İnsanlara hürriyət, millətlərə istiqlal!

Şüurlu vətəndaşların “ağlar-qaralar” ayrı-seçkiliyi

1274 30.03.2021 10:00 Yazarlar A A

Bir simsar adam danışır, deyir: “O gün sübh tezdən yolda maşınım xarab oldu, evakuatorla küçəmizə gətirdim, yerə endirəndə bir də görürəm, 3-4 ev o tərəfdəki qonşu qaça-qaça gəlib maşının böyrünə-başına baxır ki, görsün, vuruğu-cırığı yoxdur ki. Alçaq!”

Deyirəm, ta alçaq niyə olur, təbiidir, qonşu-qonşuya nə gündə lazımdır, ürəyi yanıb, kömək etmək istəyib.

Yaxın adam deyir, əşi, yox e, nə kömək, nə ürək, xeyrə-şərə yaramazın biridir, 17 ildir qonşuyuq, 5 dəfə salam alıb-verdiyi olmayıb.

Deyirəm, yaxşı, bəs onu nə vadar etmişdi ki, səhər saat 8-də qaça-qaça yanına gəlmişdi.

“Nəyə gələcək? Ona görə gəlmişdi ki, maşının vuruğu varsa, polisə xəbər versin. İşverənlik eləyir qurumsaq”.

Hə, bu başqa məsələ. Demək, adam hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

Bu işin adı rəsmi dairələrdə elə olsa da, camaat peşənin adını həqarətlə çəkir: “Sukalıq etmək”. Keçmişdə də “çuğul” deyərmişlər.

Onlardan çox adamın xoşu gəlmir, amma Allah adamın üstünə od tökər, cəmiyyət üçün faydalıdırlar. Xasiyyətlərini götürsək, bəlkə də çoxununku murdardır, gördükləri iş isə dövlətə, cəmiyyətə xeyir verir.

Düzdür, onların məqsədi heç də cəmiyyətə xeyir vermək deyil, olsa-olsa, 3-5 manat qabağa düşməkdir, amma onların bu xidmətləri müqabilində nə qədər cinayət işinin üstü açılır.

Buna görə hər ay nə qədər polkovnik, mayor mükafat alır, təriflənir, övladları orda-burda “filan cinayət işinin üstünü mənim papam açdı” deyə fəxr edirlər, amma canilərin yaxalanmasında 1 nömrəli rolu oynayan işverənin oğlu susur, deyə bilmir ki, caninin yerini polkovniklərə onun atası xəbər verib.

Bax, belə bir urvatsız, hörmətsiz peşə. Hələ bunun hal şahidləri institutu var... Aləmdir. Adamların həyatından roman yazmaq olar. Nə qədər murdarlıqlara şahid olub, şahidlik ediblər, yaz, yaz, bitməz.

Fəqət inkişaf etmiş ölkələrdə eyni işi görənlərin hörməti başqadır, onlara “şüurlu, fəal vətəndaş” deyirlər. Bu şəxslər gördükləri, şahid olduqları qəbahət və cinayətlər barədə ləngimədən orqanları xəbərdar edirlər, lazım olsa, gəlib məhkəmədə üzə də dururlar və alqış qazanırlar. Avropada hal şahidləri pul qazanmırlar, eləcə, hüquq-mühafizə orqanlarından təşəkkür alırlar və bu, onlara bəs edir.

Hərçənd başına pul kəsilən qatı cani haqqında məlumat verməyə görə xəbərçiyə pul mükafatı verilməsi ənənəsi Avropada da var və bu iş müqabilində pul qazanmaq şövqü ilə alışıb-yanan şüurlu vətəndaşlar da az deyil.

Son vaxtlar ölkəmizdə, maşallah, şüurlu vətəndaşlar çoxalıb. Çoxalmasalar da, çox fəallaşıblar, bir küçəni, məhəlləni boş buraxmırlar, qırmızı bantlı avtomobillər, maşından tökülüşən xonçalı qadınlar görən kimi şüurları oyanır və əlaqədar strukturlara zəng edirlər ki, gəlin, burada ağır cinayət hadisəsi baş verir. Onlar da gəlirlər, “caniləri” cələkləyib divara söykəyir, hal şahidlərini siyahılaşdırıb cərimələyirlər.

Bu xüsusda adını çəkmək istəmədiyim həmkarım və qonşum yenə də fərqlənib. Onun redaksiyasında çalışan reportyor “Filan restoranda 200 nəfərlik toy məclisi təşkil olunub” başlıqlı xəbər yazaraq, redaktora göndərib, daha sonra özü dəvət əsasında başqa bir toya gedib. Redaktorlar isə sosial şəbəkədə gənc jurnalistin adını çəkərək hüquq-mühafizə orqanlarına müraciət ediblər ki, onu cərimələyin.

Əlbəttə, o jurnalist işin içindən çıxacaq, deyəcək, toyu çəkməyə, ifşa etməyə getmişdim. Bəs baş redaktorun etdiyi hərəkətin adı nədir? Əlbəttə ki, bu, şüurlu vətəndaşlıq hadisəsidir. Yeri gəlsə, o cərimənin pulunu baş redaktor özü verəcək, əvəzində peşənin prinsipləri tapdalanmır.

Əslində bu yazıda da şüurlu vətəndaşlıq elementləri var. Məsələn, deyirlər ki, şəhərdə hər gün 200 nəfərlik toy məclisi keçirən şadlıq sarayları var. Adları da çəkilir. Ancaq o şadlıq saraylarında toy edənlər cərimələnmir, adı çəkilməyənlərdə məclis təşkil edənlər isə cərimələnir.

Şeytan deyir ki, araşdır, şənlik məclisləri təşkil edən iaşə müəssisələrinin adını yaz. Amma bilirsən ki, xalqımız buna pis ad qoyacaq. Belə olanda da düz gəlmir, adamın qolu soyuyur.

Bəs cərimələnənlər yazıq deyil? Ayrı-seçkilik olur axı. Ya toy edənlərin hamısı cərimələnsin, ya da heç biri cərimələnməsin. Yoxsa milləti “ağlar” və “qaralar”a bölmək düzgün deyil.

Ən pisi isə odur ki, “şüurlu vətəndaşlar” da ayrı-seçkilik edirlər, “ağlar”ı satmırlar, “qaralar”ı isə baqaja qoyur, divara söykətdirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR