İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi əvəzinə aralıq sənəd? - ümidlər 2024-ə keçir, ilin əsas gözləntisi

564 30.12.2023 12:07 Siyasət A A

Noyabr ayında keçiriləcək COP29-a qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün real şərtlər və imkanlar mövcuddur - politoloqdan maraqlı açıqlamalar

2023-cü il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması kontekstində növbəti itirilmiş il kimi tarixdə qalacaq. Ümidlər beləcə növbəti, 2024-ə keçir. Lakin bəzi siyasi müşahidəçilərə görə, bu il tərəflər arasında sülh sənədi imzalanmasa belə, göstərilən səylər nəticəsində əsas hədəfə xeyli yaxınlaşmaq, faktiki anlaşmanın “skeleti”ni razılaşdırmaq mümkün olub. Hətta Bakı və İrəvan ilsonu birbaşa danışıqlara gedərək, ilk dəfə ortaq bəyanat qəbul edib.

Bəs bu ilin pozitiv gəlişmələri 2024-cü ildə sülh sənədinin imzalanması üçün kifayət edəcəkmi? 

“Yeni Müsavat” xəbər verir ki, erməni mənşəli rusiyalı politoloq Karina Gevorkyan Ermənistan mediasına müsahibəsində sülh sazişinin Qərbdə deyil, məhz Rusiyada imzalanmasının daha real olduğunu bildirib. O iddia edib ki, Vaşinqton, London və Parisin Ermənistan və Azərbaycan hökumətlərinə Moskvadan daha çox təzyiq göstərdiyi göz qabağındadır. Yəni guya Bakı və İrəvan Rusiya platformasında özlərini daha rahat hiss edə bilər.

“2024-cü ilin ilk aylarında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi əldə oluna bilər və biz pozitiv ovqatdayıq. Bölgədə mövcud olan müsbət əhval-ruhiyyə İran, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə kənar müdaxilə olmadan ”3+3" formatı çərçivəsində reallaşdırıla bilər". Bunu isə dekabrın 27-də İrəvanda səfərdə olarkən İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında söyləyib. 

Bəs sülh müqaviləsinin təzə ilin ilk aylarında imzalanması realdırmı?

Azərbaycan nəinki indiki şəraitdə, hətta torpaqlarımız isğal altında olduğu  dövrdə belə separatçıları tərəf kimi qəbul etməyib", son xeberler

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, 2023-cü ildə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı tamamilə fərqli şərtlər formalaşdırıldı. 2022-ci ildən fərqli olaraq 2023-cü ildə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsində, sülh gündəliyində artıq Qarabağda ermənilər, onlara hər hansı status verilməsi məsələsinin müzakirəyə çıxarılması və ya onların hüquq və təhlükəsizliyi ilə bağlı məsələlərin gündəmdə olması sıradan çıxdı. Azərbaycan 19-20 sentyabrda keçirilən antiterror əməliyyatı ilə, uğurlu bir gedişlə Ermənistanı bu yükdən də azad etdi. Sülhə aparan yola, sülhə mane olan ciddi bir maneəni aradan qaldırmış oldu: “Bununla da əslində Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına əsas problem olacaq maneə aradan qaldırıldı. Təbii ki, bu, heç də Ermənistanın bir çox dairələrinin və Ermənistanın Qərb havadarlarının xoşuna gələn bir nəticə deyildi. Çünki məhz Qarabağdakı separatçı qüvvələr üzərindən bölgəyə təsir imkanlarını qoruyub saxlamağa çalışan həm Ermənistan daxilindəki revanşist qüvvələr, həm də onların Qərb havadarları bu rıçaqın itirilməsini özlərinin maraqları üçün ciddi təhdid kimi qiymətləndirirlər. Amma təbii ki, bu reallığı dəyişmək istiqamətində edilən bütün cəhdlər, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qarşısında Azərbaycan əleyhinə qaldırılan iddiaların təmin olunmaması, Beynəlxalq Ədalət Məhkəməsinin  çıxardığı nisbətən obyektivliyə yaxın qərarlar, Azərbaycanın təzyiqlərə qarşı sərgilədiyi qətiyyətli mövqe Ermənistanda da bu fikirləri bir daha qətiləşdirdi ki, təzyiqlərlə Azərbaycana təsir etmək və Azərbaycanı yolundan döndərmək mümkün olmayacaq”. 

Politoloq qeyd etdi ki, belə təəssüratlar fonunda bu ilin son ayında-dekabrda Ermənistanla Azərbaycan arasında birbaşa təmaslarla unikal bir nəticə əldə olundu: “Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş Naziri Aparatı arasında hərbi əsirlərin və saxlanılan erməni hərbçilərin dəyişdirilməsi ilə bağlı, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi ilə bağlı Ermənistanın iddialarını geri çəkməsi və Azərbaycana dəstək verməsi haqda birgə bəyanat verildi. Hər iki məsələdə müsbət nəticə əldə olundu. Bu da hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı ümidləri kifayət qədər artırmış oldu. Təəssüf ki, müddət kifayət qədər az idi və dekabr ayı ərzində ciddi irəliləyişin əldə olunması, sülh sazişinin imzanması ilə bağlı nəticələrin əldə olunması o qədər də real deyildi. Dekabr ayının sonlarında Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderlərinin qeyri-rəsmi olsa da ayaqüstü görüşü zamanı da müzakirənin aparılması hesab edirəm ki, anti-terror tədbirlərindən sonra iki lider arasında ilk görüş kimi çox əhəmiyyətli idi. Bütün bunlar bundan sonrakı mərhələlərdə də məsələləri, münasibətləri vasitəçilər üzərindən deyil, birbaşa iki tərəf arasında həyata keçirmə perspektivlərini formalaşdırır, inamı artırır. Ona görə də hesab edirəm ki, 2024-cü il Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı daha ümidverici bir dövrdür”.

Bununla belə, A.Əliyevin fikrincə, ilk aylarda ciddi bir nəticənin əldə olunacağı, xüsusilə də Azərbaycanda keçiriləcək prezident seçkisinə qədər Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanması üçün real addımların atılacağı inandırıcı deyil: “Nəzərə alsaq ki, Ermənistanın Qərb havadarları qətiyyətli şəkildə Ermənistanı Azərbaycanla birbaşa ünsiyyətdən yayındırmağa, sülh müqaviləsinin sürətli şəkildə imzalanmasına mane olmağa çalışırlar. Bu fonda Ermənistanın qəti iradə nümayiş etdirərək havadarlarının istəklərinə zidd bölgədə sülhü təmin edəcək sülh müqaviləsini imzalamağa hazır olacağı o qədər real deyil. Lakin gələn ilin noyabr ayında keçiriləcək BMT-nin çox mühüm bir tədbirinə - COP29-a qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün real şərtlər və imkanlar mövcuddur. Hesab edirəm ki, gələn ilin ortalarında biz bu istiqamətdə daha ciddi nəticələrin, irəliləyişlərin əldə olunmasını müşahidə edəcəyik”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR