İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh sazişi İranda imzalana bilər” iddiası - bəs Şuşanın işğal faktı necə olsun...

2049 30.12.2023 09:27 Siyasət A A

Politoloq: “İran platformasının adının çəkilməsi Tehranın istəyi ola bilər”

Hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə müzakirələr davam edir. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan iki gün öncə bildirib ki, Bakının İrəvana daha bir təkliflər paketini alıblar.

“Əliyev və Paşinyan Sankt-Peterburq sammiti çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin konkret detallarını müzakirə ediblər. Məsələn, görüşlərin konkret yeri və danışıqları başa çatdırmaq üçün son tarixləri”.

Bunu rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.

“Əliyev Sankt-Peterburqda Paşinyanla söhbətə sırf Qərbin bu prosesə qarışmadığına görə razılaşıb. Bilirik ki, son aylarda Azərbaycan liderlər və xarici işlər nazirləri səviyyəsində görüşlə bağlı bir sıra təklifləri rədd edib. Erməni tərəfi də Rusiyanın təşəbbüsünü istəmir. Əsas problem burada yaranır. Bakının Azərbaycandakı Fransa diplomatlarına təzyiqlərini görürük. Burada Bakının məqsədi Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli vasitəçiliyin hansı qiymətə başa gələcəyini digər ölkələrə göstərməkdir. Bu həm də ABŞ və AB-yə yönəlik addımdır. İrəvan nəhayət başa düşməlidir ki, Ermənistan və Gürcüstan istisna olmaqla, Cənubi Qafqazda və onun ətrafında olan bütün ölkələrdə Qərbin danışıqlarda iştirak etməməsi və razılaşmanın Qərbdə bağlanmaması ilə bağlı konsensus var. Rusiyanın da beynəlxalq aləmdə öz problemləri mövcuddur. Buna görə İran ərazisində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını istisna etmirəm”, - o bildirib.

Bəs buna Rusiya, Qərb (ABŞ və AB) necə reaksiya verər? Azərbaycanın özü? İş ondadır ki, Tehranın vasitəçilik təşəbbüsü ilə bağlı yaxın tarixin çox acı təcrübəsi var. Söhbət Şuşa şəhərinin məhz İranın vasitəçiliyi öz üzərinə götürdüyü zaman işğal edilməsindən gedir (8 may, 1992). 

Başqa yandan, əslində İran Rusiyadan da çox ermənipərəst ölkədir. Bunu 30 illik erməni işğalı dönəmində (təcavüzkar üçün yeganə “nəfəslik” rolu oynaması) və ondan sonrakı ilk illərdə də görmüşük. 44 günlük Vətən savaşından sonra Qarabağa Laçın yolu ilə terrorçu-təlimatçıların göndərilməsi (buna görə rəsmi Bakı Tehrana nota verib), separatçılara müəmmalı yüklərin daşınması, azad edilən sərhədimizdə Araz boyu təhdid xarakterli hərbi təlimlər, hədələr və s. 

Qısası, İranın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında platforma-vasitəçi olması mümkündürmü?  

Brüssel platformasının bərpa edilməsi Azərbaycanın siyasi və diplomatik  uğurunun nəticəsidir – Xəyal Bəşirov (ÖZƏL) - Turkic World

 Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə Qarabağ müharibəsi bitəndən sonra sülh sazişinin bağlanması ilə bağlı hansı platformanın seçilməsi uğrunda mübarizə gedir. Amma bu mübarizədə əslində Azərbaycan və Ermənistan iştirak etmir. Mübarizə Rusiya və Qərb arasında gedir: “Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda iştirak etdiyi tədbirlərin birində ayrı-ayrı platformaların, xüsusilə Qərb və Moskva platformasında sülh sazinin imzalanması üçün rəqabətin getdiyini dilə gətirdi və bu rəqabətin müsbət yöndə getməsini arzulayan fikirlər səsləndirdi. Yəni bildirdi ki, biz istərdik bu rəqabət səmimi olsun, həqiqətən də sülh müqaviləsinin imzalanması üçün getsin. Azərbaycan dövlətini narahat edən odur ki, bu rəqabət əslində real sülhün imzalanmasını yubadır. Təəssüf ki, bu rəqabət rəqabəti aparan tərəflərin öz maraqlarının təmin olunması uğrunda gedir. Azərbaycan həmişə bu mövqedə olub ki, Bakı ilə İrəvan vasitəçilər olmadan öz aralarında danışıqlar aparmaqla sülhə nail olunsun. Acaq təəssüf ki, 2020-ci il ikinci Qarabağ müharibəsinə qədər olan çox uzun bir dövrdə bu mümkün olmadı və müharibə qaçılmaz oldu. İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində də Azərbaycanın mövqeyi Ermənistanla sülh müqaviləsinin mümkün qədər tez bir zamanda, tərəflərin öz aralarında razılaşma ilə imzalanması olub. Bu gün də Azərbaycan mövqeyini açıq şəkildə ortaya qoyur ki, biz heç bir vasitəçilərin iştirakı olmadan məsələni öz aramızda danışıqlar apararaq həll edə bilərik”.

Politoloq xatırlatdı ki, Azərbaycan bu istiqamətdə ən yüksək səviyyədə çağırışlar edib. Bu istiqamətdə son zamanlar müəyyən müsbət irəliləyişlər də əldə edilib: “Məsələn, birgə sərhəd komissiyasının İcevanla Qazax rayonunun sərhədində görüşünün keçirilməsinə nail olundu. Eyni zamanda dekabr ayında Azərbaycanla Ermənistan saxlanılan hərbçilərin mübadiləsini heç bir vasitəçilərin iştirakı olmadan danışıqlar apararaq həyata keçirdi. Hətta Azərbaycanla Ermənistan birgə bəyanat da verdi. Yəni Azərbaycanla Ermənistan artıq bir sıra məsələlərdə vasitəçilər olmadan danışıqlar apara və dil tapa bilirlər. Vasitəçilərin iştirakı ilə keçirilən danışıqların isə demək olar ki, nəticəsi olmur. Əgər Azərbaycanda və Ermənistanda iradə varsa danışıqlar və sülh sazişi imzalamaq üçün üçüncü tərəfə ehtiyac yoxdur. Amma regionda öz maraqlarını təmin etməyə çalışan böyük güclər məsələnin Azərbaycan və Ermənistanın öz aralarında həll etməsinə mane olmaq üçün addımlar atırlar. Bunun üçün Ermənistanın mövqeyinə təsir edə bilirlər. Nəticədə İrəvan sülh sazişi imzalamağı yubadır”.

X.Bəşirovun sözlərinə görə, əgər İrəvan qəti iradə ortaya qoya bilərsə heç bir vasitəçilər olmadan Azərbaycanla Ermənistan öz sərhədlərinin bir nöqtəsində də sülh sazişini imzalaya bilərlər. Tarixdə belə təcrübələr olub ki, iki tərəf məhz öz sərhədlərində sülh müqaviləsi imzalayıblar: “Təəssüf ki, Ermənistan hələ ki, qəti iradə ortaya qoya bilmir. Çünki müstəqil deyil, kənar xarici güclərdən asılı vəziyyətdə olan dövlətdir. 

Sülh danışıqlarının və sülh sazişinin Gürcüstanda həyata keçirilməsi təklifləri də irəli sürülüb. Gürcüstan dövləti ən yüksək səviyyədə buna hazır olduğunu bəyan edib. Azərbaycan da buna razı olduğunu bildirib. Amma Ermənistan tərəfindən hələ bu təklifə pozitiv yanaşma tərzini görmürük. Rusiya və Qərb hesab edir ki, əgər sülh sazişi imzalancaqsa məhz onların vasitəçiliyi ilə imzalanmalıdır. Nəticədə artıq üç ildir məsələ uzanır və həllini tapmır. Artıq təcrübə göstərir ki, bu iki qütbdən heç birində sülh sazişinin imzalanmasına qarşı tərəf imkan verməyəcək. Gürcüstan platformasının da təklif edilməsi həm də bundan qaynaqlanır. İndi qarşıdakı dövrdə İran platformasının adının çəkilməsi Tehranın istəyi ola bilər. Lakin hələ Azərbaycan tərəfinin bu məsələyə münasibətdə rəsmi mövqeyi yoxdur. Baxmayaraq ki, 3+3 formatında bir görüşün Tehranda keçirildiyinə şahidlik etdik. Ancaq sülh sazişi üçün danışıqların İranda keçirilməsi və sazişin imzalanmasının İranda baş tutması ehtimalı görünmür. İranın ikinci Qarabağ müharibəsindən sonra yürütdüyü siyasət açıq-aşkar Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı siyasət olub. Son aylar ərzində İranın Azərbaycana münasibətində müəyyən müsbət dəyişikliklər müşahidə edilir. Münasibətlər İran tərəfindən pozulmuşdu və indi münasibətlərin düzəldilməsi istiqamətində İranın özü tərəfindən addımlar atılır. Fransadan, Amerikadan daha çox regiondakı qonşu dövlətlərin Ermənistanla Azərbaycan arasında sülh platforması yaratması daha məntiqli görünür. Əgər İran məsələyə tam səmimi yanaşdığını, yalnız və yalnız sülh sazişinin imzalanmasını, regionda sülhün yaradılmasını istədiyini ortaya qoymazsa, Azərbaycan İran platformasına razı olmaz". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR