Taksi sürücülərinin yaşam mübarizəsi: “Səsimiz güclü olsun deyə yumurta içirik” - FOTOREPORTAJ
“20 yanvar” metrostansiyası ətrafında rayonlara taksi xidməti göstərən sürücülərin “performansı” yolu buradan düşən hər kəsə tanışdır. Müğənni olmasalar da, onlar da, səsi ilə pul qazanır.
“Velotrek” ticarət mərkəzinin qarşısında toplaşan sürücülər hər gün demək olar ki, burada olur, müştəri axtarırlar. Bölgələrə taksi xidməti göstərən sürücülər səhər saatlarından başlayaraq, axşama kimi qarşılarından keçən hər kəsə səslənib, sərnişin tapmağa çalışırlar. Bəzən isə müştəri olmayanda sürücülər öz maşınlarında gecələyəsi olurlar. Çörəkpulunu bu şəkildə qazanan sürücülər yəqin ki, heç də məmnun deyillər.
Musavat.com -un əməkdaşı rayon maşınlarının xidmət göstərdiyi ərazidə yollanıb və sürücülərlə həmsöhbət olub.
Bakı-Masallı istiqamətində taksi xidməti göstərən Rəhman adlı sürücü son günlər müştəri qıtlığı olduğunu dilə gətirib: “ Son aylar sərnişin qıtlığı yaranıb. Çox adam taksi xidmətlərindən istifadə etmir. Səhər saat 8-dən burdayam. Cəmi bir nəfər sərnişin olub. Həmin sərnişin də tək olduğundan Masallı rayonuna çıxa bilmədim. Belə olan halda məcburam həmin şəxsi başqa maşınla yola salım. Çünki sərnişlər adətən çox gözləməyə səbri çatmır. Bu isə bizə sərf eləmir.Yenidən sərnişin axtarmalı oluruq”.
Taksi sürücüləri müştəri cəlb etmək üçün müxtəlif yollardan istifadə edirlər. Ucadan səslənərək rayonlara gedən sərnişinlərə bu tərzdə səslənirlər: “Bir nəfər olsa, çıxıram…”Mercedes s-class”la iki nəfər…Masallıya bir nəfər lazımdır”. Bəzən bu çağırışlar saatlarla davam edir.
Sürücülər arasında maraqlı həmsöhbətlərimiz də oldu. Adının çəkilməsini istəməyən Bakı-Bərdə istiqamətində taksi sürücüsü işləyən şəxs yüksək səslə müştəri cəlb etmək üçün maraqlı üsula əl atdığını dedi: “ Demək olar ki, hər gün burada sərnişin cəlb etmək üçün bağırırıq. Burada uca səslə çağırmağımız qazancımıza təsir edir. Səsi güclü olan üstünlüyü ələ alır. Bir sözlə, səsimiz bizim silahımızdır…”(gülür)
Sürücü son vaxtlar taksi xidmətindən istifadə edənlərin azaldığını dedi: “Sərnişin yığmaq çətinləşib. Hər rayona 5-8 taksi sürücüsü işləyir. Şəhər taksiləri kimi bizdə növbə yoxdur. Kim qabağa düşdü, müştəri yığdı “tərpənir”. Elə vaxtlar olur ki, bağırmaqdan səsimiz batır. Sizə bir söz deyəcəm güləcəksiniz, mən yumurta içirəm ki, səsim güclü olsun. Neyləyək, çörək pulu üçün məcburuq…”
Sürücülər sərnişinlərin daha çox avtobuslardan istifadə etdiyini bildirdi: “ İmişli və Saatlı rayonlarına 7 manata aparırıq. Avtobuslar isə 1 manat aşağı, yəni 6 manata aparır. Sərnişinlər 1 manata görə çox zaman avtobuslarla getməyə üstünlük verirlər. Əsasən gənc nəsil taksilərlə getməyi üstün tutur. Yaşlı nəsil isə, avtobuslarla getməyi seçir”.
20 yanvar metrostansiyasının çıxışında isə eyni mənzərənin şahidi oluruq. Bakı-Sumqayıt istiqamətində taksi xidməti göstərən sürücülərin vəziyyəti də onlardan fərqli deyil. Sürücülər metronun çıxışında dayanıb, “Sumqayıta bir nəfər…”, “Saray yoluna iki nəfər…” - deyərək uca səslə sərnişinləri cəlb etməyə çalışırlar.
Taksi sürücülərinin sayı çox olduğundan birinə yaxınlaşanda, özünü 10-a yaxın sürücünün əhatəsində görürsən. Bu zaman tez-tez sərnişin üstündə mübahisələr də yaranır.
Məğrur Salmanov
Fotolar müəllifindir






