İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya müharibəsinin qalibi hansı ölkədir?

1254 21.10.2019 08:20 Dünya A A

Üç Avropa nəhəngi Ərdoğanla görüşə can atır - səbəblər

Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Boris Consonla birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətində olduqlarını açıqlayıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb. Fransa prezidenti qeyd edib ki, görüşün yaxın həftələrdə Londonda keçirilməsi planlaşdırılır.

Bu xəbərin yayılması Türkiyə rəhbərinin dünya siyasətinin  mərkəzi nöqtəsində dayandığını bir daha sübut edib. Görüşün hansı zərurətdən doğduğu, görüşdə hansı məsələlərin müzakirə ediləcəyi ilə bağlı çoxsaylı mövqelər sərgilənir. Əksəriyyət Suriya məsələsinin müzakirələrin əsasını təşkil edəcəyini düşünür. Bununla yanaşı Suriya müharibəsinin qalibinin kim olduğu yönündə müzakirələr də gedir.

Türkiyə ilə Amerika arasında razılığın əldə olunması ilə əlaqədar rəsmi Ankaranın 120 saatlıq əməliyyatları müvəqqəti dayandırdığı hər kəsə məlumdur. Razılaşmaya əsasən, qoyulan müddət başa çatana kimi Türkiyənin göstərdiyi ərazilərdən terrorçular geri çəkilməlidir. Bu sürəc bitdikdən sonra qardaş ölkənin yenidən əməliyyatlara başlamasına ehtiyac qalıb-qalmayacağı ilə bağlı fərqli fikirlər səslənir. Eyni zamanda, Amerikaya inanıb-inanmamaqla bağlı da polemika açılıb.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu üç Avropa ölkəsinin rəhbərinin Ərdoğanla görüş istəyini bu cür izah etdi: “Suriya məsələsində əsas həlledici dövlətlər bəllidir. Bu - Rusiya, Türkiyə və Amerikadır. Adını qeyd etdiyim dövlətlər ətrafında müzakirələr gedir. Sadəcə, Avropa dövlətləri geri qalmaq istəmirlər. Ona görə Ərdoğanla üçlü bir zirvədə görüşmək istəyirlər. Yəni demək istəyirlər ki, bölgədə biz də varıq. Amma bəllidir ki, Avropa çox zəifdir. Avropa Amerikanın dediyinin tərsinə də gedə bilmir. Amma bilmək istəyir ki, bölgədə nə baş verir. Ərdoğanın əli xeyli güclənib. ABŞ kimi supergüc Ərdoğanın qarşısında güzəştə getdi. Bu mənada Avropa faktiki Türkiyənin qarşısında zəif kimi görünür. Bunun görünməməsi üçün Ərdoğanla görüşə ehtiyac duyublar”.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli Suriya məsələsində qalibin hələ müəyyənləşmədiyini düşünür: “Suriya müharibəsi hələ bitməyib. Ona görə düşünürəm ki, qalib elan etmək tezdir. Düzdür, ölkə ərazilərinin böyük hissəsinə Rusiya və İranın dəstəklədiyi Əsəd rejimi nəzarət edir. Bundan da irəli gəlib söyləyə bilərik ki, Suriya müharibəsinin qalibi Rusiyadır. Taktiki baxımından Rusiya Suriya müharibəsinin qalibi kimi görsənə bilər, amma Türkiyə sərhədi boyu təhlükəsizlik zonasını qurub, orada 4 milyona yaxın qaçqın və köçkünləri yerləşdirə bilsə, onda strateji baxımdan, gələcəyə baxış nöqteyi-nəzərindən bu müharibənin qalibi Türkiyə olacaq. Çünki ”Sülh çeşməsi" antiterror əməliyyatından sonra Türkiyə ilə sərhəd boyu qurulan təhlükəsizlik zonasında suriyalı qaçqın və köçkünlərin həyatı təmin edilsə, orada deyilən kimi şəhərlər, qəsəbələr salınsa, bu dövlət içində alternativ dövlət deməkdir və həmin o alternativ dövlət də gec-tez Dəməşqi də nəzarətə götürəcək. Çünki Suriyada böyük əksəriyyət sünnilərdir və onlar da bildiyiniz kimi ələvi rejimə müxalifətdirlər və bu sünnilərin də arxası, dayağı Türkiyədir. 1905-ci ildə Rusiyada inqilab cəhdi oldu, lakin bu cəhd amansızcasına qan tökülərək yatızdırıldı. Trotski başda olmaqla bir neçə inqilabçı ölkəni tərk etməyə məcbur oldu. Amma 12 ildən sonra Rusiyada inqilab baş verdi. Deməyim odur ki, xalq ayağa qalxırsa, rejimlər gec-tez gedir. Suriyada da belə olacaq, Əsəd rejimi gedəcək. Bax belə olan halda Suriyada söz sahibinə Türkiyə çevriləcək. Çünki Suriya müxalifətinin əsas dəstəkləyən, arxasında durub tam məhv edilməsinə imkan verməyən qardaş ölkədir. Həmin o təhlükəsizlik zonasında qurulan yeni Suriya gələcək Suriya olacaq və bu gələcək Suriyanın da memarı Türkiyə olacaq. Əsəd rejimi bu vətəndaş müharibəsindən çox yıprandı və daha əvvəlki kimi ölkəsini idarə edə bilməyək. Bu da sonda Əsədin hakimiyyətdən getməsinə gətirib çıxaracaq. Əsədin iqtidardan getməsi baş verəcək. Rusiya, sadəcə, Əsəd rejiminin ömrünü uzatdı. Böyük siyasətdə bərabər hüquqlu tərəflər bir-birlərinə inanmır, sadəcə, müvəqqəti hansısa məsələlər barədə anlaşırlar. Türkiyə Amerikaya inanmır, sadəcə anlaşır. O ki, qaldı razılığa əməl olunması, bu, Amerikadan asılı olacaq. Amerika PKK-yə hələ də tam nəzarət edirsə, onları istəsə, bunun üstündə dursa, razılığa əməl etdirə bilər. Hələlik mən bunu tam şəkildə görmürəm. Əksinə, terrorçular hücumlar edirlər, türk əsgərinin pozisiyalarında şəhid var. Təhlükəsizlik zonası tam boşalmasa, antiterror əməliyyatı terrorçular oradan təmizlənənə qədər davam edəcək. Qardaş Türkiyə üçün “Sülh çeşməsi”nin hədəflərinə çatması həyati vacibdir. Ya terrorçular özləri göstərilən əraziləri tərk edəcəklər, ya da onları oradan türk ordusu təmizləyəcək. Tampon bölgə Türkiyə üçün qırmızı cizgidir. Geriyə dönüş yoxdur".

Əziz Əlibəyli ile ilgili görsel sonucu

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli üç Avropa nəhənginin Ərdoğanla görüşə əliboş gəlməyəcəyini qeyd etdi: “Əvvəla onu deyim ki, Avropa Birliyi ilə Türkiyənin ortaq maraqları təkcə birliyin Yaxın Şərqdəki planları ilə başa çatmır. Birlik ölkələrini təhdid edən qaçqın problemi onları bir müddət Türkiyənin ayağına gətirdi, amma sonra bu ölkələr ABŞ və Rusiya arasında Türkiyə üçün seçim etməli oldular. Bunun da əsas səbəbi bölgədə Avropa Birliyinin əlinin zəif olması idi. Üstəlik, Avropa belə bir məqamda güclü Türkiyə variantını da qəbul edə bilmirdi. O baxımdan, Türkiyə əleyhinə cəbhədə yer alaraq mövqelərini də açıqlamış oldular. ”Barış Pınarı" hərəkatının gedişində əksər Avropa Birliyi ölkələri Türkiyəyə silah ixracatını dayandırdılar. Xüsusilə də, Almaniya və Fransanın belə addımı Türkiyədə çox qınandı. Daha bir məqam “kürd kartı” idi ki, bütün Suriyada marağı olan dövlətlər Türkiyənin bu problemi hərbi yolla birdəfəlik həll etməsinə razı ola bilməzdilər. Çünki nəticə təkcə kürd separatizminin birdəfəlik həlli deyildi, güclü Türkiyə doğuracaqdı. Buna indilik müvəqqəti də olsa, mane olduqları görünür. 9 günlük əməliyyat prosesi və dünyada yaşananlar əslində yeni Türkiyənin mövcudluğundan xəbər verdi və ABŞ-la məşhur razılaşmadan sonra digər dövlətlər Türkiyəyə qarşı mövqelərini yenidən nəzərdən keçirəcəklər. Onlar sırasında Avropa Birliyinin əsas ölkələri də var. Brexitlə böyük yara alan Birliyin əsas gücləri sərhədlərində rus nəfəsi hiss etmək istəmirlər. Türkiyənin Rusiya ilə müttəfiqliyindən narahatdırlar. Bu baxımdan Ərdoğanla görüş olduqca vacibdir. Onların əliboş gəlməyəcəkləri görüşdə Türkiyə lehinə müəyyən addımlar da atılacaq. Qaldı Türkiyənin Suriyadakı bundan sonrakı addımlarına, Qərb faktiki Türkiyənin qarşısını ala bilməsə də, 120 saatlıq zaman kəsimində YPG qüvvələrinin qorunub salamat şəkildə başqa yerə köçürülməsini təmin edirlər. Bu da potensialda Türkiyəni yenidən təhdid edəcəkmiş kimi görünür".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR