Taekvondo yığmamızdan 1 qızıl və 1 gümüş medal - FOTOSESSİYA
Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları davam edir.
Musavat.com xəbər verir ki, ölkəmiz bu gün daha 2 medal sahibi olub.
Bu günkü yarışda kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində yarışıblar. Hər 2 çəki dərəcəsində Azərbaycan idmançısı finala çıxıb. Onlardan Milad Beiqi Harçeqani çempion titulunu qazandığı halda, Fəridə Əzizova gümüş medalla kifayətlənib. Nəticədə taekvondo millimizin əldə etdiyi medalların sayı 4-ə çatıb.
80 kq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuz rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da qalibiyyət seriyasını davam etdirdi. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də xeyrinə bitirib - 17:5.
Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız Ferreyraya 6:2 hesabı ilə qalib gəlib və finala yüksəlib. O, həlledici döyüşdə rusiyalı Albert Quanla qarşılaşıb və rəqibinə 9:4 hesabı ilə qalib gəlib. Bununla da, taekvondoçumuz çempion adına layiq görülüb.
Qadınlar 67 kq çəki dərəcəsində yığmamızı təmsil edən Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. Qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. O, Avropa çempionuna 6:2 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb.
Əzizovanın növbəti görüşü isveçli Elin Yohanssonla olub. O, bu qarşılaşmada da uğurlu seriyasını davam etdirib. Bu dəfə rəqibini 4:2 hesabı ilə məğlub edən Fəridə finala yüksəlib. Taekvondoçumuz çempionluq üçün Anastasiya Barişnikova (Rusiya) ilə mübarizə aparıb. Görüş həmyerlimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb – 5:6. Əzizova gümüş medalla kifayətlənib.
Bu, komandamızın aktivinə yazılan 28-ci mükafat olub.
Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq.
Məhəmməd Türkmən






