Qanunsuz fəaliyyət göstərən mikroavtobus sürücüləri gizli yollarla Bakıya sərnişin daşımağa davam edirlər
Sumqayıtdan Bakıya gediş-gəlişdə çətinliklər yaranıb. Hətta elə olur ki, sakinlər saatlarla avtovağzalda avtobus gözləməyə məcbur qalır. Yaranmış sıxlığı aradan qaldırmaq üçün isə heç bir addım atılmır.
Bu haqda musavat.com-a sakinlər məlumat veriblər. Onların sözlərinə görə, səhər saatlarından başlayaraq Sumqayıt avtovağzalında Bakıya gəlmək istəyən sərnişinlərin istəyi baş tutmur. Onlar saatlarla avtobus axtarmalı olurlar. Sakinlər buna səbəb kimi son günlərdə qanunsuz fəaliyyət göstərən mikroavtobuslara qarşı aparılan reydləri göstərirlər.
Onların sözlərinə görə, qanunsuz fəaliyyət göstərən mikroavtobuslara nəzarət edildiyi üçün artıq Sumqayıtdan Bakıya gəlmək məsələsi çətinləşib: "Hər gün işə gecikirik. İş tapmaq asandır? Bizi qovsalar kim iş verəcək? Mikroavtobusları yığışdırıblar, yaxşı ediblər. Amma bununla iş bitmir axı. Bəs, camaat evinə, işinə necə getsin? Bunu da nəzərə almaq lazımdır. Avtobus sayı çox azdır, dəhşət sıxlıq olur, minə bilmirik. İndi saatlarla avtobus gözləmə zamanı deyil axı, 21-ci əsrdə yaşayırıq".
Sumqayıt sakinləri deyirlər ki, sərnişin sıxlığını görən bəzi fürsətçi sürücülər qiymətləri də artırırlar: "Qatar 80 qəpik olanda heç olmaya millət gedirdi, indi 1 manat olub deyə heç kimə sərf eləmir. Ona görə də, hamı avtobuslarla getməli olur. Sürücülər də insanların çoxluğundan istifadə edərək, Bakı avtovağzalına 40 qəpikdən yox, 50 qəpikdən aparır".
Əldə etdiyimiz məlumata görə, qanunsuz yolla fəaliyyət göstərdikləri üçün xətdən uzaqlaşdırılan və fəaliyyətlərinə qadağa qoyulan mikroavtobuslar gizli yollarla öz işlərinə davam edirlər. Belə ki, bu formada çalışan sürücülər sərnişin kimi ancaq tələbələri daşıyırlar. Daimi gedib-gəldikləri yollar nəzarətdə olduğu üçün qanunsuz fəaliyyət göstərən mikroavtobus sürücüləri müxtəlif ara küçələrlə, dəniz kənarı ilə Bakıya sərnişin daşıyırlar.
Musavat.com






