“Kim milyon yarımlıq erməniyə görə, 100 milyonluq türklə özünü qarşı-qarşıya qoyursa, vay onun halına...”
Milli Məclisin deputatı, oğlu cəbhədə vuruşan Tahir Kərimli Azərbaycanın apardığı Vətən müharibəsi ilə bağlı düşüncələrini və siyasi dəyərləndirmələrini Musavat.com-un əməkdaşı ilə bölüşüb.
Tahir Kərimli ilə müsahibəni təqdim edirik:
- Tahir müəllim, həm millət vəkili, həm də övladı cəbhədə olan valideyn kimi vətən savaşını, qazanılan uğurları və onun Azərbaycana faydalarını necə dəyərləndirirsiniz?
- Fövqəladə yüksək qiymətləndirirəm. Çünki bu Vətən savaşı bizim üçün təkcə torpaqlarımızın azad olunması demək deyil, həm də ruhumuzun bərpasıdır. 100 ildir torpaq itirə-itirə gəlmişik, indi artıq o itirilmiş torpaqlarımızı bərpa edirik. Bu, hələ başlanğıcdır, bəlkə də bizim nəslə qismət oldu, olmasa da övladlarımıza qismət olacaq ki, digər torpaqlarımızı da bərpa etsinlər. Artıq özümüzlə qürur duyuruq. Xaricə gedəndə də xəcalət çəkirdik, özümüzdən utanırdıq. Bizim dövlətçiliyimiz, milli şüurumuz, vüqarlı tariximiz olub, niyə bu qədər yazıq olmuşuq... İndi artıq qürurumuz bərpa olunur. Heç kimə yarınmaq üçün tərif deyən adam olmamışam, ancaq prezidentimizin çıxışlarına baxanda o qədər fərəhlənirəm ki... Prezidentimiz ürəyimizdən xəbər verir, bunu bütün dünya izləyir.
Çox gözəl günlərdir, torpaqlarımız qaytarılır, bir millət kimi varlığımız, gücümüz ortaya qoyulur. Artıq dünya bizi sayır. Gözləmə mövqeyində olan ölkələr belə, artıq bizim müvəffəqiyyətimizi dərk edir, dəstək olmaq, şərik olmaq istəyirlər. Belə bir məsəl var ki, məğlubiyyət yetim olur, müvəffəqiyyətin isə atası çox olur. Bu türk-müsəlman dünyasında çox böyük hadisələrin başlanğıcıdır, geopolitika dəyişir. O baxımdan vətən savaşını çox yüksək qiymətləndirirəm.
- Bu savaş həm də bir milli birlik yaratdı, varlının da, məmurun, kasıbın da balası cəbhədədir, savaşdadır. Generallarımız, yüksək rütbəli zabitlərimiz öndə gedir, şəhid generalımız var. Bu birliyi necə dəyərləndirirsiniz?
- Ən yüksək vəzifəlisindən sadə vətəndaşına qədər, bu dəqiqə elə bir insan yoxdur ki, ürəyi cəbhədə olmasın. Bu gün ordumuzda generalından tutmuş əsgərinə kimi hamı birdir, hamı vətən üçün çalışır. Can nə qədər əziz olsa da, xalq, millət üçün vətən amili daha önə keçir. İnsan torpaq üçün canını da verməyə hazır olur. Ona görə də, hesab edirəm ki, bu, böyük mənəvi bir birlikdir. Biz böyük bir millətik, milli dəyərlərimiz var, bunu dərk edirik. Generalımız şəhid olur, əsgərimiz onun qisasını alır. Bəzən deyirlər ki, kimsə uşağını xaricə göndərir ki, cəbhəyə getməsin və sair. Mən isə deyirəm ki, bizim vətənimiz elə müqəddəsdir ki, bəlkə də heç kimlərinsə qanını götürmür. Heç torpaq da istəmir həmin insanlar onun üçün vuruşsun. Elə burada olanlarımız bizə bəs edir.
- Bizim cəmiyyətimizdə Qərb dəyərlərinə, bu dövlətlərin həqiqətən də dünyada insan hüquqları üçün can yandırmasına inam böyük idi. Hətta bu dəyərləri dövlətçilikdən üstün tutan insanlar var idi. Bu savaşda Qərbin davranışı, demokratik institutların dinc əhalinin öldürülməsinə səssiz qalması, artıq Qərbin də əsl üzünü göstərdi. Sizcə bundan sonra milli dəyərlər üstünlük qazanacaqmı?
- Özlüyündə beynəlxalq hüquq və qanunlar yaxşıdır. Necə ki, biz deyirik qanunlarımız yaxşıdır, ancaq onu icra etmirlər. Elə beynəlxalq hüququ da icra etməyənlər var. 1992-ci ildə Amerikada ikən “Azadlıq heykəli”nin yanından keçəndə düşünürdüm ki, ilahi, Amerika həqiqətən də azadlığın, demokratiyanın qalasıdır. Bu dövlət həqiqətən azadlığı müdafiə edir. Fransa inqilabından sonra formalaşmış Qərb dəyərləri həqiqətən belə yüksəkdir. Ancaq sonradan gördük ki, onlar hətta öz müqəddəs dəyərlərindən də maraqlarını, mənafelərini qorumaq üçün istifadə edirlər. Bu dəyərlər vasitədir, onlara yalnız dünyada öz hegemonluqlarını həyata keçirmək üçün lazımdır. Bəzən dindən də bu cür istifadə edənlər olur, kütlələri itaətdə saxlamaq üçün faydalanırlar. Beynəlxalq hüquq da guya həddini aşan, qanunu pozan dövlətləri sarsıtmaq, özlərindən asılı hala salmaq üçün istifadə edilir. Təbii ki, vətən savaşı dövründə Qərbin bu üzü daha çox göründü. İllərdir BMT-nin qətnamələrini icra etməyənlər belə müdaxilə etdi. Guya demokratiyanın anası olan Fransanın prezidenti sözün əsl mənasında çərənlədi. Xəcalət çəkmədi ki, Əlcəzairdə nə qədər genosid törədib, müsəlman qanı töküb. Dünyanın xristian təəssübkeşliyi üzə çıxdı. Nə yaxşı ki, bizim Türkiyə kimi qanı bir, canı bir qardaşımız var. Bizi dəstəkləyən, Pakistan, İsrail, Əfqanıstan, Macarıstan və sair var. Bir daha göründü ki, dünyada güclü olan haqlıdır, haqq həmişə gücün tərəfindədir. Digər tərəfdən beynəlxalq hüquqa görə haqlı olduğumuz halda, Azərbaycanın həm də bu cür güc nümayiş etdirməsi bütün daşları öz yerinə qoydu. BMT-nin qətnamələrini də özümüz icra etdik.
- Cəbhədə güclü olduğumuz kimi, diplomatik arenada da prezident İlham Əliyev, köməkçisi Hikmət Hacızadə və digərləri çox güclü iş apardılar. Sizcə böyük dövlətlərin qarşımızda durmamasında, Rusiyanın kənara çəkilməsində bu diplomatiyanın rolu nə qədər oldu?
- Bu hələ aysberqin görünən tərəfidir, üzdə olanları görürük, pərdəarxasını görmürük. Bu prosesdə xüsusən də dövlət başçısının dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə müsahibələr verməsi, məlumatları çatdırması çox önəmlidir. Hətta alman müxbirinə də nə yaxşı ki, müsahibə verdi və onlar o cavabı aldılar. Erməni alimlərinin arqumentləri ilə çıxış edən jurnalistlərə, Qarabağın qədim erməni torpağı olduğunu deyənlərə, cənab Prezident Kürəkçay və Türkmənçay müqavilələrindən danışdı, onları izah etdi, ermənilərin cəmi 200 ildir bura gəlməsini başa saldı. Dövlət başçısının müsahibəsindən sonra onlar anladılar ki, Qafqazda ümumiyyətlə, belə bir xalq olmayıb və onlar sonradan gəliblər. Prezident təkcə Ermənistanı yox, dünyadakı bütün erməniləri məğlub etdi, erməni lobbisini, erməni diasporasını məğlub etdi. Dünyadakı bütün ermənilər ifşa oldu, onların yalanları üzə çıxdı. Ay erməni, elə böyük hərbi gücün varsa, hanı sənin marşalların, niyə Azərbaycan əsgərlərinin qabağına çıxa bilmir. Rusiyanın hesabına bizim qarşımızda hoppanıb düşürdülər. İndi Azərbaycan əsgərindən cavabını alır, bütün dünyada məğlub olur. Həm cəbhədə , həmdə diplomatik sahədə qazanılan qələbələr məcmu xarakter daşıyır və bizim qələbəmizi təmin edir.
- Belə bir xalqla birgəyaşayış necə mümkün olacaq? Hazırda hər kəsi bu düşündürür...
- Bizim ölkəmizdə hazırda da ermənilər yaşayır. Kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, Qarabağda da yaşasın. Çox çətindir onlarla birgə yaşamaq, çünki xalqımıza qarşı çox alçaq hərəkətlər ediblər. Onlar qadınlarımızı, körpələrimizi öldürüb. Biz o zaman Stalinqrad döyüşlərinə baxırdıq ki, faşizm orada nə cinayətlər törədib, oranı necə dağıdıblar. Gözümüzün qabağında ermənilər Tərtəri Stalinqrada çevirdilər. Bizim Xocalı faciəmiz var, ermənilərin necə üzü gələcək bizimlə birgə yaşamağa? Əgər hansısa erməni bizə qarşı törədilən cinayətlərdə iştirak etməyibsə və Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, gəlsinlər, yaşasınlar. Bu millət xəstədir, genetik xəstədir. O qədər yalanlar uydururlar, övladları doğulan gündən türklərin əleyhinə ideoloji iş aparırlar ki, öz yalanları öz başlarında çatlayır. İndi Qarabağı tərk edib Ermənistana gedirlər, heç ora da onların torpağı deyil. Biz dəfələrlə bildirmişik ki, hansı erməni Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edirsə gəlsin, azərbaycanlılar necə yaşayırlarsa, onlar da qanunlarımıza hörmət edərək, elə yaşasınlar. Ancaq kim ki, bizə nifrət edir, bizə qarşı cinayət törədir, onlar həm yerli məhkəmələrdə, həm beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.
- Xarici dövlətlərin bu müharibəyə mümkün ola biləcək təsirləri insanları daim narahat edir. Sizcə, ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olaraq bu dövlətin hansısa təsiri olacaqmı?
- Burada Türkiyə-Azərbaycan birliyi var. 100 milyona yaxın bir xalqdır. Kim milyon yarımlıq erməniyə görə, 100 milyonluq türklə özünü qarşı-qarşıya qoyursa, vay onun halına. O, özü pis olacaq. Nə edəcəklər, Azərbaycana hücum edəcəklər, ya bomba atacaqlar? Onsuz da əl altından hər zaman ermənilərə kömək ediblər. İstər Fransa, istər Amerika və sair. Əgər ağılları varsa, real vəziyyəti götür-qoy edib başa düşəcəklər ki, artıq dünya başqadır, seçki vaxtı deyilən hər sözü yerinə yetirmək olmur. Obama da demişdi ki, erməni soyqırımını tanıyacaq, nə oldu, tanıya bildimi? Onlar haqsız olan, məğlub olan bir tərəfi müdafiə etsələr belə, biz yenə uduzmayacağıq. Əsas odur ki, biz milli birliyimizi qoruyaq və heç bir dövlətin müdaxiləsi bizə təsir etməsin.
- Belə bir mənzərə də var ki, bu müharibə regionda Türkiyə-Rusiya-Azərbaycan üçlü ittifaqının yaranması ilə nəticələnə bilər. Rusiyanın da hazırkı təzyiqlər və sanksiyalar altında Türkiyənin birliyinə ehtiyacı var və bu dəfə Ermənistanı çətin vəziyyətdə qoydu. Azərbaycanın bu vasitəçiləri bu ittifaq formalaşa bilərmi?
Rusiya çox ölkə ilə müharibə aparıb və axırda yenə dost olub. İranla müharibə etsələr də, sonra yenə normal münasibət qurdular. İndi də Türkiyə ilə bu baş verə bilər. Deyirlər ki, Rusiya Türkiyə ilə tarixdə 8 dəfə müharibə aparıb və ermənilər bunu əsas gətirərək Türkiyənin düşmən olduğunu çatdırmağa çalışırlar. Əvvəla Rusiya dövlətçiliyi qazanana kimi türklərin hakimiyyəti altında olublar. Sonra onların qanında tatar qanı, müsəlman-türk qanı var. Bir ermənidən ötrü Rusiya böyük Türkiyə ilə niyə düşmən olmalıdır? Ortaq mövqelər, ortaq problemlər var. Azərbaycanın hər iki tərəflə münasibətləri var, həm Türkiyəni, həm Rusiyanı yaxşı tanıyırıq. Birləşdirici düyün ola bilər. Bununla dünyada vəziyyət dəyişər. Rusiyada yaşayan türk-müsəlman xalqları üçün də vəziyyət yaxşı olar, Azərbaycan üçün də, Türkiyə üçün də. Azərbaycanın bu istiqamətdə rolu var, bu ittifaq mümkündür. Türkiyə ilə Rusiyanın yaxınlaşması bizim üçün böyük bir perspektiv açır. Rusiyanın 145 milyonluq əhalisinin 100 milyondan bir qədər çoxu rusdur, içərisində 30 milyona yaxın türk əsilli xalqlar yaşayır. Onların da marağı var ki, Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşı olsun. İndi 1 milyon ermənidən ötrü niyə bizə düşmən mövqe tutmalıdır. Ermənistan onsuz Rusiyanındır, nə qədər Qərbə meyl etsə də nəticə dəyişmir. Rusiyanın özünə , Putinə nə qədər təzyiqlər olsa da, o yenə də dözür, Türkiyənin və Azərbaycanın əhəmiyyətini başa düşür. Bu istiqamətdə üç ölkənin birliyini daha da möhkəmləndirmək lazımdır.
Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”






