“Süleyman Şah” türbəsinin köçürülməsi Türkiyədə etirazla qarşılandı
Türkiyə hökumətinin qərarına əsasən Süleyman türbə Suriya ərazisində, ancaq Türkiyəyə yaxın bölgədə yenidən inşa ediləcək. Türkiyə ordusu tankların müşayiəti ilə Kobani şəhəri yaxınlığında Eşmə bölgəsi ərazisinə yaxın yerdə türbənin yeni yerini nəzarətə götürüb. Hazırda yeni ərazidə tikinti işləri başlanıb, türbənin yeni ərazisi Türkiyə ordusunun nəzarəti altındadır.
Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb. Ancaq rəsmi Dəməşq hadisəyə sərt reaksiya verib. Suriya XİN olayı Suriyanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Xarici işlər naziri Vəlid Muallim bildirib ki, Türkiyə hökuməti Suriyanın Türkiyədəki konsuluna məlumat versə də, cavab almadan əməliyyatı başladıb.
ABŞ hökuməti türbənin köçürülməsi əməliyyatına münasibət bildirib. Dövlət Departamentinin təmsilçisi “Hürriyet” qəzetinə açıqlamasında əməliyyatın Vaşinqtonla koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib.
Qeyd edək ki, hökumətin “Süleyman Şah” türbəsini ölkə sərhədlərinə yaxın əraziyə köçürməsi birmənalı qarşılanmayıb. Türkiyənin bəzi mərkəzləri bunu həmin bölgədə son zamanlar döyüş əməliyyatlarının şiddətlənməsi, həmçinin, türbəyə təhlükənin artması ilə izah edirlər.
Eləcə də bəzi ekspertlər Ankaranın İŞİD-ə qarşı hazırlanan əməliyyata qoşulmağa hazırlandığı və bu məqsədlə riskli bölgədə zəif yer qoymamaq üçün türbəni və postu köçürüb. Yeri gəlmişkən, hazırda “Süleyman Şah” və onunla birlikdə dəfn olunmuş iki əsgərin cənazələri Türkiyə ərazisində xüsusi hərbi qarovulun nəzarəti altındadır.
Türkiyə müxalifəti isə əməliyyatı kəskin tənqid edib. Ana müxalifət CHP-nin lideri Kamal Kılıcdaroğlu türbənin köçürülməsini “qoyub qaçmaq” adlandırıb. Sitat: “Güclü dövlət qarşılaşdığı ilk təhdiddə torpaqlarını qoyub qaçmaqla deyil, terrorçulara dərs verməklə olur. Bu utanc Türkiyəyə çoxdur. Öz hərbi postunu dağıdıb, öz əsgərlərini geri çəkib, öz torpağını tərk etməyi ”uğur" kimi təqdim etmək danışılmış bir döyüşün sübutudur. “Süleyman Şah”dan qaçma təlimatını verənlər, sabah bu ölkədən qaçacaq. Ancaq Türkiyəyə yaşatdığınız hər cür utancın hesabını soracağam".
Kılıçdaroğlu"twitter hesabında yazıb ki, “terrorçunun önündə əyilən, vətən torpağını satan hökumət sabah qarşılaşacağı digər təhdidlərə qarşı ilk işinin qaçmaq olduğunu göstərdi”.
CHB baş katibi Gürsel Təkin türbənin köçürülməsinə “Şah deyil, mat əməliyyatı olub. 90 illik respublika tarixində ilk dəfə savaşmadan torpaqlarımızı itirdik, bu qəbul ediləcək bir durum deyil” sözləri ilə münasibət bildirib.
MHP sədrinin müavini Semih Yalçın türbə köçürülməsini “vətən torpağının tərk edilməsi” adlandırıb. Sitat: “Bizə görə bu, vətən torpaqlarının tərk edilib boşaldılmasından başqa bir şey deyildir”.
S.Yalçın əməliyyatın uğurlu olması ilə bağlı Türkiyə hökumətinin təbliğat apardığını qeyd edib: “Hökumət oradakı tarixi bağlarımız olan torpaqları tərk etməyə məcbur qalıb. Nə olur-olsun, bu ölkənin silahlı qüvvələri, hökuməti bu torpağı qorumağa borcludur. Ağlımıza gəlir ki, bundan sonra hər dəfə risk yarandıqda, hər dəfə sıxışdırıldıqda sırada hansı vətən torpağı olacaq. Fövqəladə yanlış bir əməliyyatdır”.
Qeyd edək ki, artıq yeni türbənin inşaatı başlayıb. Türbədə dəfn ediləcək Süleyman Şah tarixi mənbələrə görə, 1086-cı ildə Fərat çayını keçmək istəyərkən iki mühafizəçi əsgəri ilə birlikdə Fərat çayında boğulub. Osmanlı dövlətinin qurucularının ulu babası öldüyü yerdə, Fərat sahillərində dəfn olunub və üzərində türbə ucaldılıb.
Osmanlı İmperiyasının dağılmasından sonra “Süleyman Şah” türbəsinin yerləşdiyi ərazi Fransanın müstəmləkəsi olub. 21 oktyabr 1921-ci ildə Fransa və Türkiyə hökumətləri arasında imzalanmış Ankara müqaviləsinin 9-cu maddəsi və 24 iyul 1923-cü ildə imzalanmış Lozan müqaviləsinin 3-cü maddəsinə görə Caber qalası və “Süleyman Şah” türbəsi Türkiyə Cümhuriyyətinin torpaqları kimi tanınıb. Müqaviləyə əsasən, Türkiyə dövlətinin bu türbəni mühafizə etmək üçün orda ordu saxlamaq və bayraq qaldırmaq hüququ tanınıb. Bu müqavilə sonradan müstəqillik qazanan Suriya dövləti tərəfindən qəbul olunub.
Ancaq “soyuq müharibə” illərində Suriya ilə Türkiyə arasında yaranmış gərginlik bir neçə dəfə “Süleyman Şah” türbəsinə də təsir göstərib. Ən böyük böhran isə 1968-ci ildə baş verib. Həmin il Suriya hökuməti Fərat çayı üzərində su bəndi və elektrik stansiyası tikmək qərarı qəbul edib. Təbka bəndinin 5 il ərazində, yəni 1973-cü ildə tikilib təhvil verilməsi planlaşdırılırdı və bu zaman bəndin qarşısında su basacaq ərazilərə Caber qalası və “Süleyman Şah” türbəsi də düşürdü. Suriya hökuməti bunu əsas gətirərək Ankaraya türbənin yerini dəyişdirmək və ya Türkiyəyə köçürməklə bağlı nota vermişdi.
Beləliklə, 1973-cü ildə türbə və hərbi post yeni əraziyə köçürülür. Türbənin yeri ərazisi Karakozak kəndi ərazisində yerləşirdi və 10 min kv.metr sahəni əhatə edirdi. Fərat çayının şərq sahilində yerləşən türbə ilə Hələb arasında 123, Şanlıurfa arasında isə 92 kilometr məsafə var. 2001-ci ildə bəndin böyüməsi ilə türbənin yerinin dəyişdirilməsi bir daha təklif olunsa da, Türkiyə hökumətinin səyləri nəticəsində layihə türbənin mövcud yerinin qorunması yonündə dəyişdirilib və türbə növbəti dəfə köçürülməkdən xilas olub. 22 fevral 2015-ci ilə qədər türbə bu yerdə qalıb.
23 oktyabr 2003-cü ildə Ankarada imzalanmış razılaşmaya əsasən, türbənin yerləşdiyi ərazi yenidən qurulub, türbənin binası içəridən və çöldən bərpa edilib, yeni hərbi post tikilib. Bundan sonra türbə yenidən ziyarətə açılıb.
KƏNAN






