İnsanlara hürriyət, millətlərə istiqlal!

TAĞI ƏHMƏDOV METRODAN NƏ QƏDƏR QAZANIR...

5672 08.03.2010 09:48 Ölkə A A
Ümumiyyətlə, metronun fəaliyyətində tez-tez fasilələr yaranır. Bir neçə gün əvvəl “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın 20 dəqiqəyə qədər gecikməsi metro işçiləri tərəfindən “sfetafor”ların yaxşı işləməməsi ilə izah olundu. Bu, Bakı Metropoliteni rəhbərliyinin fəaliyyətində kifayət qədər ciddi qüsur sayıla bilər.
Metropoliten rəisi isə bütün bu problemlərin həllinə çalışmaq əvəzinə, hər vasitədən istifadə edib pul qazanmaqla məşğuldur. Artıq stansiyalarda piyadaların hərəkəti üçün dar bir cığır qalıb desək, yanılmarıq. Hər iki tərəfdə düzülən ticarət obyektləri sərnişinlərin hərəkətini qat-qat çətinləşdirir. Xüsusilə pik saatlarında yaranmış sıxlığı dəf edib perrona çatmaq dəqiqələrlə vaxt alır. Aydın məsələdir ki, həmin ticarət obyektlərindən alınan haqq metronun yox, T.Əhmədovun büdcəsinə gedir. Özü də az pul deyil.
Yeri gəlmişkən, T.Əhmədovun “öz mağazasından” qazandığı pulların hesabını aparmaq üçün kiçik bir hesablama apardıq və nəticədə heyrətamiz dərəcədə böyük bir məbləğ alındı. Bakı Metropolitenində şıdırğı alver gedən təxminən 15 stansiya var. Həmin stansiyaların içərisində eləsi var ki, oradakı ticarət obyektlərinin sayı yüzə çatır. Məsələn, “20 yanvar”, “Memar Əcəmi”, “Neftçilər”, “Məşədi Əzizbəyov”, “Xalqlar Dostluğu”, “Qara Qarayev”, “Əhmədli” kimi stansiyaların bütün çıxışlarında onlarla ticarət obyekti fəaliyyət göstərir. Bu baxımdan orta hesabla hər stansiyaya minimum 30 obyektdən hesablasaq bu, 450 obyekt edir. Metro ticarətçiləri arasında apardığımız sorğudan isə aydın olur ki, orta gəlirli bir obyekt üçün ayda T.Əhmədova nə az, nə çox, 700-800 manat pul verirlər. Qeyd edək ki, yerlərin qiyməti metrlə hesablanır. Ticarətçilər deyirlər ki, nə dərəcədə gəlirli olmasından asılı olaraq metrəyə orta hesabla 150-200, bəzən isə hətta 500 manat verirlər. Bütün rəqəmləri vurub-çıxdıqda T.Əhmədovun metrodakı ticarət obyektlərindən ayda təxminən 350 min manat pul götürdüyünü demək olar. Bu isə ildə 4 milyon manatdan artıq vəsait deməkdir. Üstəlik, metroya dövlət büdcəsindən ötən ilə qədər 30 milyon, bu ildən isə 9 milyon manat subsidiya ayrılıb. Ötən ilin oktyabrından metroda gediş haqlarının artırılması nəticəsində də əlavə gəlirin daxil olacağı şübhəsizdir. İl ərzində metrodan 200 milyona yaxın sərnişinin istifadə etdiyi nəzərə alınarsa, artım nəticəsində Bakı Metropoliteninin hesabına ildə əlavə 20 milyon manat vəsait daxil olacaq.
Bütün bunları qeyd etməkdə məqsədimiz bu qurumun gəliri ilə xidmətindəki keyfiyyətin üst-üstə düşməməsini bir daha vurğulamaqdır. Metrodan istifadə edənlər daha yaxşı bilərlər ki, qatarlar arasında intervalın həddən artıq uzun olması, bunun nəticəsində yaranan sıxlıq, havasızlıq bu nəqliyyat növünün ən başlıca problemidir.
Daha bir qazanc mənbəyi “təmir” işləridir. “İçərişəhər” stansiyası ilə bağlı baş verənləri yəqin çoxlarınız xatırlayırsınız. Bir neçə il əvvəl metronun adıçəkilən stansiyası təmirə dayandı və burada yenidənqurma işləri həyata keçirildi. Stansiya istifadəyə verildikdən az müddət sonra yenidən təmirə bağlandı və bildirildi ki, eskalatorlar dəyişdirilir. Həmin vaxt müşahidəçilər və mətbuat bunu haqlı olaraq T.Əhmədovun pul silmək üçün tələsi adlandırdılar. Çünki başqa-başqa təmirlər adı altında büdcədən pul götürmək daha asandır. Bu zaman sözsüz ki, həm vəsaitin məbləğini şişirtmək, həm də onu mənimsəmək imkanları genişlənir.
Metropolitenin maliyyə imkanları belə genişdirsə, niyə sərnişinlərin rahatlığı üçün tədbirlər görmür? Pik saatlarında qatarların hərəkəti niyə intensivləşmir? Yalnız tədris ili ərzində - sentyabrın 15-dən mayın 30-na qədər saat 8-10 arası qatarlar guya xüsusi rejimdə işləyir və minimum 2-3 dəqiqədən bir gəlir, qalan vaxtlarda isə interval hətta 7-8 dəqiqəyə qədər çatır, vaqonda sıxlıqdan nəfəs belə almaq olmur. Və yaxud da bu anlarda niyə iki yox, bir eskalator çıxış üçün sərnişinlərə xidmət göstərir? Əksər vaxtlarda metroya girişi iki, çıxışı isə bir eskalatorla həyata keçirirlər. Nəticədə isə xüsusilə də “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında sərnişinlər stansiyanı tərk etmək üçün hətta 3-5 dəqiqə vaxt itirməli olurlar.
Bir sözlə, metropoliten rəhbərliyini sərnişinlərin rahatlığı yox, ancaq pul silmək düşündürür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR