İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılar niyə Vaqifə heykəl qoymur?

2243 04.12.2021 17:58 Yazarlar A A

Xocavənd ərazisindəki erməni təxribatından xəbəriniz var yəqin. 3 dekabrda Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz bir erməninin hücumuna məruz qalıb. Həmin quduz erməni əsgərimizin silahını ələ keçirməyə (!) cəhd edib, amma təxribatçı zərərsizləşdirib. 

Bu xəbərdən az sonra erməni mediası bir-birinə dəydi. Yenə başladılar ki, guya erməni azaraq Azərbaycan “tərəf”ə keçib. Sonra şivən qopardılar ki, Xocavəndin Çartar kəndinin (Xocavənd şəhərinin 17 km-liyində yerləşən bu kənd 2 oktyabr 1992-ci ildə erməni ordusu tərəfindən işğal olunub, hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə daxildir) 1956-cı il təvəllüdlü hansısa bir “Vartan”ı öldürülüb. Sonra dedilər yox, öldürülməyib, onun azad olunması üçün Rusiya sülhməramlıları Azərbaycan tərəflə danışıqlar aparır.

Bax bu “tərəf” məsələsini tirajlamaqla ermənilər açıq şəkildə həyasızlıq edirlər. Özlərini “tərəf” sayırlar, hansısa Vartanı da “artsax vətəndaşı”. Bunlara quduzluq iynəsi lazımdır yenə. Qarabağdakı döyüş meydanından hələ də sür-sümüklərini yığıb qurtara bilməyiblər, di gəl ki, ağılları başlarına gəlməyib.

Həm də ağızlarında şirə qalıb. Şuşa yaxınlığında hərbçilərimizə qumbara tullayan erməni terrorçusunu tutub Xankəndidəki separatçı-terrorçu rejimə qaytaran Rusiya sülhməramlılarıdır həm də günahkar. Norayr Mirzoyan Azərbaycan əsgərlərinə qarşı terror aktı törədəndən sonra Ermənistanda və Qarabağ erməniləri arasında “qəhrəman” elan olundu, hətta ona, ailəsinə mükafatlar verildi. Budur, növbəti erməni terrorçusu hərəkətə keçdi. Bunlar faşist Njdenin, terrorçu Montenin davamçılarıdır. Nə qədər ki, Xocavənd şəhərinin mərkəzində Qaregin Njdenin heykəli qalır, erməni terroruna son qoyulmayacaq.

Heykəl demişkən, Qarabağa sülh məramı ilə gəlmiş Rusiyanın 1960 hərbçisi bu günlərdə “heykəltaraş” rolundadırlar. Bir müddət əvvəl Xocalı ərazisində rus mütəfəkkirlərinin heykəllərindən ibarət “xiyaban” saldılar, indi də keçiblər Xankəndidə heykəlbazlıqla məşğul olmağa.   

Dekabrın 2-də  Xankəndidə erməni əsilli rus rəssam İvan (Hovhannes) Aivazovskinin büstünün açılışı olub. Bu iş sülhməramlı kontingentin mayoru Sergey Lazevə tapşırılıbmış. Gedib, erməniləri də yığıb başına, erməni rəssamın heykəlinin açılışını edib, “ley-pey”dən sonra dağılışıblar.

Bunların işi-gücü yoxdurmu? Tavriya quberniyasında-Qara dəniz sahilindəki Feodosiya şəhərində kasıb ailədə doğulmuş erməni rəssamın Xankəndidə nə ölümü varmış? Rusiya sülhməramlıları bununla nə demək istəyirlər? Belə çıxır ki, erməniləri Xankəndi, Xocavənd və digər ərazilərə bağlamaq üçün əllərindən gələni edirlər. Azərbaycan dövləti deyir Qarabağda 25 min erməni var, Rusiya rəhbərliyi deyir yox, mən saymışam, 53 mindir. Azərbaycan deyir normal, adam kimi yaşamaq istəsələr, heç bir problem yoxdur, öz vətəndaşlarım kimi himayəmə götürməyə hazıram. Rusiya deyir yox, ehtiyac yoxdur...

Deyən lazım, “tovariş”, sülhü təmin etmək üçün birinci nə lazımdır? Bilmirlərsə, deyək: əvvəlcə Qarabağdakı erməni əhalidən və qanunsuz silahlı birləşmələrdən silahların dərhal toplanması üçün hərəkətə keçilməlidir. Yoxsa bu, nə deməkdir? Rus hərbçisi öz postuna dayanıb, erməni silahlısı-terrorçusu da digər tərəfdə əski parçasını asıb, altında da silahı, texnikası ilə. Sənin işin əvvəlcə qanunsuz silahlı birləşmələri bölgədən, Azərbaycan torpağından rədd etməkdir, silahları yığıb bölgəni təhlükəsiz hala gətirməkdir. Rus hərbçilər gah erməni uşaqlar rusca kitablar paylayır, gah onlara su daşıyır, gah da hansısa erməniyə heykəl qoyur. Azərbaycanın torpağında, şəhərində!!! Sən bölgədə təhlükəsizliyi təmin elə, Azərbaycan dövləti Bakıdakı 30 min erməninin evini qızdırdığı, uşağına təhsil verdiyi, yemək-içməyini verdiyi kimi, Qarabağ ermənilərinə də qayğı göstərsin. 

Ancaq yox, görünür bu, rusiyalı sülhməramlılara sərf eləmir. Əbədi ixtilaflar daha çox lazımdır, ortaya çıxan qənaət budur. Balanslı davransaydılar, bir Azərbaycan rəssamın, ədibin də heykəlini qoyardılar Qarabağda. Heç olmasa Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin...

Sülhməramlılar Laçın dəhlizinə nəzarət etməli olduğu halda, özlərinə aid olmayan işlərlə məşğul olurlar. Məhz buna görədir ki, Ermənistan parlamentinin deputatları Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək, icazəsiz şəkildə Xankəndiyə gəliblər. Hansı haqla? Kimin icazəsi ilə? Sülhməramlılar cavab versinlər! Belə davam etməyəcək!..

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR