İnsanlara hürriyət, millətlərə istiqlal!

“Stratfor”dan və eks-səfirdən yeni müharibə xəbərdarlığı – böyük layihələr risk altında?

4237 10.03.2016 08:50 Siyasət A A

“Rusiyanın cavabı 8 il öncə Güney Qafqazda verilməli idi”; Türkiyə ilə qarşıdurma ehtimalı energetik projelərdə öncül yer alan Azərbaycanı da çevik siyasət yürütmək zorunda qoyur; “Putini necə ram etməli” sualı Qərbi indi daha çox narahat eləməkdədir... 

Qərblə Rusiya arasında Ukraynaya görə yaranan ziddiyyət Ankara-Moskva münasibətlərindəki kritik durumla bir az da təhlükəli çalar alıb. Son vaxtlar bu barədə həm Qərb, həm də rusiyalı analitiklər tez-tez və daha ucadan danışır, mövcud durumun mümkün sonuclarını hesablamağa çalışırlar. 

Proqnozlar isə yumşaq desək, ürəkaçan deyil. Söhbət ələlxüsus Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Rusiyanın yer aldığı Qafqaz bölgəsi və onun ətrafındakı mürəkkəb və qığılcıma bənd durumdan, habelə həlli uzanan Qarabağ, Abxaziya və Cənubi Osetiya problemləri ilə ağırlaşan situasiyadan gedir. 

Məlumdur ki, Güney Qafqaz Qərb üçün böyük enerji-nəqliyyat xətlərinin keçdiyi, ən azı, 50 milyard yatırım qoyulduğu və qoyulmaqda davam edən çox önəmli bir regiondur. Güclənən müharibə ehtimalları, çözülməyən və Rusiyanın arxasında durduğu etnik-ərazi münaqişələri isə strateji əhəmiyyətli hazırkı və planlaşdırılan layihələrə (Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Supsa, Bakı-Tiflis-Ərzurum, inşası sürətlənən Cənub Qaz Dəhlizı, ilin sonunda təhvil veriləcək Bakı-Tiflis-Qars dəmir yolu xətti və s.) ən ciddi təhlükə kimi qiymətləndirilir.  
            
*** 
Bu təhlükələrin episentrində şübhəsiz ki, Rusiya dayanır. ABŞ, Avropa Birliyi, NATO qarşısında duran əsas problem də Rusiya faktorunu necə təsirsiz hala gətirməklə bağlıdır. Belə görünür, Qərb hələ ki onun yüz faizli məqbul yolunu tapa bilmir. Fakt budur ki, Vladimir Putin prezidentliyə qayıdandan sonra demokratiya paytaxtlarının Kremllə bu problemi dialoq yolu ilə çözmək, ona yerini göstərmək səyləri fiasko olub. Həm də o səbəbə ki, Putin baş nazir olanda (2008) artıq Gürcüstanda Rusiyanın geosiyasi qələbəsi ilə yekunlaşan “5 günlük müharibə” bitmişdi. Bu üzdən dialoq üsulunun artıq gecikmiş və səmərəsiz sayan Qərb siyasiləri də az deyil.           

“Moskvanın cavabı 8 il öncə Güney Qafqazda verilməli idi”. Bunu ABŞ-ın Rusiyadakı eks-səfiri Tomas Pikerinq “Amerikanın səsi” radiosuna söyləyib. Onun qənaətincə, 2008-ci ildə Gürcüstanla avqust savaşından sonra Rusiyanın cəzalandırılmaması Ukrayna və Suriya böhranlarının başlanmasına şərait yaratmış olub: “Gürcüstana gəlincə, Tiflisin Rusiya ilə ehtiyatlı davranması onun Moskvanın hər sözünə qulaq asması demək deyil. Gürcüstan gərək abxazlar və osetinlərə alternativ təklif etsin. Tiflis onlara anlatmağı bacarmalıdır ki,  gələcək Moskvada yox, Gürcüstandadır”.

Yada salaq ki, 2008-ci il avqust müharibəsində Cənubi Osetiyadakı separatçı qrupları zərərsizləşdirmək istəyən rəsmi Tiflis muxtariyyətin ərazisinə daxil olarkən qəflətən rus ordusu ilə qarşılaşıb. Məhz rusların sayəsində Gürcüstan savaşı məğlub başa vurub. Bundan sonra Moskva Gürcüstanın tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini rəsmən tanıyıb, orada böyük hərbi kontingent yerləşdirib. Doğrudur, həmin dövrdə Qərb Moskvaya qarşı sərt bəyanatlar verib, nefti 30 dollar səviyyəsinə qədər endirsə də, bunların heç biri nəticə verməyib. 

*** 


Rusiyanı (Putini) necə ram eləmək sualı hələ ki, Qərb dünyası üzərində Domokl qılıncı kimi asılı qalmaqdadır. Problemə toxunan  ABŞ-ın"Stratfor" kəşfiyyat-analitik mərkəzinin banisi Corc Fridman isə bu arada Avropada yeni müharibənin başlama ehtimalından danışıb. Onun fikrincə, münasibətlərin mövcud sistemindəki prinsipial ziddiyyətlər beynəlxalq vəziyyəti kəskinləşdirə bilər. 

Fridmana görə, Avropa dövlətləri arasında uzun müddətdir müharibələrin olmaması onların yenidən olmayacağına zəmanət vermir. O hesab edir ki, müasir dövrdə beynəlxalq münasibətlərin transformasiyası böyük müharibəyə gətirib çıxara bilər. Analitik Şərqi Avropa, Yaxın Şərq və Sakit Okeanda müharibələrin baş verə biləcəyini proqnozlaşdırıb. Avropada Polşa, Türkiyə ilə Rusiya arasında münaqişəni mümkün sayıb. 
*** 
Rusiyanın yeni təcavüzünü nəzərə alan ABŞ isə son məlumatlara görə, Avropada çoxsaylı tanklar və döyüş vertolyotları cəmləşdirməyi qərara alıb. Bu haqda Pentaqondakı mənbələrə istinadən “Bloomberg” agentliyi yazıb (Virtual.org). Xəbərə əsasən, ABŞ gələn il qitədə uzunmüddətli əsasda özünün ən yaxşı zirehli texnikalarını, “tank qatilləri” kimi tanınan döyüş vertolyotlarını və Rusiyanın zirehli transportyorlarını məhv etmək üçün piyada döyüş maşınlarını yerləşdirəcək. 

Plana əsasən, hərbi texnika uzunmüddətli əsasda, Rusiya ilə mümkün hərbi qarşıdurma zamanı Avropaya yeridilən Amerika qoşunlarının istifadəsi üçün yerləşdiriləcək. “Biz Ukrayna hadisələrindən dərs çıxararaq olduqca gərgin işləyirik”, - deyə Amerikanın Avropadakı qoşunlarının komandanı, general Ben Hoces qeyd edib.


“Bloomberg” onu da yazır ki, soyuq müharibə başa çatandan sonra ABŞ Avropadakı hərbi qüvvələrinin və texnikasının miqdarını azaltmışdı: “İndi ABŞ hərbi texnikasının Avropaya qayıtması Rusiyanı cilovlamaq məqsədi daşıyır. Prezident Barak Obama 2017-cü il üçün bu proqrama 3.4 milyard dollar ayırmağı nəzərdə tutur. Plana görə, ABŞ Avropaya M1A2 ”Abrams" tanklarını və “Apache”, UN-60 “Black Hawk” vertolyotlarını yerləşdirəcək. Habelə Avropadakı hərbçilərinin sayını artıracaq. Hazırda ABŞ Avropada 30 minlik kontingentə malikdir".

Generalın sözlərinə görə, hazırda Rusiya ilə birbaşa hərbi toqquşma riski aşağı olsa da, məqsəd bu toqquşma ehtimalını daha da azaltmaqdır. Pentaqonda Rusiya siyasətini kurasiya edən Evelin Farkas isə deyib ki, Rusiya tərəfi ABŞ-ın çevik reaksiya verməyə qadir olan peşəkar qüvvələrinin olduğuna əmin olmalıdır. “Əgər Rusiya hansısa NATO ölkəsinə qarşı addım atmağa qərar versə, bizim Avropadakı qüvvələrimizə bir daha nəzər salmalı olacaq”- keçmiş Pentaqon rəsmisi deyib.



NATO ölkəsi deyərkən təbii ki, alyansın cənub cinahı sayılan Türkiyə də nəzərdə tutulur. Kremlə bu xüsusda analoji mesajı iki gün öncə Türkiyə baş naziri Əhməd  Davudoğlu ilə Brüsseldə görüşən NATO baş katibi Yens Stoltenberq də vermişdi...   

*** 

Qərb əlbəttə ki, nüvə dövləti Rusiyanın hazırkı rəhbərliyinin mümkün təhlükəli hərbi kaprizlərini önləmək üçün başqa önləyici tədbirlər də görür. Söhbət Moskvaya qarşı maliyyə-iqtisadi sanksiyaların tətbiqindən gedir. Dünən Avropa Birliyi ölkələri Rusiya əleyhinə sanksiyaların müddətini daha 6 ay uzadıb. 

Bundan az öncə isə Avropa Komissiyası Rusiyadan yan keçən və Azərbaycan qazının (“Şahdəniz 2") Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin üçüncü mühüm kəsimi olan TAP-ın inşasını təsdiqləmiş, bununla da Rusiyanın ümidini itirmədiyi ”Cənub axını"nın perspektivini bir az da sıfırlamışdı. Demək, yaranmış situasiya rəsmi Bakını da Rusiya amilini ciddiyə alaraq, çevik addımlar atmaq zorunda qoyur. Təbii ki, qardaş Türkiyə ilə birgə, sinxron şəkildə.

Analitik xidmət

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR