“Təsəvvür edin ki karantin qurtarandan sonra Elza Seyidcahanın yeni "Evdə qal" mahnısı nəyə çevriləcək. "Evdən çıx, evdən çıx, evdən çıx, çıx, çıx, çıx... Qeyri-adi ifa idi. Amma öz aramızdır, Motsart qəbrində iki dəfə fırlandı”.
News24.az-ın məlumatına görə? bu sözləri əməkdar artist Tahir İmanov “Planet Parni iz Baku”nun “2+1=4” layihəsinin növbəti buraxılışı zamanı canlı yayında bildirib.
Tahir İmanov sənətçinin insanlara xoş əhval-ruhiyyə bəxş etdiyini də vurğulayıb: “Gözəl insandır, heç kimi təhqir eləmir, əhval-ruhiyyəmizi qaldırır. Bizə razılıq versə, növbəti yayımın qonağı Elza Seyidcahan olacaq”.
Xatırladaq ki, bir neçə gün öncə Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan digər həmkarları kimi “Evdə qal” kampaniyasına qoşularaq, daha fərqli kompozisiya təqdim etmişdi. Belə ki, sənətçi məşhur alman bəstəkarı Volfanq Amadey Motsartın “Türk marşı” kimi tanınan “Lya minor” sonatası üzərində “Evdə qal” mahnısı oxuyub, kiçik klip çəkdirmişdi. Onun bu kompozisiyası izləyicilər tərəfindən maraqla qarşılanmışdı.
Tahir İmanovun “Motsart iki dəfə qəbrində fırlandı” atmacasına əməkdar artisti Elza Seyidcahanın cavabı gecikməyib.
Musavat.com-a danışan sənətçi qeyd edib: “Əlbəttə ki, Motsart nəinki qəbrində fırlanıb, hətta bəlkə hoppanıb-düşüb də. Görün, Motsartın sonatasını mən necə işləmişəm. Sonatanı improvizasiya etmişəm, söz yazmışam, insanlara çox gözəl çağırış etmişəm ki, “Evdə qalın”.
Bəziləri heç Motsartın həmin sonatasını tanımır. Amma mən həmin sonatanı koronavirusa qarşı mübarizəyə qaldırdım”.
Elza Seyidcahan qruplaşma yaradan həmkarlarından da söz açıb: “Motsart qəbrində əgər fırlanıbsa, bəzi qruplaşma yaradan adamlar o yan-bu yana dombalaq aşıb. İnsan yalnız Tanrı ilə qruplaşar. Amma bəzi sənətçilər var ki, özlərinə qruplaşma yaradır, axırda da tək qalırlar. Hansı ki, nə olursa baxırsan ki, eyni qrup, eyni müğənnilərdir. Sanki müğənni, ulduz ancaq bunlardır, hər işdə onlar iştirak etməlidirlər. Soruşanda da deyirlər ki, bu cür olması məsləhət bilinib, guya biz bu ölkənin bəstəkarı, sənətçisi deyilik, ixtiyarımız yoxdur. Kəndləri basa-basa gəlib, ailələri dağıda-dağıda, evləri sökə-sökə, insanları müflis edə-edə, güc-bəla ilə bugünkü günə gəlib çatıblar, indi də özlərini camaatdan ayırıblar, guya ulduzcığazlardır.
Həmin ulduzcığazlar mənim Motsartın sonatası üzərində işlədiyim kompozisiyadan çox narahat oldular. Mən heç vaxt qruplaşma yaratmamışam, heç kəsə pislik etməmişəm. Koronavirusla mübarizədə həkimlər necə əziyyət çəkiblərsə, biz sənət insanları da xalqımıza töhfə verməyə çalışdıq. Ona görə heç kəsə yuxarıdan aşağıya baxmaq olmaz”.
Xalidə Gəray,
Musavat.com






