Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Şuşa söhbətləri" layihəsinin təqdimatı keçirilib.
Musavat.com bildirir ki, tədbiri giriş sözü ilə İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə açaraq, layihə haqqında məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi Qarabağın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir. Layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı Nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək və fikir mübadiləsi aparılacaq.
![]()
Tədbirdə iştirak edən mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, "Şuşa söhbətləri" Şuşa İlinə həsr edilib: "Biz bu il bütün failiyyətlərimizdə Şuşanı xatırlayacaq və təbliğ edəcəyik. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun qəhrəmanlığı sayəsində biz bu gün Şuşa ilini bayram kimi qeyd edirik. Şuşa bizim mədəniyyətimizin, mədəni elitamızın beşiyidir. Ona görə də bu il Şuşanın əhəmiyyəti haqqında xalqımıza danışmağa çalışacağıq. Biz tanınmış incəsənət xadimlərini, tarixçilərimizi və s. dəvət edəcəyik ki, "Şuşa söhbətləri" çərçivəsində bu şəhərin xalqımızın tarixində, mədəniyyətində rolunu bizlərə anlatsınlar və beləlikcə cəmiyyətimizlə dialoq platforması yaranmış olsun.
![]()
Bu ictimai müzakirələrə hər kəsi fəal iştirak etməyə dəvət edirəm. Bu gün ilk görüş keçirilir. Bundan sonra isə hər ay bu paneldə görüşlər keçiriləcək. Bu müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır. Hər birinizini Şuşa ili və Torpaq çərşənbəsi münasibətilə təbrik edirəm".
Qeyd edək ki, davam edən tədbirdə Fəxriyyə Xələfova, Reza Deqati, Mənsum İbrahimov, Nürəddin Mehdixanlı, Zəhra Bədəlbəyli, Rahib Azəri, Zaur Hüseynov qonaq qismində iştirak edir.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com






