Hər kəs onu tanınmış aparıcı Turan İbrahimovun həyat yoldaşı kimi tanıyır. Əsl ixtisası isə rəssamlıq olan Nərmin İbrahimova 14 fevralda “Məni anla” adlı ilk sərgisi ilə özünü rəssam kimi cəmiyyətə təqdim edib.
Musavat.com-un əməkdaşı onun rəssamlıq fəaliyyəti və əl işləri ilə yaxından tanış olmaq üçün emalatxanasında olub, Nərmin İbrahimova söhbətə rəssamlığa marağından danışaraq başlayıb:
-Əsl ixtisasım rəssamlıqdır, özüm də rəssam ailəsində böyümüşəm. Rənglər mənim üçün hər şeydir. Sadəcə olaraq müəyyən səbəblərdən vizajistliyə yönəldim, bu sahədə uğur qazandım. Fevralın 14-ü qadınlara həsr olunmuş “Məni anla” adlı ilk sərgim keçirildi. Orada qadınların mənə olan sevgisinin şahidi oldum. Gördüm ki, 15 illik fəaliyyətim boşuna keçməyib. Qadınlar məni sevir və arxamdadırlar. Vizajist kimi çalışaraq, rəsmi də inkişaf etdirirdim. Fikirli, stressli olanda, problem yaşayanda hisslərimi kətan üzərinə boşaldırdım, bununla rahatlıq tapırdım. Uzun müddətdir ki, rəssamlıq fəaliyyətimi üzə çıxarmaq istəyirdim, lakin daha böyük işlərimin olmasını gözləyirdim. Özümü tam peşəkar rəssam kimi görmürəm, lakin həyat yoldaşımla, ailəmlə məsləhətləşərək sərgimi keçirdim.
- İlk sərginiz qadınlara həsr olunub. Növbəti sərgilərinizin mövzusu nə olacaq? Yaxın zamanda yeni sərginizin keçirilməsi gözlənilirmi?
- İlk sərgim Azərbaycanda oldu, növbətini xarici ölkələrin birində keçirməyi planlayıram. Yeni ideyalarım var, ilk sərgim fəlsəfi məna daşıyırdı, növbəti işlərim tam fərqli olacaq. İş xətrinə iş görmək istəmirəm. Sevgi, enerji ilə yeni rəsmlər çəkmək istəyirəm. Bir rəsmin qarşısında bir müddət durub ona baxanda enerjini, sevgini hiss edirsən. Baxıb keçilən rəsmlər sevgisiz çəkilənlərdir. Yeni sərgi üçün mənə xeyli vaxt lazımdır. Bir rəsmin üzərində bəzən 18 saat dayanmadan işləyirəm. Rəsm əziyyətdir, göz nurudur, enerji gedir. Sonda istənilən nəticə alınanda insan xoşbəxt olur. Növbəti sərgilərimdə daha keyfiyyətli işlər təqdim edəcəyəm.
- Özünüzü inkişaf etdirmək üçün nələr edirsiniz?
- Hər bir işdə özünü inkişaf etdirmək vacibdir. Mən də oxuyuram, rəssamlardan dərs alıram, öyrənirəm. Dünən çəkdiyimi bu gün başqa cür çəkirəm. Yeni texnikalar, üslublar meydana çıxıb. Çox gözəl müəllimlə tanış oldum, Əbülfəz Səmədov mənə çox gözəl sirlər açdı. Mən 10 ildən sonra da öyrənəcəyəm.
- İtalyan rəssam Modilyani deyib ki, rəssamlar Tanrıya bənzəyir, ancaq çəkdiklərinə can verə bilmir. Onun fikirləri ilə razısınızmı?
- Ən gözəl rəssam Allahdır. Allah rəssamları seçib, onlara xüsusi naxış verib. Hər insan rəssam ola bilməz. Mən nə isə yaratmıram, sadəcə çəkirəm. Mən istəyirəm ki, çəkdiklərim danışsın, insanların ruhunu oxşasın.
- Deyirlər ki, rəsmlərin dili var. Sizin əl işləriniz onu izləyənlərə nə deyir?
- Mənim işlərimin çoxu qadınlardır. Mən 15 ildir ki, qadınlarla çalışıram. Onlarla o qədər təmasda oldum, psixologiyalarını öyrəndim ki, qadınlara aid sərgi keçirməyə qərar verdim. Mənim rəsmlərimdə yaralanmış qəlbi qırılmış, qadınların içində yaşadıqları göstərilib. Qadını ancaq qadın duya bilər. Vizaj sənəti mənim rəssamlığıma böyük təsir göstərdi.
- Qadın rəsmlərinin içində ətrafınızda olan qadınların hansındansa təsirlənib çəkdiyiniz rəsm varmı?
- Hansısa qadına özəl olaraq rəsm həsr etməmişəm. Sadəcə kiminsə danışdıqları şüur altımda qalıb. Şüur altımda qalanlar məni bəzən narahat edir. Mən də onu kətan üzərinə köçürürəm.
- Üzərində ən çox işlədiyiniz rəsm əsəri hansıdır?
- O əsər sərgidə satıldı, adı “Məni anla” idi. Xanımların simasını işləmişdim, onların hisslərini, duyğularını göstərmişdim.
- Xarici ölkələrdə rəsmlər yüksək məbləğə satılır. Bizdəki satış qiymətləri sizi qane edirmi?
- Hər bir əsər mənim körpəmdir, heç bir ana körpəsini satmaq istəməz. Hər kəsin işi onun üçün qiymətsizdir. Mən rəsm çəkəndə işimlə danışıram, onun mənə nə demək istədiyini dinləyirəm. Bu proses mənə doğmadır. Məndən olsa, işlərimə çox yüksək qiymət qoyardım, çünki kətan, boyalar çox bahadır. Həyat yoldaşım münasib qiymət seçdi, o qiymətə satdıq. Amma satdığım qiymət əziyyətimə dəymir.
- Azərbaycanda rəsmə maraq varmı?
- Bizdə incəsənətə böyük maraq yoxdur. Biz uşaq olanda rəsmə maraq vardı, əsərlər yüksək məbləğə satılırdı. Bir müddət isə rəsm maraqsız oldu. Atam deyirdi ki, rəssamlığı seçmə, sənə ağır olacaq, əməyinin qarşılığını almayacaqsan. Amma atamla razılaşmadım. Dedim ki, bunu bacaracağam, əməyimin qarşılığını da qazanacağam. Vizajdan qazandığımı rəsmə xərcləyirəm. İndi gənc nəsil rəsmə maraq salıb. İnanıram ki, xarici ölkələrdəki kimi bizdə də rəsmə, rəssama qiymət veriləcək. Mən rəssamlara o qədər hörmət edirəm ki... Bizim çox istedadlı rəssamlarımız var, onlar sönüblər, maddiyyata görə sevimli peşələri ilə məşğul ola bilmirlər. Bu üzücü haldır. Hazırda barmaqla sayılacaq qədər məşhur rəssam var, onlar da pullarının hesabına tanınırlar, sərgilər keçirə bilirlər. Kənarda qalan bacarıqlı rəssamlar isə onların qüsurlu işlərinə baxa-baxa qalırlar.
- Sosial şəbəkələrdə rəssamlar var ki, məşhur simaların portretlərini çəkərək, özlərini tanıdırlar. Buna münasibətiniz necədir?
- Üzr istəyirəm, mən onlara rəssam deyə bilmirəm. Fotoya baxıb şəkil çəkmək rəssamlıq deyil. Onlar iç dünyanı göstərmir, sadəcə, fotoya baxaraq kopyalayır, pul xətrinə portret çəkirlər.
- Bir az da vizajistlik fəaliyyətinizdən danışaq. Bəzəmək istədiyiniz hər hansı məşhur varmı?
- Fanat sözü mənə yaddır. Kimin üçünsə ürəyim getmir. Bəyəndiyim, dinlədiyim aktrisalar, müğənnilər var. Amma kimisə bəzəmək üçün ürəyim getmir. Ola bilər ki, təklif gələr, hər hansı çoix məşhur simanı bəzəyərəm. Amma heç kimə yaxın olmağa can atmıram.
- Sizi həm də aparıcı Turan İbrahimovun həyat yoldaşı kimi tanıyır oxucular. Adətən deyirlər ki, iki tanınmış simanın evliliyi çətin olur.
- Evliliyimiz çox yaxşı gedir. Həyat yoldaşım daima mənə dəstək olur. Biz ATV-də tanış olmuşuq. Əvvəl dost idik, ağlımızdan heç vaxt evlənmək keçmirdi. Sonradan bir-birimizi başa düşdüyümüzü, sevdiyimizi anladıq. Azərbaycanlı kişilər adətən düşünür ki, qadın ailə qurub evdə oturmalı, uşağa baxmalıdır. Turan məni sənətimlə tanıdı, daim dəstəklədi. Onun dəstəyi mənə stimul verdi, özümü inkişaf etdirdim. O mənə desəydi ki, evdə otur, çalışma, Turandan uzaqlaşardım. Demirəm ki, mən karyera qadınıyam. Evdə köməkçim yoxdur, hər işi özüm görürəm. Düzdür, qayınanamın köməkliyi ilə övladıma baxıram, o mənə uşaq böyütməkdə kömək edir. Mən uşağımı bitki kimi böyüməyini istəmirəm, onun örnək olmasını istəyirəm. Oğlumun savadlı, tərbiyəli olması üçün çalışıram.
- Tanınmış insanların pərəstişkarları da çox olur. Bu hal münasdibətlərinizdə problem yaratmır?
- Əvvəl çox qısqanc idim, indi qısqanc deyiləm. Qısqanclıq insanı yorur. Ona görə yavaş-yavaş tərgitdim. Hər qadın qısqanılmağı sevir. İkimizdə də qısqanclıq normasındadır.
- Qadınların iç dünyasını kətan üzərinə köçürən xanımın iç dünyası necədir?
- Emosional insanam, kinli deyiləm, hər şeyi tez unuduram. Yadların dediyi sözlər məni yandırmaz, amma doğmalarımın hər hansı hərəkəti məni incidər. Bəzən sosial şəbəkədə mənə, ailəmə xoşagəlməz sözlər yazırlar, onlara fikir vermirəm. Yaxınlarımdan tez inciyirəm. Emosional olanda qışqırıram, hündürdən danışıram. Sonra peşman oluram, qaçıb həmin insanla barışıram. İndi isə özümü tərbiyələndirməyə başlamışam, çünki kimisə küsdürəndə əziyyət mənə qalır. Ona görə də əsəbləşəndə sakit qalmağa çalışıram.
- Nərmin İbrahimovanın sevmədiyi xüsusiyyəti hansıdır?
- Emosional olmağımı sevmirəm. Bundan başqa çox tələskənəm, bir işi görəndə o qədər məsuliyyətlə yanaşıram ki, tələsməyə başlayıram. Müştərim saat 9-a yazılanda 8-in yarısı işdə oluram.
- Müsahibələrinizin birində demişdiniz ki, şkafın qapılarını bağlamırsınız, bu da həyat yoldaşınızı əsəbləşdirir.
- Düzdür, o vərdişimi də düzəltməyə çalışıram. Evdə həmişə hər işi anam görürdü. İşdən gəlirdim, yeməyimi gətirirdi, paltarlarımı hazırlayırdı. Öyrəşmişdim ki, tökdüyümü anam yığacaq. Evlənəndə elə olmadı. İndi də qapıları açıq qoyanda Turan bağlayır.
Könül İbrahim
Fotolar və video: Elçin Əkbərov
Musavat.com






