası, vəzifəli şəxslər 18 ildir ki, qanunun tələbinə baxmayaraq, maliyyə xarakterli məlumatları bəyan etmirlər. Bu da ölkədə korrupsiyanın çiçəklənməsinə yol açır. Korrupsiya ilə mübarizə ilk növbədə idarəçiliyin qüsurlarının aradan qaldırılmasıdır. Xalqın xidmətçisi olan məmurların nə maaşı, nə də ümumən gəlir və xərcləri xalqa məlum deyilsə, korrupsiya ilə mübarizə yalnız deklarativ xarakter daşıyacaq. Bu əsnada ictimai nəzarətin gücləndirilməsi barədə möhtərəm Cənab Prezidentin dəfələrlə səsləndirdiyi çağırışlar da icrasız qalacaq.

Səbəb də budur ki, Nazirlər Kabineti indiyədək məmurların maliyyə xarakterli məlumatları üzrə bəyannamə formasını və onun təqdim edilməsi qaydalarını müəyyən etməyib.

Buna görə də hazırladığım bəyannamə forması layihəsini (qərarla birgə) tezliklə təsdiq edilməsi məqsədi ilə Sizə təqdim edirəm. O cümlədən onun təqdim edilməsi qaydalarının hazırlanmasında və müzakirəsində də ictimai əsaslarla iştirak etməyə hazıram. Əslində, qaydaları da təkbaşına hazırlaya bilərəm. Prinsip etibarilə yuxarıda göstərdiyim qanunlarda bütün lazımi informasiya mövcuddur: təqdim ediləcəyi qurumların adı, müddətlər və s. Məlum olmayan yalnız bəyannamənin elektron formada təqdim edilməsi ilə bağlı texniki məqamlardır. Onlar barədə məlumat mənə təqdim edildiyi halda qaydalar layihəsini də 5 (beş) gün ərzində hazırlayıb təqdim edə bilərəm.

Ümid edirəm ki, tezliklə Nazirlər Kabineti Prezidentin tapşırığını icra edərək bu sənədləri təsdiq edəcək. Bununla həm beynəlxalq öhdəliyimizi yerinə yetirəcəyik, həm də korrupsiyaya qarşı əsaslı mübarizəyə başlayacağıq. Əks halda, cəmiyyətdə belə fikir formalaşacaq ki, Nazirlər Kabineti bu mübarizəni aparmaqda maraqlı deyil. Qabaqcadan Sizə dərin təşəkkürümü bildirirəm”.

Hazırda baş prokuror olan Kamran Əliyev 2015-ci ildə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi olarkən açıqlamışdı ki, Azərbaycanda son 10 ildə korrupsiya cinayətləri nəticəsində dövlətə 200 milyon manatdan artıq ziyan vurulub.

Hələ o zaman baş prokuror demişdi ki, Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsinin tətbiqi ilə bağlı nümunələrin hazırlanması istiqamətində təkmilləşdirmə işləri aparılır: “Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsinin tətbiqi mütləq icra ediləcək. Çalışırıq ki, bunun ən optimal formasını seçək. Hazırda bu sahədə bir neçə ölkənin təcrübəsini öyrənirik. Bəzi ölkələrdə bu sənədin tətbiqi öz səmərəsini vermədi. Biz də çalışırıq ki, bu sənədin tətbiqi ən səmərəli şəkildə tətbiq edilsin. Azərbaycanın hüquq sisteminə ən uyğun format öyrənilib tətbiq ediləcək”.

Əkrəm Həsənovun 2023-cü ilin aprelində hazırladığı və Azərbaycan hökümətinə yolladığı bəyannamə formasını təqdim edirik.

Elşən Məmmədəliyev,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR