İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taliban” əfqan xalqına vəd verir, “getmə, qal” deyir - tələ, yoxsa...

923 19.08.2021 09:30 Siyasət A A

Əfqanıstanı ələ keçirən “Taliban” ilk mətbuat konfransında xalqa çağırış edib. “Yeni Müsavat” bildirir ki, jurnalistlərin suallarını cavablandıran  “Taliban” nümayəndəsi ABŞ qüvvələri ilə əməkdaşlıq edənlərin əfv olunacağını deyib, qadınların vəziyyətini və təhlükəsizlik məsələlərini şərh edib. “Taliban”ın sözçüsü onlara qarşı vuruşanların əfv olunacağını bəyan edib. “Əfqanıstanda sabitlik və sülh naminə bizə qarşı vuruşanların hamısını əfv etdik. Düşmənçiliklərə son qoyuldu”, - Zabihullah Mücahid deyib.

Onun sözlərinə görə, onlar “Taliban”a qarşı vuruşanlardan qisas almaq fikrində deyillər: “Daxili və xarici düşmən istəmirik”. Bundan əlavə, qadınlara işləmək, təhsil almaq haqları tanıyacaqlarını söyləyiblər. Xalqa çağırış olunub ki, ölkədən getməyin, vətəndə çalışın, işləyin.

Bəzi müşahidəçilərin fikrincə, bu, aldatma ola bilər. Əvvəlcə hakimiyyətdə möhkəmlənənə kimi hamıya barışıq əli uzadırsan, sonra onlara tərəf uzanan qolları kəsirsən. İran islam inqilabından sonra baş verən ssenari indi Əfqanıstanda təkrarlana bilər.

Dgər tərəfdən, zamanında o qədər zalım, qəddar davranıb, əli o qədər insanın qanına batıb ki, kimsə “Taliban” liderlərinin bu vədlərinə inanmır. İndi isə təşkilat hakimiyyətə gəldikdən sonra bu imicini düzəltməyə çalışır. Hətta əfqan qadınlarla bağlı vədlər verir.

Əfqanıstanda qadınların hüquqları isə xüsusi narahatlıq doğurur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş əfqan qadın və qızlarının çətin qazanılan hüquqlarını qorumağa çağırıb.

“Taliban”ın sözçüsü Zabihullah Mücahid “İslam qanunları - şəriət çərçivəsində bütün hüquqların veriləcəyini” deyib. Mücahid həmçinin qadınların şəriət qaydalarına riayət etdikləri təqdirdə media sahəsində sərbəst işləyə biləcəklərini də bildirib. Bəs o, bu vədlərində nə qədər səmimidir? Sözünü tutacaqmı? Əfqan xalqı bu vədlərə aldanacaqmı, inanacaqmı? Bu suallar açıq qalır. Lakin o da reallıqdır ki, “Taliban” iqtidarda olduğu dövrdə, hər halda, kütləvi şəkildə cəza aparatını işə salmaq istəməz. Çünki əfqanları üzərinə qaldıracaq, daxildə xaos davam edəcək. Bu isə “Taliban”a lazım deyil.

Onlar dünya ilə əlaqələr qurmağa hazırlaşırlar. Xüsusən Pakistandan dəstək gözləyirlər. Pakistan isə “Taliban” hakimiyyətinin tanınması ilə bağlı hələ qərar qəbul etməyib. Pakistanın informasiya naziri Favad Çaudri deyib ki, “Taliban”ın hakimiyyətə gəlişi zamanı böyük qan tökülməməsindən razıdırlar. Türkiyə-Əfqanıstan parlamentlərarası dostluq qrupunun üzvü İbrahim Aydın deyib ki, hazırkı “Taliban” 20 il öncə Əfqanıstanı idarə etmiş qruplaşmadan kəskin fərqlənir: “Taliblər özləri də inanmırdılar ki, belə sürətlə Əfqanıstanı ələ keçirə bilərlər. Hesab edirəm ki, ”Taliban"ın hakimiyyətə gəlişi Əfqanıstanın istefa vermiş prezidenti Əşrəf Qəni və ABŞ-la hər hansı şərtlər daxilində razılaşdırılıb. Düşünürəm ki, hərbçilərini geri çəkmək qərarına baxmayaraq, Əfqanıstan indi ABŞ-ın nəzarəti altındadır. Vaşinqton hər hansı vəsait xərcləmədən ölkəni nəzarətdə saxlamağı hədəfləyir".

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Elxan Şahinoğlu: “Qarşıdurmalar başlasa, ”Taliban" idarəçilikdə sərtləşə bilər, indi verdiyi vədlər də aldadıcı olar"

Siyasi analitik Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, “Taliban”ın vədinə əməl edəcəyini zaman göstərəcək. Onun fikrincə, indi bu qruplaşma ABŞ-a verdiyi vədə uyğun addımlar atır.

“Kabildə sakitlikdir. Hətta qadın aparıcı efirə çıxıb. Sadəcə, bunu indidən söyləmək çətindir. Çünki ”Taliban" vahid qruplaşma deyil, alt strukturlar daha savadsızdır, hərənin əlində “Kalaşnikov” var, keçəni güllələyə bilərlər. Ona görə vəziyyəti iki ay sonra görəcəyik. “Taliban” indi belə danışır ki, Amerikaya verdiyi vədlər var. Artıq şah Məsudun oğlu bu qruplaşma ilə mübarizə aparacağını bildirib, bu da yeni gərginlik ola bilər. Ümumiyyətlə, Əfqanıstanda sabitlik mümkün deyil, çünki ölkə deyil, coğrafi ərazidir".

E.Şahinoğlunun fikrincə, şimal koalisiyası yaradılıb “Taliban”a qarşı mübarizə başladılsa, beynəlxalq birlik üçün seçim etmək çətin olacaq: “Onlar ”Taliban"ın, yoxsa əks tərəfin mövqeyini tutmaqla bağlı qərar verməlidirlər. Ona görə qarşıdurmalar olarsa, “Taliban” idarəçilikdə sərtləşə bilər, indi verdiyi vədlər də aldadıcı ola bilər. Bu baxımdan payızda vəziyyətə baxmalı olacağıq. Mən fikirləşirəm ki, Əfqanıstanda toqquşmalar davam edəcək".

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, “Taliban”ın qadın hüquqları ilə bağlı verdiyi sözlərdə bir-birinə zidd məqamlar var. Onun sözlərinə görə, “CNN” və başqa müstəqil kanalların “Taliban” rəsmiləri ilə görüşlərinə baxıb, qadınların təhsil almaq problemi olmayacağını vurğulayırlar: “Amma qızlarla oğlanların mütləq ayrı-ayrılıqda təhsil almalı olduğunu söyləyirlər. Gəlin reallığa baxaq, onların qızlar üçün ayrıca məktəbi varmı? Əfqanıstanda təhsil verəcək nə qədər qadın var? Söhbət mədrəsələrdən getmir, dünyəvi məktəblərdən gedir. Ümumiyyətlə, şəriət qanunları ilə idarə ediləcək ölkədə qadın hüquqlarından danışmaq çətindir”.

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam –  Yenicag.Az

Günel Səfərova: “Qızlarla oğlanların mütləq ayrı-ayrılıqda təhsil almalı olduğunu söyləyirlər, onların qızlar üçün ayrıca məktəbi varmı?”

G.Səfərova bildirdi ki, taliblər həkimlərə də ölkədə qalıb işləməyi təklif edirlər: “Bu da ona görədir ki, şəriət qanunlarına əsasən qadın xəstələrə qadın həkimlər baxmalıdır. Bu mənada ”Taliban"ın köklü dəyişməsinə inanmaq sadəlövhlük olar. Amma dünyada şəriət qanunları ilə idarə olunan ölkələrə, məsələn, İrana baxsaq, təhsil sistemində müəyyən uğurlu elementlər görə bilərik. Lakin yaşam sisteminə baxanda yalnız bir amil götürülmür. Əgər sorğu keçirsək neçə insan gələcəyini İranda görər, yaxud neçə insan orada yaşamaq istəyər? Deməli, dünyəvi qaydalarla idarə olunan sistem daha uğurludur. “Taliban”ın bəyanatlarına baxanda, 2001-ci ildəki vəziyyəti də unutmaq olmaz.

Onların uzun müddət Əfqanıstanda apardığı siyasəti yada salaq, qız uşaqlarını icazəsiz götürürdülər. Bugünlərdə bir əfqan rejissorun çıxışına baxdım, deyir ki, qadınlar “Taliban”ın əlinə keçməsin deyə intihar edirdilər. Bu kontekstdə “Taliban”ın sözünü tutacağına əmin deyiləm".

Siyasi ekspert Vüqar Zifəroğlu hesab edir ki, Əfqanıstan Çinin 2013-cü ildən planlaşdırdığı və 2049-cu ildə bitirməyi hədəflədiyi “Bir kəmər, bir yol” layihəsində önəmli nöqtədir:

Vüqar Zifəroğlu: “Tələbələrin təcrübi biliklər öyrənməsi bizim üçün də  önəmlidir”

Vüqar Zifəroğlu

“ABŞ Əfqanıstandan çıxdığını elan etdikdən sonra uzun müddətdir Çini açıq şəkildə hədələyən ”Taliban" surətlə Əfqanıstan üzərində nəzarəti ələ keçirdi. Bu isə bütünlükdə Mərkəzi Asiyanı hədəf taxtasına çevirir.

Mərkəzi Asiya sözügedən layihədə həyati önəm daşıyır. Bu zaman regionda marağı olan ayrı-ayrı ölkələrin hədəflərinin ciddi şəkildə toqquşmasını görürük.

Məsələ ondadır ki, ABŞ Mərkəzi Asiyada Əfqanıstan üzərindən “Taliban”ı irəli çəkir. Bu o “Taliban”dır ki, yaradıcıları ötən əsrin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən başlayaraq məhz silahlı islami qruplaşma liderləri kimi SSRİ-yə qarşı ABŞ-ın dəstəyi ilə mübarizə aparırdı. İndi isə həmin “Taliban” Çinin Mərkəzi Asiya həmləsinə qarşı Vaşinqtonun dəstəyi ilə rəsmi Pekinlə mübarizə aparacaq".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR