İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yoxlamaları davam etdirir
Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri üzrə inkişaf hədəflərini nəzərdə tutan strateji yol xəritələrinin imzalanmasından ilyarımdan çox vaxt keçib. Bu müddət ərzində xəritələrdə əksini tapan tədbirlərin icrası istiqamətində hansı işlər görülüb? Yol xəritələri nə qədər effektiv icra olunur?
Bu kimi suallara cavabı strateji yol xəritələrinin icra vəziyyətini monitorinq etməklə vermək mümkündür.
Xatırladaq ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” prezident fərmanı 2016-cı ilin dekabrında imzalanıb.
Fərmanla 11 istiqamət üzrə strateji yol xəritəsi də təsdiqlənib. Bunlar “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”dir.

Rəsmi məlumata görə, strateji yol xəritələrinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş keçirilib. Yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1 000-dən çox yazılı təklif verilib.
Fərmanla müəyyən edilib ki, strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Prezident Administrasiyası həyata keçirir. Eyni zamanda strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinə görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məsul olacaq.
Adıçəkilən mərkəz tərəfindən strateji yol xəritələrinin ilk altı aylıq dövrdə icra vəziyyəti monitorinq olunub. 2017-ci ilin oktyabrında bu monitorinqin nəticələri açıqlanıb. Lakin ondan sonra monitorinq prosesi, onun nəticələrinə dair ictimaiyyətə məlumat açıqlanmayıb. Halbuki cəmiyyətdə strateji yol xəritələrinin icra vəziyyətinin qiymətləndirilməsinə imkan yaradan belə monitorinqin davamlı olacağına dair gözləntilər var.
Bu gözləntiləri nəzərə alaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən monitorinqin davam edib-etmədiyini soruşduq. Mərkəzdən “Yeni Müsavat”a verilən məlumata görə, strateji yol xəritələrini icra vəziyyətinin monitorinqi davam etdirilir və yaxın vaxtlarda nəticələr ictimaiyyətə açıqlanacaq.
İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”






