İnsanlara hürriyət, millətlərə istiqlal!

Tamam Cəfərova: “Heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil”

541 02.05.2020 17:14 Gündəm A A

 

Azərbaycanda koronavirusla bağlı görülən tədbirlər son ay yarımda ən çox müzakirə edilən məsələlərdən biridir. Digər ölkələrə nisbətən dəhşətli virusa yoluxanların, eləcə də, həyatını itirənlərin sayının olduqca azlığı xüsusi diqqət çəkir. Bütün bunlar ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə hökumətin koronavirusun qarşısını almaq üçün martın 18-dən etibarən karantin rejiminin ölkədə tətbiq edilməsi  barədə verdiyi qərar çərçivəsində atdığı sərt addımların nəticəsi kimi qiymətləndirilir.

Azərbaycan cəmiyyəti prezidentin rəhbərliyi ilə pandemik epidemiyaya qarşı uğurla mübarizə aparır.

Bu sözləri Musavat.com-a açıqlamasında deputat Tamam Cəfərova deyib.

O qeyd edib ki, dünyanın ən inkişaf etmiş səhiyyəsinə malik ölkələrində sözün əsl mənasında bir faciə yaşanır: "ABŞ, İspaniya, İtaliya, Almaniya, Rusiya və s. dövlətlər böyük virusa qarşı mübarizədə məğlub olmaqdadırlar. Dünya üzrə statistikaya baxanda məlum olur​ ki, koronavirusa yoluxanlar 3,310,039, vəfat edənlər - 234,143, sağalanlar -​ 1,043,245 nəfər təşkil edir. Azərbaycanın göstəriciləri onu digər dövlətlərə müqayisədə açıq-aşkar uğurlu ölkələr sırasında qərarlaşdırır".

T.Cəfərova Azərbaycan prezidentinin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə keçirilən videokonfransdan da söz açdı: "Cənab prezident virus məsələsinə toxunduqda ilk gündən real vəziyyətə əsaslanan tədbirlər görülməyə başlanıldığını qeyd etdi: “Vəziyyətin düzgün dəyərləndirilməsi və bu böhranla məşğul olunması üçün səmərəli komandanın yaradılması bizim üçün çox vacib idi. Azərbaycana bu virus qonşuluqdan gəldi və bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq. Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu”.

Əsas məsələ, pandemik epidemiya dövründə ölkə​ iqtisadiyyatı zərər görsə belə, dövlətin seçimi insanlarımızı qorumaq və insan rifahını mühafizə etmək prioritet təşkil edib.

Bütün atılan addımlar həm nəticəyə təsir edərək, vəziyyəti nəzarət altına almağa səbəb olub, həm də ÜST tərəfindən böyük qiymət görən Azərbaycan modelini bütün dünyaya təqdim edərək, ona dünya səviyyəsində istinadlar, təcrübələrdən yararlanmaq kimi ciddi məsələlərə gətirib çıxarıb".

Deputat xüsusi karantin rejiminin yumşaldılması məsələsindən danışarkən bildirdi ki, 27 aprel tarixindən​ ölkə ərazisində karantin rejiminin qismən yumşalması cəmiyyətə kifayət qədər müsbət təsir etsə də, müəyyən qayğıları da özü ilə gün üzünə çıxarıb: "Dövlət və müvafiq sturkturlar lazımi addımları atıb, Ölkə rəhbərinin şəxsən nəzarəti ilə antiböhran konsepsiyası işə salınıb, bütün ölkə həyatı karantin lokomotivinə uyğunlaşdırılıb, demək olar ki, bütün sahələrlə bağlı nəzarət tətbiq edilib və onların qorunması ilə bağlı milyard dollarlıq sosial paketlər icra edilir.

Bütün bu proseslər məsələnin dövlət tərəfini, onun çiynindəki yükü uğurla daşımasını göstərsə də, prosesin ikinci tərəfi olan vətəndaşlar barədə müəyyən tərəddüdlər var.

Çünki elan edilmiş sərt qaydalar hər kəsin, ümumilikdə isə sağlam cəmiyyətin qurulması üçün həyata keçirilir, amma təəssüf ki, görülmüş müstəsna tədbirlərə kölgə salmağa çalışan, qaydalara riayət etməyən, məsuliyyətsiz davranışlarla, şayiələrlə ümumi təşəbbüsə zərər verilən hallar meydana çıxır.

Covid -19 virusu uzunmüddətlidir, keçicidir, yoluxuculuğu ani və aldadıcıdır.

Bu baxımdan, hazırkı nəticələrin daha da möhkəmlənməsinə çalışmaqla ikinci dalğanı da önləmək mümkündür.

Bütün KİV-lərdə, ölkəboyu aparılan təbliğatların ana şüarı “Evdə qal” düsturudur, evdə qalmaqla təkcə özümüzü deyil, yaxınlarımızı, körpələrimizi, yaşlılarımızı, deduktiv olaraq bütün ölkəmizi xilas edə bilərik. Bu, eyni zamanda bir dövlətçilik təfəkkürü, dövlətin yanında olmaq mesajı və savaşdığımız bir arealda dövlətlə birgə düşmənə qarşı səngərdə yer almaqdır.

Hesab edirəm ki, qanunçuluğa hörmət və vətəndaş məsuliyyəti ölkə rəhbərinin həyata keçirdiyi tədbirlərə ən böyük dəstək olmağa davam edəcək".

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR