İnsanlara hürriyət, millətlərə istiqlal!

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Hər gün bir neçə maşın bu yolda zərər görür - FOTO

738 27.02.2024 18:16 Hadisə A A

Bakı-Quba-Rusiya sərhəd yolunun bəzi hissələrində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkə istifadəçisi Elgün Xıdırov paylaşım edib.

Sözügedən yolla hərəkət edən vətəndaşın sözlərinə görə, avtomobilinə yolun bərbad vəziyyətdə olması səbəbindən ziyan dəyib: “M1 yolunun Xaçmaz istiqaməti indi də bərbad vəziyyətdədir. Şabran ərazisində isə (şəhərə çatmağa təxminən 2-3 km qalmış) yolda əsl təhlükə var. Sürətlə gələn maşın bura düşsə, ən yaxşı halda təkərləri partlayacaq. Pis halda isə artıq özünüz təsəvvür edin. Bəxtim gətirdi ki, pis hal baş vermədi. Yalnız avtomobilimə ziyan dəydi. Bir az qabaqda - yanacaqdoldurma məntəqəsində dedilər ki, hər gün neçə maşın orada zərər-ziyan görür. Mən ora çatanda bir maşın məndən bir az əvvəl ora düşüb domkrat gözləyirdi ki, təkəri dəyişə bilsin. Bizdən də əvvəl neçəsi düşmüşdü”.

Məsələyə nəqliyyat eksperti Ərşad Hüseynov da münasibət bildirib. Ekspert adıçəkilən sürücünün dedikləri ilə razılaşıb, yolların cari təmiri məsələsinin vacib olduğunu deyib: “Cari təmir yolun hər zaman istismara yararlı vəziyyətdə saxlanılması üçün lazımdır. Belə təmir operativlik istəyir, yəni yolda təhlükəsizliyə, yol verilən sürətlə rahat hərəkətə mane olan qüsur yaranan kimi dərhal müdaxilə olmalıdır. Bunun üçün kiminsə müraciətinə, kiminsə tapşırığına ehtiyac olmamalıdır. Ölkəmizdəki bütün yollar konkret qurumların balansındadır. Hər bir yol sahəsinin istismarına cavabdeh təşkilat var. Həmin təşkilatlar daim yola nəzarət etməli, aşkar edilən qüsurları (çalaları, qabarmaları, çökmələri, çatları və başqa deformasiyaları) kimdənsə razılıq almadan, kimdənsə göstəriş almadan aradan qaldırmalıdırlar. Özü də dərhal, uzağı bir neçə saata”.

Ə.Hüseynov qeyd edib ki, yol təsərrüfatı publik bir xidmətdir: “Bu xidmət keyfiyyətli olmalıdır. Yolda olan qüsur sadəcə avtomobillərə ziyan vurmur. Bu, həm də sürücünü lazımsız və təhlükəli manevrlər etməyə məcbur etməklə qəza riskini artırır, sürücünü yorur, rəvan hərəkətə mane olur. Bəzi qüsurlar sürücü və sərnişinlərin həyatı üçün təhlükə doğurur.

Ölkə ərazisinin hər yerində son ay yarımda şaxtalar oldu, qar yağdı. Şaxta və qar yol örtüyünün qüsurlarını daha tez üzə çıxarır, çünki zədəli asfaltın arasına sızan su dondusa, don açılandan sonra həmin yer mütləq dağılacaq. Həm respublika əhəmiyyətli yollarda, həm də şəhər və qəsəbə küçələrində belə qüsurlar çoxdur. Ona görə də yol istismar idarələri, İcra Hakimiyyətləri və bələdiyyələr dərhal müdaxilə edərək yolları normal hala gətirməlidirlər. Yol hərəkəti təhlükəsizliyi və keyfiyyətli xidmət bunu tələb edir”.

Qeyd edək ki, yolun böyük hissəsində əsaslı təmir işləri görülüb və açılışı edilib. Lakin magistralın bəzi hissələrinin hələ də təmirə ehtiyacı var.





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR