İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada Türkiyə - Rusiya koordinasiyası

Qarabağ məsələsində də mümkünmü?

Rusiya ilə Türkiyənin Suriya məsələsində kooordinasiyalı hərəkət etdiyi müşahidə olunur. Son zamanlar bu iki ölkənin koordinasiyalı addımları sırasına Suriya məsələsi də daxil oldu. Gələcəkdə bu prosesi Dağlıq Qarabağ məsələsinin həlli üçün də görə bilərikmi? Yoxsa? Rusiya Qarabağ məsələsinə Türkiyəni yaxın buraxmayacaq sona qədər? Qarabağ məsələsində Rusiya-Türkiyə anlaşması baş versə, bu, münaqişənin həllinə gətirər?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq siyasətdə hər ölkənin öz marağı, öz prinsipləri var və bəzən bir bölgədə tətbiq edilən prinsip digərinə keçdikdə dəyişir. Rusiya və Türkiyə hazırda Yaxın Şərqdə öz maraqları naminə ABŞ başda olmaqla, digər qarşı cəbhədə olan güclərlə mübarizə üçün birləşmişlər. Yəni onların bu bölgədə maraqları digər hegemonluq iddiasında olan güclərlə toqquşur və aydındır ki, şərait onları yaxınlaşdırıb, buna görə də müttəfiqlik zərurətindən çıxış edərək birləşiblər. Onları müttəfiqə çevirən ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Avropa Birliyinə daxil olsn ölkələrin bölgədəki maraqlarıdır: “Türkiyə və Rusiyanı ittifaqa təhrik etmiş xarici təhlükə amili ortadan qalxan kimi onlar dərhal əvvəlki mövqelərinə qayıdacaqlar. Rusiya və Türkiyə tarixi böyük imperiyaların varisləridir, onların siyasi təfəkküründə imperiya nostalgiyası qalmaqdadır, Ərdoğan və Putin hər ikisi türk və rus imperiyalarının bərpası iddialarını da gizlətmirlər. Lakin bu proses Dağlıq Qarabağ məsələsinə aid edilməyəcək. Qarabağ məsələsi Rusiyanın 200 illik Cənubi Qafqaz strategiyasının, Rusiyanın bu regionda qalma və möhkəmlənmə geostrategiyasının mühüm bir hissəsidir. O, buraya heç bir xarici gücün müdaxiləsinə imkan verməyib, bundan sonra da verməyəcək. Bu gün Rusiyanın Türkiyəyə olduğundan daha çox, Türkiyənin Rusiyaya ehtiyacı var. Çünki, Suriya məsələsi Rusiyanın birbaşa milli təhlükəsizlik məsələsi deyil, onun qlobal ambisiyalarının həyata keçmə vasitəsidir, halbuki, Türkiyə üçün bu, bilavasitə milli təhlükəsizlik, sərhədlərində baş verən yeni dünya nizamından zərərlə çıxma təhlükəsi, ərazi bütövlüyü və suverenliyin itirilməsi təhdididir”.

Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Politoloq qeyd etdi ki, Türkiyə bu məsələlərdə proseslərə yön verən ABŞ, Avropa və rəqib bölgə ölkələri ilə savaş halındadır, vəziyyətdən çıxış yolu üçün Rusiyanın müttəfiqliyi ona vacibdir, Qarabağa görə o, Rusiya kimi qiymətli bir müttəfiqlə aralarında narazılıq yaranmasını istəməz: “Türkiyə Rusiyadan milyardlarla dollarlıq hava hücumundan müdafiə sistemləri ona görə almayıb ki, bu mütəfiqlikdən Qarabağ məsələsini həll etsin, Türkiyə bununla ABŞ və Avropaya, yəni üzvü olduğu NATO-dan ona görə üz çevirməyib ki, Rusiyanın yanında əldə etdyi bonusları Qarabağa görə xərcləsin. Bu, cənub sərhədlərində kürd dövlətinin, terror dəhlizinin yaradılmasının qarşısını almaq üçündür və Ərdoğan bu məsələdə ABŞ-ı güzəştlərə vadaf etmək üçün milyonlarla dollar pul xərcləyərək, S-400 almaqla, digər birgə nüvə və enerji layihələri həyata keçirməklə Rusiya ilə ittifaq yaradıb və bunun Qarabağ üçün sərf ediləcəyi inandırıcı deyil. Doğrudur, Ərdoğan daima beynəlxalq platformalarda Qarabağ məsələsinin ədalətli həllinə çağırışlar edir, hətta əvvəlki illərdə Soçidə Putinlə görüşdə bu məsələni qaldırmışdı. Lakin Putinin bu məsələyə isti yanaşmadığını hiss etdirməsindən sonra xeyli geri çəkildi və biz onların sıx təmaslarında Qarabağ məsələsinin müzakirə mövzusu olmasına şahidlik etməmişik. Türkiyə o vaxt Qarabağ məsələsinə qayıda bilər ki, Putin buna etiraz etməsin. Görünür, Putin Ərdoğanı Türkiyə ilə Rusiyanın birgə qlobal hegemonluq potensialına, liderlik taxt-tacını ABŞ-dan qopara biləcəklərinə inandırıb və belə bir ali məqsəd izində olan Türkiyə liderinin Qarabağa görə Putinlə qarşıdurmaya getməsi inandırıcı deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2019

BÜTÜN XƏBƏRLƏR