Xaricdə təhsil alan tələbələrinin Bakı Dövlət Universitetinə qəbul olunmasına köməklik etmək adı ilə dələduzluqda ittiham olunan şəxslər hakim qarşısına çıxarılır.
Musavat.com xəbər verir ki, onlar Tamella Çələbiyeva, Ulduza Səfərzadə və Zaur Hümbətovdur. İstintaq davam edən ərəfədə Zaur Hümbətov dünyasını dəyişib.
Hazırda Tamella Çələbiyeva və Ulduza Səfərzadə barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə araşdırılır.
Tamella Çələbiyeva Bakı Dövlət Universitetinin hüquqşünasdır.
Sonuncu məhkəmə prosesində şahid qismində Emin Qasımov ifadə verib. Onun atası Elçin Qasımov da bu iş üzrə şahiddir.
Məlum olub ki, Emin Qasımov da Ukraynada ali məktəbdə təhsil alan zaman Bakı Dövlət Universitetinə köçürülməsi üçün müraciət edənlərdən biridir.
E.Qasımov ifadəsində deyib: "Tamella xanım dostumun anasıdır. Ukraynada oxuyanda restoranda Zaur Hümbətov adlı bir nəfərlə tanış oldum. Məni Bakı Dövlət Universitetinə qəbul etdirəcəklərini dedilər. Bakıya qayıdanda 3 min dollar verdim. Dedi ki, 2 min dolları sənəd üçün, min dolları da ödəniş kimi alınır".
Emin Qasımov Ukrayna universittindən BDU-ya köçürüldüyünü deyib.
Məlum olub ki, Elçin Qasımov bu iş üzrə ifadə verən zaman əvvəlcə Qurban adlı şəxsin adını çəkib. O, bunu belə izah edib:
"Zaurla tanışlığımız da var idi. İstəmirdim ki, ona problem yaransın. Ona görə də birinci Qurban adlı şəxsin adını çəkdim. Bununla da mənim işimlə bağlı məsələ bağlanmalı idi. Bu hadisə 2016-cı ildə baş vermişdi. Amma ikinci dəfə bu işlər açıldı. Mən də istintaqda bütün həqiqətləri danışdım. Zaur Hümbətova görə hər gün korrupsiya idarəsinə gedib-gələsi deyildim. Hər dəfə çağırırdılar, 8-9 saat gözləyirdim. İşim-gücüm, həyatım alt-üst olmuşdu. Mən də həqiqətləri danışdım. Mən Korrupsiyaya qarşı Mübarizə İdarəsindən qorxuram. Düşünürəm ki, buradan çıxanda yenə çağıracaqlar".
Emin Qasımov heç kimdən şikayətinin olmadığını, bu işin tezliklə bağlanmasını istədiyini deyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Zaur Hümbətov vəfat edib.
Məhkəmə araşdırması davam edir.
İlkin Muradov,
Musavat.com






