İnsanlara hürriyət, millətlərə istiqlal!

TAİLANDDA TUTULAN “HİZBULLAH”çının BAKI İLƏ ƏLAQƏSİ ÜZƏ ÇIXDI

4934 22.01.2012 09:59 Gündəm A A
Tailand xüsusi xidmət orqanları ötən həftə 47 yaşlı Atris Hüseyni paytaxt Banqkokdakı “Beyt-Habad” İsrail məktəbini partlatmaq planına görə saxlayıb. Xüsusi xidmət orqanlarının əməkdaşları onun Banqkokdakı mağazasından məktəbi partlatmaq üçün nəzərdə tutulduğu deyilən kimyəvi tərkibli partlayıcı maddə aşkar edib. Bildirilir ki, onun tutulmasında İsrail və Amerika xüsusi xidmət orqanlarının da dəstəyi olub. Belə ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin məxfi xidməti “Mossad” Tailand hakimiyyətini “Hizbullah” təşkilatının yerli özəyinin bu ölkədə planlaşdırdığı terror planı barədə məlumatlandırıb. Həmin məlumatlar əsasında Banqkokda ticarətlə məşğul olan A.Hüseyn saxlanılıb.
Lakin A.Hüseyn saxlanıldığı həbsxanadan İsveç jurnalistlərinə bildirib ki, ona qarşı irəli sürülən ittihamlar “100 faiz qurama”dır və “Mossad” tərəfindən qurulmuş tələnin güdazına gedib. Məlumata görə, Tailand xüsusi xidmət orqanları bu həftə Hüseynin Banqkokda icarəyə götürdüyü mağazadan partlayıcı maddə aşkar ediblər. Lakin “Hizbullah” üzvü olmaqda şübhəli bilinən İsveç vətəndaşı deyib ki, partlayıcını onun mağazasına “Mossad” qoyub. “Bu mənə qarşı qurulmuş tələdir”, - deyə o jurnalistlərə bildirib.
Hüseyn onu da deyib ki, Banqkokda qanuni yolla ixrac biznesi ilə məşğul olur, Azərbaycan və Liberiyadan olan müştərilərə elektrik ventilyatorları, digər elektrik malları satır. Hüseynin maraqlarını müdafiə edən isveçli vəkil Dennis Tern isə bildirib ki, onun müdafiə etdiyi şəxs İsveçdə seçkilər zamanı solçu Sosial-Demokrat Fəhlə partiyasına səs verdiyi üçün “Mossad”ın şübhə dairəsinə düşdüyünü bildirir. Hüseyn həmçinin “Hizbullah”ın üzvü olduğunu inkar edir. Onun bildirdiyinə görə, həbs ediləndən bir neçə gün sonra həbsxanadan çıxarılıb və avtomobillə naməlum yerə aparılıb: “Orada məni ”Mossad"dan gəldikləri aydın bilinən üç nəfər dindirdi. Bu şəxslərin adları da məndə var. Onlar deyirdilər ki, mən guya yalan ifadələr verirəm".
Banqkokdakı İsrail səfirliyi isə Hüseynin həbsini şərh etmir. Hüseyn 1989-cu ildə Livandan İsveçə köçüb, 1994-cü ildə bu ölkənin vətəndaşlığını alıb. 2005-ci ildə yenidən Livana köçüb. İsveç pasportu ilə Tailanda səfərlər edib. Tailand hakimiyyəti bildirir ki, Hüseyn bu ölkədə və ya hansısa üçüncü ölkədə İsrail maraqlarına qarşı hücum planlaşdıran qrupun tərkibində olub. Lakin bu terror planı onun həbsindən sonra təxirə düşüb. Tailand hakimiyyəti onunla əlbir olan şəxslərin axtarışını aparır. Hüseynin həbsindən sonra Banqkokdakı “Beyt-Habad” məktəbinin təhlükəsizliyi gücləndirilib.
Xəbər verildiyi kimi, 3 gün əvvəl Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi də Bakıdakı İsrail məktəbinin müəllimlərinə qarşı sui-qəsd planının üstünün açıldığını bildirib. MTN-in bildirdiyinə görə, bu iş üzrə həbs edilmiş şəxslər Rasim Əliyev və Əli Hüseynov İran xüsusi xidmət orqanlarının sifarişi ilə “xarici ölkə vətəndaşı olan ictimai xadimi” öldürmək planı qurublar. Bu plan çərçivəsində İran xüsusi xidmət orqanları gizli yolla onlara snayper silahı və digər döyüş vasitələri göndərib. Plana Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən müxtəlif ağır cinayətlərə görə axtarılan və hazırda İranın Ərdəbil şəhərində olan Balaqardaş Dadaşovun rəhbərlik etdiyi bildirilir. MTN hücum hədəfinin kim olduğunu açıqlamasa da, onun Bakıda yeni fəaliyyətə başlayan “Habad Or-Ənvər” İsrail dini məktəbinin müəllimlərindən biri olduğu təxmin edilir.
Maraqlıdır ki, həmin şəxslərin həbsi Tailandda planlaşdırılan terror planına görə İsveç vətəndaşının həbs ilə təxminən eyni vaxta təsadüf edib. Bu baxımdan güclü ehtimal var ki, Bakıdakı həbslər də ABŞ və İsrail xüsusi xidmət orqanlarının Azərbaycan tərəfinə ötürdüyü məlumatlar əsasında həyata keçirilib.
“Habad” hərəkatı yəhudi dini hərəkatlarından biridir. Bu hərəkatın dünyada yüz minlərlə tərəfdarı var. Hərəkatın dünyada hazırda 135 təşkilatı, o cümlədən məktəbləri və digər təsisatları fəaliyyət göstərir. Hərəkatın rəsmi nümayəndələri dünyanın 65 ölkəsindədir. ABŞ-da 650-dən çox “Habad” təşkilatı fəaliyyət göstərir, İsrailin özündə isə bunların sayı 300-ə yaxındır. Habelə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Qazaxıstan və Rusiyada “Habad” təşkilatları açılıb. “Habad” obyektləri dəfələrlə İranın və bəzi islamçı qrupların hədəfində olub. 2008-ci ilin noyabrında Hindistanın Mumbay şəhərində “Beyt Habad” məktəbinə qarşı törədilmiş terror aktında 9 nəfər həlak olub. Onların arasında məktəbin ravvini də var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR