İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistan-Qırğızıstan sərhədindəki qanlı olay və Azərbaycanın Keşikçidağ təmkini

947 24.07.2019 08:20 Siyasət A A

Analitik: “Baş verən təxribatın qarşıdurma səviyyəsinə qalxmaması üçün təmkinli davranmaq vacib idi”

Tacikistan və Qırğızıstan arasında situasiya son həddə qədər gərginləşib. Artıq açıq hərbi qarşıdurma yaranması xəbəri də var. Son məlumatlara görə, qarşıdurmalar zamanı qırğızlardan 15 nəfər yaralanıb, Tacikistan isə öz növbəsidə bir vətəndaşının həlak olduğunu bəyan edib. Rəsmi Düşənbə Qırğızıstanın Batkent vilayətinin Leylək rayonuna gedən İsfana-Batken yolunu bağlayıb. Hazırda buradan əhali evakuasiya olunur. Batkent rayonunun Ak-Say sərhəd kəndnindən 315 nəfər təhlükəsiz əraziyə köçürülüb. Məktəblərdə müvəqqəti yaşayış düşərgələri təşkil edilib. Burada 260 nəfərin qalması üçün şərait yaradılıb. Qalan 55 insan isə həmin rayonda yaşayan ailələrin himayəsinə verilib. Evakuasiya edilənlərin əksəriyyəti qadınlar və uşaqlardır. Qırğızıstan və Tacikistan vətəndaşları arasında münaqişənin əsas səbəbi Tacikistanın Vorux kənd sakinlərinin kəndin çıxışına bayraq dirəyi asması olub. Ak-Say kənd sakinləri buna kəskin şəkildə etiraz eidblər. Qonşu yaşayış məntəqələrinin nümayəndələri arasında söz atışması həqiqi atışmaya çevrilib və tərəflərdən biri silah işlədib. Hər iki kəndin əhalisi tüfənglərlə bir-birilərinə atəş açıblar. Hər iki tərəf ərazinin ona məxsus olması iddiası ilə çıxış edir.

 Tacikistan-Qırğızıstan sərhədində qanlı olay ile ilgili görsel sonucu

Bu münaqişədən əvvəl Azərbaycanla Gürcüstan arasında məzmunca fərqlənməyən, eyni zəminli münaqişənin başlanmasına hesablanan provokasion addımlar atılmışdı. Azərbaycan sərhədləri daxilində olan Keşikçidağda sərhədçimizin əlindən silah alınmışdı. Sərhədçilərimiz baş verən qanunsuz addımlara olduqca dözümlü yanaşmışdı. Bu cür tövr nümayişi strateji baxımdan doğru hesab olundu, çünki təxribatçılar məqsədlərinə nail ola bilmədilər.

Qırğızıstan və Tacikistan arasındaki olaydan fərqli olaraq, təmkinli davranışlar sayəsində Azərbaycan-Gürcüstan sərhədində planlaşdırılan provokasiya baş tutmadı, qan tökülmədi.

Hüseynbala Səlimov ile ilgili görsel sonucu

Müstəqil analitik Hüseynbala Səlimov deyir ki, Keçikçidağda baş verən insidentin qarşıdurma səviyyəsinə qalxmaması üçün təmkinli davranmaq vacib idi: “Hadisələri gərginləşdirmək, ixtilaf səviyyəsinə qaldırmağa ehtiyac yox idi. Əsas odur ki, Keçikçidağ məntəqəsi bizim nəzarətimizdədir. Bizim orada sərhədçilərimiz var. Maksimum dərəcədə çalışmaq lazımdır ki, bu iki ölkə arasında gərginlik olmasın. Gürcüstan Azərbaycan üçün çox vacib bir ölkədir. Eyni zamanda Azərbaycan da Gürcüstan üçün həyati əhəmiyyətli ölkədir. Azərbaycanın neft kəmərləri, əsas tranzit xətləri Gürcüstandan keçir. Bu illər ərzində Azərbaycan olmasaydı, təsəvvür etmək belə mümkün deyil ki, Gürcüstan bu gün hansı səviyyədə olardı. Qarşılıqlı faydalılıq, qarşılıqlı ehtiyac var. Bunu Gürcüstanda da yaxşı dərk edirlər. Azərbaycanın nəinki Gürcüstanla, ümumiyyətlə qonşuların heç biri ilə konfliktə getmək kimi niyyəti yoxdur. Azərbaycanın xarici siyasətinin əsas istiqaməti rahat, dinc, əlverişli, qarşılıqlı faydalı münasibətlər qurulmasıdır. Zaman-zaman istər İrana, Rusiyaya, ələlxüsus Gürcüstana münasibətdə Azərbaycanın xarici siyasət adamları, diplomatları, siyasətçiləri, dövlət başçısı bunu sübut edib”.

Müstəqil analitik deyir ki, Gürcüstanda da müəyyən elementlər var ki, müəyyən məsələlərdən diqqəti yayındırmaq üçün Azərbaycan və Gürcüstan arasında ixtilaf yaranmasına çalışırlar: “Gürcüstanda belə qüvvələr var. Ona görə də maksimum dərəcədə çalışmaq lazımdır ki, belə insidentlər qarşıdurma səviyyəsinə qalxmasın”.

Hüseynbala Səlimovun sözlərinə görə, Gürcüstanda müxtəlif ünvanlara bağlı qüvvələr var: “Məsələn, vaxtilə rus politoloqları deyirdilər ki, Azərbaycana toxunmaq lazım deyil, Gürcüstanı götürmək lazımdır. Bu baş versə, ertəsi gün Azərbaycandan olan siyasətçilər Kremlin qabağında növbəyə düzüləcəklər. Yəni bu qəbildən olan siyasi qüvvələr var. Gürcüstanın özündə elə qüvvələr var ki, ölkə daxilində siyasi gərginliyin bərqərar olmasına çalışırlar. İstisna deyil, müəyyən qüvvələr də var ki, cəmiyyətin diqqətini həmin gərginlikdən yayındırıb Azərbaycan-Gürcüstan münasibətlərinə yönəltməyə çalışırlar. Azərbaycan prezidentinin sərhəd məsələləri üzrə ölkədə olan sanballı, bu sahə üzrə ixtisaslaşmış Xələf Xələfovu əvvəlki postuna qaytarması da təsadüfi deyildi. İstər Azərbaycanda, istər Gürcüstanda son anda sağlam məntiq, sağlam düşüncə qalib gəldi. Keşikçidağ insidentinin Tacikistanla Qırğızıstan arasında baş verən qarşıdurma həddinə qədər uzanmaması sağlam məntiq və sağlam düşüncənin məhsulu oldu”.

Hüseynbala Səlimov Keşikçidağ məsələsində sərt davranışların çox ağır nəticələrə səbəb ola biləcəyini də diqqətə çatdırdı: “Azərbaycan tərəfinin mövqeyi sağlam idi. Azərbaycan nə etməli idi? Gürcüstana müharibə elan etməli idi?  Bu, provokasiya idi, Azərbaycan tərəfi təmkinli davranmaqla bunun qarşısını almış oldu. Azərbaycanla Gürcüstan arasında sərhəd zonasının çox az bir hissəsi - 20-30 faizi demarkasiya olunmayıb. Əminəm ki, bu məsələ də həllini tapacaq. Bu qarşıdurmadan hər iki tərəf çox böyük itkilərdən başqa heç nə əldə edə bilməyəcəkdi. Xüsusən Gürcüstan daha çox itirən tərəf olacaqdı. Azərbaycan olmasaydı, Gürcüstan bu gün hansı vəziyyətdə ola bilərdi? Azərbaycanın Gürcüstan üçün etdiklərini nə Avropa Birliyi, nə də ABŞ, Qərb etməyib. Mixail Saakaşvili Gürcüstan prezidenti kimi ilk səfərini ABŞ-a etdi, ardından Bakıya gəldi. Səfərindən sonra Mixail Saakaşvili bəyanatla çıxış etdi, dedi ki, dəstəyi okeanın o tərəfində, ABŞ-da axtarıb, amma gəlib Bakıda tapdım. Mixail Saakaşvilinin bu sözləri onu göstərir ki, Azərbaycan Gürcüstan üçün hansı roldadır. Eyni zamanda Gürcüstan Azərbaycan üçün çox önəmli ölkədir, Qərbə çıxış deməkdir. İllərin, əsrlərin qonşusudur. Azərbaycan bütün bunları nəzərə alır. Bu iki ölkəni qarşı-qarşıya qoymaq, toqquşdurmaq, əgər kimlərinsə belə bir cəhdi varsa, əminəm ki, alınmayacaq. Çünki buna hər iki dövlətdə olan sağlam düşüncəli siyasətçilər imkan verməyəcəklər”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR