Sumqayıtda iki aylıq uşaq necə oğurlandı? – TƏFƏRRÜAT, FOTO, VİDEO - YENİLƏNİB
Azərbaycanda uşaq oğurlayan qadının görüntüləri yayılıb. Ötən gün Sumqayıtda parkdan iki aylıq övladı oğurlanan ana Aysel Əhmədova polisə ilkin ifadəsini verib.
Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə çağırılan 3 uşaq anası, uşağını oğurlayan qadını ifadəsində qismən tanıdığını deyib.
Onun sözlərinə görə, məhəllələrinə gələn qadın onu televiziya verilişlərinin birində gördüyünü deyib və bildirib ki, maddi cəhətdən imkansız olduğuna görə ona köməklik etmək istəyir. Aysel Əhmədova qadınla bərabər yaxınlıqda yerləşən ərzaq dükanına gediblər.
APA TV həmin mağazanın daxilində müşahidə kamerasından çəkilmiş görüntüləri eksklüziv olaraq əldə edib.
Dükanda bazarlıq etdikdən sonra Aysel Əhmədova və naməlum qadın alınan ərzaq məhsullarını evə qoymaq məqsədilə Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanına gəliblər.
Aysel Əhmədovanın qonşusu APA TV-yə açıqlamasında uşağı oğurladığı bildirilən qadını ilk dəfə gördüyünü deyib: “Ayseli soruşan qadın “Pampers”ə qədər hər şey almışdı. Qalxdılar yuxarı, evdə bir xeyli oturdular. Təxminən 4-5 saat. Sonra üç uşaqla bir yerdə evdən çıxdılar. Üzü parka, dənizə tərəf getdilər”.
Daha sonra Aysel Əhmədova 4-cü mərtəbədə yaşayan qonşusu ilə əlaqə saxlayır. Ona deyir ki, tez 102 xidmətinə zəng vurub desin ki, yanında olan qadın iki aylıq uşağını və əl çantasını götürərək naməlum istiqamətə gedib.
Qonşu uşağı oğurladığı iddia edilən qadının bu məhəlləyə ilk dəfə gəldiyini deyir: “Həmin qadını əvvəl görməmişəm. Özünü alicənab aparan, sözünü bilən insan idi. Bura elə yerdir ki, biz bu məhəlləyə gələn hər kəsi tanıyırıq. Bu qadın əvvəllər bura heç vaxt gəlməyib”.
Sumqayıt polisindən bildirdilər ki, polis mümkün olan bütün versiyaları araşdırır. Qadının keçmiş həyat yoldaşı da ifadə vermək üçün idarəyə dəvət olunub. Araşdırma aparılır.
*****
12:44
Ötən gün Sumqayıtda parkdan iki aylıq körpənin oğurlandığı anın kamera-müşahidə görüntüləri əldə olunub. APA TV-nin məlumatına görə, görüntüdə qucağında körpə uşaq olan bir qadının başqa bir sarı saçlı qadınla parkdan çıxdığı görünür.
Məhz bu görüntülərdən bir qədər sonra Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova 2 aylıq körpəsinin naməlum şəraitdə parkdan oğurlandığı barədə polisə müraciət edib.
Qeyd edək ki, hadisə dünən Sumqayıt şəhərində baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.
Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.






