Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar. Sonra dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Prezident İlham Əliyev bildirib ki, ikinci dəfədir tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.

Suqovuşan qədim Azərbaycanın tarixi yeri olduğunu qeyd edən Prezident Azərbaycan xalqının bu ərazilərdə əsrlər boyu yaşadığına və 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığına diqqət ayırıb: “Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki, heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.
Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır. Bu gün burada bir neçə tədbirdə iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır…”.

Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan xalqı ikinci dəfədir milli bayramı olan Novruzu qalib xalq olaraq qeyd edir. Qalib xalqın lideri, müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı Prezident İlham Əliyev və birinci Vitse-Prezident Mehriban Əliyeva qələbədən sonrakı ilk Novruz bayramını Şuşada Cıdır düzündə tonqal qalayaraq qeyd etmişdilər. 30 ilə yaxın erməni işğalında olan müqəddəs torpaqlarımızda ilk dəfə bayram tonqalı qalanması Azərbaycan xalqının bayram sevincini ölçüyəgəlməz dərəcədə yüksəltmişdi. Qələbədən sonrakı ikinci Novruz bayramının da işğaldan azad edilmiş Qarabağımızın füsunkar təbiəti olan Suqovuşanda qeyd edilməsi və Prezident İlham Əliyevin orada tonqal qalayıb xalqı oradan təbrik etməsi qürurvericidir: “Prezident İlham Əliyev təbrik nitqində Suqovuşanın qədim Azərbaycan torpağı olduğuna, bu qədim diyarın təbiətinin gözəlliyinə, buranın həm strateji baxımdan, həm iqtisadi baxımdan ciddi əhəmiyyətli bölgə olduğuna diqqəti cəlb elədi.
Prezidentimiz qeyd etdi ki, mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Həqiqətən də bu, böyük xoşbəxtlikdir. Eyni zamanda bu, Azərbaycan xalqının xoşbəxtliyidir ki, artıq torpaqlarımız azaddır və xalqımızın lideri bayram təbrikini işğaldan azad edilmiş və bu gün böyük quruculuq işləri gedən bölgəmizdən edir”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Suqovuşanda açılışını etdiyi, təməlini qoyduğu vacib obyektlərin sayına diqqət etdikdə Azərbaycan dövlətinin qüdrətini bir daha görürük: “Bunu şübhəsiz ermənilər də, dünya da görür və hər kəs bundan nəticə çıxarmalıdır.
İşğaldan azad olunan ərazilərimizə Prezident İlham Əliyevin ilkin səfərlərindən bir də məhz Suqovuşana olmuşdu. Həmin vaxt Azərbaycan xalqını təbrik edən Prezident qısa müddətdə bu ərazilərimizdə abadlıq-quruculuq işlərinin aparılacağını bildirmiş orada olan strateji su ehtiyatlarından uzun illərdir istifadə edə bilmədiyimiz torpaqlarımızın əkilib-becərilməsi üçün istifadə ediləcəyini açıqlamışdı. Ötən müddət ərzində bu istiqamətdə böyük işlər görüldü, yollar, su kanalları çəkildi, enerji təchizatı təmin edildi, mühüm strateji obyektlər tikildi və hazırda bu işlər sürətlə davam etdirilir. Suqovuşan qəsəbəsinə çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatı, qəsəbədə fərdi evdə aparılmış təmir-bərpa işləri, tam orta məktəbin binasının əsaslı təmiri, bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun yaradılması, yeni məscidin təməlinin qoyulması, “N” saylı hərbi hissəsinin açılışı, turizm kompleksinin təməlinin qoyulması və digər layihələr burada tikinti, quruculuq işlərinin miqyasının böyüklüyü haqda xoş təsəvvür yaradır.
Vətən torpaqlarında sülh və əmin-amanlıq içərisində yaşamaq üçün ilk növbədə iki mühüm məsələ həll edilməlidir. Birincisi, logistika, kommunikasiya və ən əsası isə təhlükəsizlikdir. Məhz təhlükəsizlik məsələsinə diqqət çəkən Müzəffər Ali Baş Komandanımız dedi ki, sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövləti və Silahlı Qüvvələrimizdir. Prezident Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə xüsusi diqqətini bütün çıxışlarında olduğu kimi, bayram təbrikində nümayiş etdirdi”.
Etibar Seyidağa,
Musavat.com






