İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada ilaxır çərşənbə

1511 19.03.2019 09:40 Yazarlar A A

Paşinyan Azərbaycan xalqını sülhə hazırlayacaqmış. Ən absurdu odur ki, bu bəyanatı o, məhz oğrun yolla, “arxa qapı”dan keçib gəldiyi işğal altındakı Qarabağda, evimizin içində, çağırılmamış qonaq olaraq verib! Yenə İrəvanda oturub sülh bayatısı oxusaydı, bəlkə səmimi görünə bilərdi...

Təəssüf, sələfləri kimi, Paşinyanın nəzərində də bizim üçün sülh məhz təslimçi sülh anlamındadır. Çünki ermənilərin düşüncəsində Azərbaycanla barış Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi deməkdir. Üstəlik, biz separatçılara “ana-Ermənistan”la quru əlaqəsi üçün “dəhliz” də verməliyik.

Azərbaycan xalqını Paşinyan belə bir “barış”a hazırlamaq istəyir. Əks halda, təkrar edirik, bu bəyanatı o gəlib Azərbaycandan səsləndirməklə  özünü gülünc duruma salmazdı.  Sanki hansısa quldur-bandit sənin evinin 20%-ni yağmalayıb, illərdir orada məskunlaşıb, hələ qohum-əqrəbasını da ora yerləşdirib, sonra da ev yiyəsinə təklif edir ki, olan oldu, keçən keçdi, gəl bu evdə dinc-yanaşı, sülh içində yaşamaq barədə anlaşaq... 

Yəqin Paşinyan da ondan öncəkilər kimi, azərbaycanlıları “torpaq əvəzinə torpaq (Qarabağ)” şərəfsizliyinə gedəcək qədər avam sayır. Öz torpaqlarımızı siyasi bazarlığa çıxaracağımızı zənn edir. Ötən 30 il bunlara dərs olmadı. Hələ də onlara çatmayıb ki, Azərbaycanda belə alverə, kapitulyasiyaya qol qoyacaq lider, siyasi qüvvə, partiya, QHT, siyasətçi yoxdur, olmayacaq, gözlənilmir!..

Əlbəttə, Azərbaycan xalqını sülhə hazırlamağa ehtiyac yoxdur. Hansı hazırlıqdan, nəyə hazırlıqdan söhbət gedir? 6 rayon yarımın boşaldılması qarşılığında Dağlıq Qarabağı “Laçın dəhlizi” ilı birgə Ermənistana peşkəş eləməkdən, yaxud torpaqlarımızda ikinci saxta erməni dövlətinin yaranmasına izn verməkdənmi?

Biz bir qondarma erməni dövlətinin yaranmasına göz yumduq. Əvəzində qardaş Türkiyə ilə 100 ildir altını çəkirik. Ona görə ki, Ermənistan adlı psevdo-dövlət ermənilərdən qat-qat çox Rusiyaya xidmət edib və edir. Moskvanın, xristian güc mərkəzlərinin əlində alət, maşa rolu oynayır. Erməni xalqının deyil, həmin mərkəzlərin iradəsinə istinad edir. Müasir dövlət suverenliyinin, müstəqilliyin heç bir xüsusiyyətini özündə daşımır. Təsəvvür edin, Ermənistanın Rusiya ilə 2047-ci ilədək qüvvədə olacaq “siğə müqaviləsi” var. 1997-ci ildə 50 illiyə bağlanıb. Allah qoymasa, ondan sonra da uzadacaqlar.  

Elə isə bölgədə ikinci belə bir maşa-dövləti yaradıb Kremli və ya ermənilərin yeni ağalarını sevindirməyə dəyərmi? Hətta Dağlıq Qarabağa müstəqillik verilsə və ya o, Ermənistana birləşdirilsə belə, bölgəyə sülh gəlməyəcək. Ermənin torpaq iştahası bitməyəcək. Əksinə, əmin olun ki, iştah daha da artacaq. Çünki Naxçıvan, Qars var. Ona da əmin olun ki, gələn dəfə erməni rusun, anqlo-saksonun, fransızın daha güclü dəstəyini alacaq. Çətini Azərbaycanın saqqızını oğurlayıb onu “öz müqəddəratını təyin etmə” tələsinə salmaq və presedent yaratmaqdır. Odur ki, bu dəfə Qarabağ məsələsini kökündən, həmişəlik həll eləməliyik...

Bu gün ilaxır çərşənbədir. Artıq 27-ci ildir mədəniyyət incimiz Şuşada, işğal altındakı başqa şəhər-kəndlərimizdə Novruz tonqalı qalanmır, Şuşa məscidindən azan səsi eşidilmir.

Srağagün müdafiə nazirimiz hərbi hissələrin birində əsgərlərimizlə birgə bayram tonqalı yandırıb. Simvolik hadisədir. Bu, o deməkdir ki, belə tonqallar Şuşada, üzünə həsrət qaldığımız digər şəhər və kəndlərimizdə də qalanacaq. Ancaq bundan ötrü gərək əvvəlcə işğalçının ayağının altındakı torpağı yandıra bilək. Bunu isə Azərbaycan Ordusu edə bilər və edəcək İnşallah.

Odur ki, Paşinyan nə qədər gec deyil, qoy öncə özünü və öz xalqını sülhə hazırlasın. Çünki yad torpaqlara göz tikməklə sonu görünməyən bəlaya düçar olan erməni xalqıdır, biz yox, onu yanlış yönləndirən də avantürist erməni rəhbərləridir, Azərbaycan yetkililəri yox.

Ermənilər dərk etməlidirlər ki, özlərinə aid olmayana, harama əl uzadıblar, onu gec-tez qaytarmaq gərəkdir! Yəni başlarına ağıl qoyulmalı, özgə torpaqlardan çıxmağın zəruriliyinə inandırılmalı toplum məhz onlardır. Bizim şükür ki, belə dərdimiz, problemimiz yoxdur...

Bir az da tələssinlər və düşünməsinlər ki, Şuşada azan səsi daha eşidilməyəcək, ilaxır çərşənbə tonqalı Qarabağda qalanmayacaq. “Su gələn arxa bir də gələr”. Və gələcək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR