“Sülh olsa Türkiyəyə qayıdaram, Türkiyə gözəldir” – PKK lideri
PKK-nın bir qolu olan KCK-nın rəhbəri və PKK-nın Qəndil dağındakı idarəçisi Cəmil Bayık Almaniyanın “Die Zeit” qəzetinə müsahibə verib.
Avropa.info xəbər verir ki, PKK lideri qəzetə müsahibəsi zamanı sülh olacağı təqdirdə Türkiyəyə qayıdacağını bildirib. O sülh olacağı təqdirdə Qəndil dağından ediləcək bir işin olmadığını, Türkiyəyə qayıdaraq siyasətlə məşğul olacağını söyləyib.
- PKK Yaxın Şərqdə həmişə mənfi bir obraz kimi görünüb. Bu Kobani bölgəsinin İŞİD-in əlindən xilas olunması üçün başladılan əməliyyatlara qədər belə davam edib. Birdən birə yaxşı olaraq ortaya çıxmaq necə bir hisdir?
- Əslində bizi səhv təqdim ediblər. Ola bilsin ki, bizim də səhvlərimiz olub. Amma səhvi olan tək biz deyilik. Avropa və ABŞ bizə hər zaman Türkiyə dövlətinin gözü ilə baxıb.
- Bəs sizin səhviniz nədə idi?
- 1990-cı illərin ortalarına qədər həyata keçirdiyimiz bəzi əməliyyatlar.
- Keçmişdə etdiyiniz, amma bu gün peşman olduğunuz bir hadisəyə misal göstərə bilərsinizmi?
- Türkiyədə kənd müdafiəçilərinə qarşı mövqeyimizə görə peşmanam.
- Kobanidə vəziyyət necədir?
- Kobani çətin günləri geridə qoyub. Hər gün yeni bir yeri geri alırıq.
- Türklərlə kürdlərin arasında sülh ola biləcəyini düşünürsünüzmü?
- Ümid insanı yaşadan bir duyğudur. İlk dövrlərdə də ümidlə bu yola girmişdik. Amma indi təcrübələrimiz və gücümüz var. Hazırda bizi ümidləndirəcək bir məsələ yoxdur.
- Türkiyə üçün darıxırsınızmı? Axı siz orada doğulub boya-başa çatmışınız.
- Sülh olsa Türkiyəyə qayıdaram, Türkiyə gözəldir. O zaman burada nə edəcəm ki, qayıdıb siyasətlı məşğul olaram. PKK-da təqaüdə çıxmaq olmur axı.






