Tanımadığımız C.Cabbarlı haqqında oxuculara ilk geniş məlumatı çatdıran böyük şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə nəşr etdiyi jurnallar, qəzetlər və kitablardır.
Mühacirət mətbuatımızın çox dəyərli nümunəsi olan Almaniyanın Berlin şəhərində yayımlanan “Qurtuluş” jurnalının 1935-ci il tarixli 4-cü sayında Mirzə Bala Məmmədzadənin çox dəyərli bir yazısı çap etdirilib: “Cəfər Cabbarlı (diriliyi, yaratdıqları və vaxtsız ölümü)". Yazının başlığının altından isə onun ”Aydın" əsərində maraqlı bir fikir iqtibas edilib: “Mən istərəm ki, insan azad, fikir azad, millət azad, hər şey azad olsun!”
M.B.Məmmədzadənin məqaləsi bu sözlərlə başlayır: “Qara, çox qara bir xəbər... Hürriyyət düşkünü, Milliyyət vurğunu, İstiqlal aşiqi gənc bir sənətkar çox sevdiyi yurdunun qurtuluşunu görmədən gözlərini qapadı... O, yalnız Azərbaycanda deyil, bütün Qafqazda, Türküstanda, İdıl-Ural ölkəsində, Krımda tanınmış qüvvətli mühacir, dramaturq, şair, ədib və rejissor idi. Onun pyesləri türkməncə, özbəkcə, tatarca kimi türk şivələrindən başqa, gürcü, erməni və rus dillərinə də çevrilib və bu gün belə təmsil edilməkdədir”.
C.Cabbarlının ölümü münasibəti ilə olan çıxışlarda və yazılan məqalələrdə mütləq olaraq bir məqam vurğulanırdı: “Cəfər ilk öncə Müsavat ideolojisinə qapılsa da, panislamist və pantürkist ikən, sonradan yanıldığını bilərək, qəti surətdə və bütün enerjisini sosializm quruluşuna həsr etmişdir”.
Əslində bu iddia həqiqətdən uzaq idi. Çünki böyük dramaturq heç bir zaman sovet ideologiyasını qəbul etmədi və sonadək bütün əsərlərində istismarçı bir rejimə qarşı etiraz səsini ucaltdı.
C.Cabbarlının ölümü günlərində azərbaycanlı bolşeviklər (xüsusən Xalq Komissarları Sovetinin sədri Rəhmanov və Yazıçılar Birliyinin sədri K.Ələkbərli) bu fikri xüsusi vurğuladılar: “Cəfər Aprel inqilabından sonra Müsavat Partiyasının əməkçi sinfinə düşmən olduğuna, əməkçiləri səadətə yalnız bolşeviklərin götürə biləcəyinə qane olmuşdu”.
Bolşeviklərin bu fikirləri də özünü doğrultmurdu. C.Cabbarlı 1919-cu ildən Müsavat Partiyasının Bakı Komitəsinin üzvü idi. Aprel “inqilabından” sonra, 1923-cü ildə, yazda məhz həmin təşkilatın gizli ilk üzvü sifəti ilə Mir Cəfər Bağırovun başçılıq etdiyi “ÇEKA”da dizə qədər su dolu qaranlıq zirzəmidə saxlanılmışdı.
Tanınmış, istiqlalçı Əbdül Vahab Yurdsevər isə özünün Məşhur “Azərbaycan İstiqlal Savaşından səhnələr” əsərində C.Cabbarlının Azərbaycan işğalının ilk günlərindən fəaliyyətə keçdiyini, istila rejiminə qarşı mübarizəyə başladığını yazırdı: “Partiya mərkəzi qurulduqdan sonra vəzifə bölgüsünə başlanması və komissarların təşkilinə keçilmişdi. Emin bəyin də (M.Ə.Rəsulzadənin - N.Y) razılığı ilə gizli təşkilatın başına M.B.Məmmədzadə gətirilmişdi. Müavini sifəti ilə Bakı Komitəsinin təşkili mənə tapşırılmışdı. Ümumi Mərkəzin Baş Katibliyinə isə Cəfər Cabbarlı seçilmişdi”.
Qeyd edildiyi kimi, C.Cabbarlı sovet rejiminə qarşı mücadilədə gizli təşkilatın adi üzvü yox, həm də baş katibi idi. Və bu məsul işə gətirilməsini M.Ə.Rəsulzadə lazım bilmişdi. Əlavə edək ki, C.Cabbarlının şəhər kənarındakı evi (indiki ev muzeyi) həm də “Gizli təşkilatın” toplantılar keçirdiyi müvəqqəti sığınacaq idi.
M.B.Məmmədzadə yaxın dostu C.Cabbarlının siyasi fəaliyyətə başlaması ilə də bağlı məlumatlar verir. Göstərir ki, C.Cabbarlının bu sahədəki çalışmaları 1915-ci ildən - Bakı Politexnik Məktəbində oxuduğu dövrdən başlayır. M.B.Məmmədzadə yazır: “Gənclər arasında isə vəziyyət belə idi: Hər orta-lisey dərəcəli məktəbdə bir tələbə cəmiyyəti vardı. Bu cəmiyyətin nümayəndələrindən ibarət bir də gizli məktəbdəki təşkilatın adı ”İrşad" idi və özümüzə məxsus “Arzu” adlı əl ilə yazılı, rəsimli bir də məcmuəmiz vardı. Cəfər bu təşkilatın ən fəal üzvlərindən biri idi. Zatən o zaman Bakı məktəbləri arasında ən fəal və inqilabçı olanlar “bizim məktəblə Bakı oğlan liseyi (real məktəb) və qız gimnaziyası idi”.
1917-ci ilin mayında Bakıda çağrıların ümumi Qafqaz Lisey Tələbələri Qurultayının çağrılmasında olan əsas təşəbbüskarlığı C.Cabbarlının da üzvü olduğu “İrşad” və digərləri göstərmişdi. Qurultayda fəallıq göstərən C.Cabbarlı Milliyyət, Hüriyyət, İstiqlal uğrunda aparılan mübarizədə Azərbaycan Mərkəzi Şurasının əmrinə tabe olacaqlarını bildirmişdi. Həmin ili o, Müsavat Partiyasının da sıralarına daxil olmuşdu. Gənc Cəfər dostları ilə kəndlərə gedir, fəhlələr arasında olur, çıxışlar edir, onları Milli Məfkurə ətrafında birləşməyə, siyasi savaşlara və inqilablara hazır olmağa çağırırdı.
Birinci Dünya Müharibəsi illərində Azərbaycandan əksəriyyət əhali çar Rusiyasının məğlub olmasını istəyirdi. Bütün maraq Osmanlı Türkiyəsinin qələbəsinə yönəlmişdi. Belə bir zamanda Bakı yaxınlığındakı Nargin adasına türk hərbi əsirləri gətirilmişdi. Rusların işğal etdikləri ərazilərdə yerli əhalinin qətlə yetirilməsi Azərbaycanda ciddi narazılıqla qarşılanırdı. Bu məqsədlə gizli olaraq Anadolu türklərini qurtarma və qaçırma təşkilatları yaradılırdı. Belə təşkilatlarda fəallıq göstərənlərdən biri də C.Cabbarlı idi. Elə bu çalışmalarının mövzusu olaraq o, iki pyes yazırdı: 1) “Trabliz Ulduzu”, 2) “Ədirnənin fəthi”
C.Cabbarlı Anadolu türklərinə yardım məqsədilə nəşr edilən “Qardaş Köməyi” məcmuəsində də bu mövzuda təsirli şeirlər yazmışdı. Onun Türkiyəyə, türk dünyasına böyük sevgisi və bağlılığı vardı.
1918-ci ildə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra C.Cabbarlı böyük fədəkarlıqla bu dövlətin xidmətində dayanır. Həmin il dekabrın 7-dən fəaliyyətə başlayan Azərbaycan parlamentində o, stenoqraf olaraq 1920-ci ilin 27 aprelinə qədər çalışdı. 1919-cu ildə C.Cabbarlının 15 sentyabr Bakının qurtuluşuna həsr edilmiş “Bakı Müharibəsi” pyesi tamaşaya qoyuldu. Böyük aktyor və rejissor Abbas Mirzə Şərifzadənin tamaşaya qoyduğu bu əsər böyük maraqla izlənildi və dəfələrlə oynanıldı. Bu dövrdə C.Cabbarlı siyasi ruhlu, vətən duyğulu, türk sevgili şeirləri ilə müstəqil cümhuriyyətimizi qorumağa, onun əsgəri olaraq xidmətində dayanmağa çağırırdı:
Türk sağ ikən yurduna əl vurulmaz,
Ölsə də zəncir daşılmaz kül olmaz...
Qurban ollam vətənə,
Onu candan sevərəm.
Başqa bir şeirində isə yazırdı.
Od yurdunun hüdudların düşmanlardan sarsılmadan qoruyur,
Aslan kimi ölüyor
Azərbaycan əsgəri.
C.Cabbarlı siyasi fəaliyyətindən qalmırdı. 1919-cu ilin dekabrında M.Ə.Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyasının II qurultayında iştirak etdi. O, qurultayda müzakirə edilən aqrar məsələdə kəndlilərə torpaq verilməsi ilə bağlı, bu sahədəki islahatçılıq hərəkatının önündə gedirdi. Qurultaydakı çıxışında isə bu sözləri demişdi: “Azad vətəndə hər kəs azad, hər kəs məsud olmalıdır. Böyük Milliyyət ideyasınını təhəqqüq etdirəcək idealist zümrə ayağı çarıqlı kəndliyə söykənəcəkdir”.
1920-ci ilin 27 aprel işğalından sonra da C.Cabbarlı yuxarıda qeyd etdiyimiz kimi fəaliyyətindən qalmırdı. Onun gizli olaraq sovet hökumətinin əleyhinə nəşr edilən “İstiqlal” qəzetindəki fəaliyyəti buna bir sübutdur. Onun bu dövrdəki siyasi, ədəbi, mətbu fəaliyyətində bir müqəddəs mücadilə şüarı vardı: “Hürriyyət, Milliyyət, İstiqlal”.
1923-cü ilin ağır həbsxana şəraiti də onu öz prinsiplərindən uzaqlaşdıra bilmədi.
Gizli siyasi fəaliyyətində o, müqavimət təşkilatının tapşırığı ilə xalq arasında yayılan bəyannamələrin mətnini yazırdı. Hər il 27 Aprel - Azərbaycanın işğalı günündə yayılan bəyannamələrdən birinə diqqət edək. C.Cabbarlı bu bəyannamələrdə xalqın əsl etiraz səsini ucaldır: “Vətəndaşlar! Millətdaşlar! Bu gün 27 Apreldən üç il keçir. Üç il bundan əvvəl rus ordusu ”İnqilab" və “Kommunizm” şüarları ilə vətənimizə soxuldu. Qəsbkarlar yerli Azərbaycan türklərindən əldə etdikləri casusların yardımı ilə məmləkətə girdilər. Bu gün hər kəsə aydın və açıqdır ki, 27 Aprel faciəsi kommunistlərin hər yerdə bağırdıqları kimi Azərbaycan kəndli və fəhlələrinin inqilabı deyil, sadəcə, rus ordusunun vəhşicə bir istilasıdır...
Bilirsinizmi 27 Aprel faciəsindən sonra nə qədər oxumuşlarımız, çalışanlarımız, gənclərimiz, subay və əsgərlərimiz, kəndli və fəhlələrimiz Xəzər dalğalarına qurban olublar... 27 Apreldən sonra edamlar, həbslər son günlərə qədər davam edir. Qurbanlar isə eyni vətənsevərlərdir.
Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında fərq yalnız bundadır ki, o zaman cahangirlik siyasəti başçısının adı Nikolay, indiki cahangirlik siyasəti başçısının adı isə Lenindir. O zamankı zəncirlərin rəngi qara, indiki zəncirlərin rəngi isə qırmızıdır.
Ey Türk xalqı, səni hürriyyətə qovuşduracaq və bəxtiyar yaşadacaq qanlı mücadiləyə bütün qüvvətinlə hazırlan. Səni bu mücadilə qurtaracaqdır. Azərbaycan istiqlalını bir dəfə qurdun, ikincidə də qurmaq bacarığına sahibsən. Düşmənini tanı, milli intibahını yüksəlt, haqq səninlədir!
Yaşasın Azərbaycanın istiqlalı!
Yaşasın üçrəngli bayrağımız!
Məhv olsun rus cahangirliyi!"
Bolşeviklər isə bu bəyannamənin, çağırışların müəllifi olan, itirilmiş azad vətənini yenidən istiqlala qovuşdurmaq istəyən C.Cabbarlının əsərlərini belə xarakterizə edirdilər: “1.Kütləvi hərəkt yerinə fərdi qəhrəmanlıqlar vardır; 2. Fəhlə hərəkatı, proletar inqilabı adına heç bir şey təsvir edilmir. 3. Bolşevik Partiyasının rolundan və fəhlə hərəkatını idarə və sövq etməsindən heç bir iz yoxdur”.
C.Cabbarlı isə özünə əbədi mübarizə şüarı seçdiyi “Hürriyyət, Milliyyət, İstiqlal” fikrinin təsiri altında ədəbi əsərlərini də yazıb ortaya qoyurdu. Onun məşhur “Od gəlini” əsərində Azərbaycanın “ərəblər” tərəfindən işğalı və bu istilaya qarşı Elxan adlı bir qəhrəmanın mübarizəsi, üsyanı təsvir edilir. Bu əsərdə “ərəb” kəlməsi yerinə “rus”, “islam”ın əvəzinə isə “bolşevizm” qoyularsa, heç nə dəyişmir. Məna, fikir öz yerində qalır. Bəlkə elə buna görə tanınmış aktyor Ülvi Rəcəb C.Cabbarlının məzarı başında bu məşhur monoloqu söyləmişdir: “Bütün yerlər, göylər, bütün kainat deyir - la ilahə illəllah! Yalnız mən demirəm: la ilahə illəllah!”.
“1905-ci ildə” pyesində isə C.Cabbarlı bütün varlığı ilə bağlandığı Azərbaycan Xalq Cümhuriyyətini, cəmi 23 ay yaşamış gənc Cümhuriyyəti xatırlayaraq gizlincə deyirdi:
Azad bir quşdum.
Yuvamdan uçdum.
Bir bağa düşdüm,
Bu gənc yaşımda.
Yaxud 1918-ci ilin 31 mart qurbanları uyuyan “Çəmbərəkənd” qəbristanlığının dağıdılmasına da C.Cabbarlı “Firuzə” hekayəsində belə bir narazı münasibət bildirirdi: “Atamın da qəbrini tapmadım. Bu əbədi sükut dünyasının yerində geniş, xiyabanlı qəşəng bir park əmələ gəlmişdi, atamın qəbrinin yerində isə bir çiçəklik salmışdılar”.
Təbiidir ki, hansı bir kəs öz atasının qəbrinin dağıdılmasını sakit və razılıqla qəbul edər ki?
C.Cabbarlının əsərlərinin əksəriyyəti belə maraqlı məqamlarla doludur. Yaxın dostu Mirzə Bala Məmmədzadə yazırdı: “Cəfər də Elxan kimi öldü, fəqət istila rejiminə boyun əymədi, onun təlqin etdiyi yeni dinə inanmadı, hürriyyət və milliyyət yolundan çəkinmədi. O, son dəqiqəsinə qədər hürriyyət, haqq, istiqlal və millət deyə qışqırdı, zülmə, istibdada, əsarət və istilaya qarşı şanla, şərəflə çarpışırdı”.
Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə C.Cabbarlının siyasi və ədəbi fəaliyyətini yüksək qiymətləndirərək yazırdı: “O gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, ”həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır".
Tanıdığımız Cəfər Cabbarlıdan tanımadığımız Cəfər Cabbarlıya böyük bir yol uzanmaqdadır...






