Sumqayıtda bacısını öldürən şəxs və onun oğlu apellyasiya şikayəti verib
Sumqayıtda bacısını öldürməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və onun oğlu İslam Xəlfəyev barələrində olan hökmdən apellyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 10-na təyin edilib.
İşə hakim Mübariz Zeynalovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu il yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Ş.Xəlfəyev və 1991-ci il təvəllüdlü İ.Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23:00 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xəlfəyev 18 il və Ş.Xəlfəyev 17 müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan ata və oğul apellyasiya şikayəti veriblər.






