İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin üzünə 13 il ülgüc çəkən bərbər – Nazir statusunda olan köməkçinin torbasını necə tikiblər....

6497 07.07.2020 13:57 Yaxın tarix A A

Yeniyetməlik illərində kiçik məhəllə bərbərxanasında müştəri səsləyən Karl Pauker yəqin ağlına belə gətirməyib ki, nə vaxtsa ölkənin birinci şəxsi onun müştərisi olacaq, həyatı bütövlükdə dəyişəcək, keyfiyyətli xidmətinə görə İosif Stalin ona iki bahalı və dəbdə olan xarici maşın bağışlayacaq, əlavə “bonus” kimi ən yüksək dövlət təltifləri ilə mükafatlandıracaq. Sözsüz ki, kasıb bir ailədə böyüyən Karl bunları ağlına gətirə bilməzdi...

Yəhudi əsilli Karl Pauker 1893-cü ildə Lvovda anadan olub. Atası bərbər işləyib, ailəni çətinliklə dolandırıb. Bir neçə ay ev təhsili aldıqdan sonra Karl Pauker atasının sənətini öyrənib, onun yolunu davam etdirib. O, əvvəlcə məhəllə bərbərxanasında işləyib, təcrübə topladıqdan sonra Budapeştə iş axtarmağa gedib.

Bir müddət yaşayış binalarının zirzəmilərində yaşayan Karl, nəhayət, opera teatrında qrimçi və bərbər işinə düzəlib. I dünya müharibəsinin başlanması yenicə qazanc əldə etməyə başlayan Karl Paukerin həyatını yenidən çətinliyə salıb. O, Avstriya-Macarstan ordusuna hərbi xidmətə çağrılıb. Müharibənin ikinci ilində Pauker ruslara əsir düşüb və Səmərqənddə əsir düşərgəsində saxlanılıb.

Karl Pauker 1917-ci ildə əsirlikdən azad olduqdan sonra Səmərqənddə yaşayıb, bərbər işləyib və əlavə olaraq dərzilik sənətini də öyrənib. Sənəti ilə yanaşı, siyasi proseslərdə fəallıq göstərən Pauker inqilabi hərəkata qoşulub, 1920-ci ildə Sverdlov adına kommunist universitetində altı aylıq kurslar keçib.

Kursları bitirdikdən sonra o, Səmərqənd Fövqəladə Komissiyasında (CK) işə qəbul olunub, həmçinin vilayət Hərbi İnqilab Komitəsi sədrinin köməkçisi vəzifsini daşıyıb.

Bir neçə ildən sonra Karl Pauker “CK”-dakı xidmətini Moskvada davam etdirib, Birləşmiş Dövlət Siyasi İdarəsində (OQPU, sonralar NKVD) əməliyyat şöbəsinin rəisi təyin edilib. 1924-cü ildə Stalinin şəxsi mühafizəsi yenidən təşkil ediləndə Karl Paukerin adı namizədlərin sırasında birinci yer alıb.

Yetərincə çevik, ünsiyyətcil, vəziyyəti anındaca təhlil edib qərar çıxarmağı bacaran Pauker ölkənin birinci şəxsinə mühafizəçi təyin olunandan bir-iki ay sonra Stalinin ən yaxın, ən çox etibar etdiyi şəxslərdən birinə çevrilib.

Karl Pauker hərbi mundir geyinsə də, bərbər xalatını da unutmayıb. Stalinin copur üzü, sıx saçları məhz Paukerin əli hesabına səliqəyə düşüb. Ümumiyyətlə, Pauker Stalinin yanında təkcə mühafizəçi funksiyasını yerinə yetirməyib. O, həm mühafizəçi, həm şəxsi köməkçi, həm bərbər, həm də Stalinin qarderobuna cavabdehlik daşıyan bir şəxs kimi həmişə diqqət mərkəzində olub.

Paukerin xidmət sferası bununla yekunlaşmayıb. Aktyorluq talantına malik olan bərbər mühafizəçi bağ ziyafətlərində Stalini öz məzhəkələri ilə əyləndirməyi də bacarıb. Xüsusilə Zinovyevin edam səhnəsini böyük aktyorluq zövqü ilə yaradanda, Pauker nadir hallarda gülən Stalini uğundura bilib.

Paukerin fəaliyyəti bununla da bitməyib. O, Stalinin şəxsi və məxfi tapşırıqlarını da yerinə yetirib, repressiya maşınının ən təhlükəli və ən amansız sükançılarından biri olub.

Ətrafında olan şəxsləri “xəsisliklə” qiymətləndirən Stalin bu məsələdə Paukerə qarşı səxavətli olub. O, sədaqətli köməkçisinə iki dəfə maşın bağışlayıb, altı dəfə ən yüksək orden və medallarla təltif edib.

Birbaşa Stalinin göstərişi ilə bütün səfərlərdə, rəsmi və qeyri-rəsmi tədbirlərdə Karl Paukerin iştirakı təmin edilərək vacib sayılıb. Stalin bunu həm də öz təhlükəsizliyi üçün edib. Belə ki, ziyafətlərdə onun menyusuna məhz Karl Pauker cavabdehlik daşıyıb.

Təbii ki, Kreml məmurları, Siyasi Büronun üzvləri Stalinin Paukerə olan isti münasibətindən xəbərdar olublar. Buna görə də onlar Karl Paukeri öz vəzifə ranqlarına bərabər tutaraq ona hörmətlə yanaşıblar. Hətta Stalinə xoş getsin deyə 1935-ci ildə Karl Paukeri SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçiblər.

Bərbər mühafizəçinin günü-gündən artan səlahiyyətləri, kiminsə haqqında Stalində mənfi təəssürat yaratmaq qabiliyyəti bir çox məmurlarda qısqanclıq və narahatlıq yaradıb və Karl Paukerin aradan götürülməsi üçün planlar hazırlanıb.

Paukerin fəaliyyəti daha çox “NKVD” rəhbəri Nikolay Yejovu narahat edib. Karl Pauker xidməti vəzifəsinə görə rəsmi olaraq Yejova tabe olub. Sözsüz ki, Yejov tabeliyində olan bir şəxsin Stalinlə yaxın münasibətlərini qəbul edə bilməyib. Digər tərəfdən, Yejov onu da yaxşı bilib ki, Stalin “NKVD”-nin funksiyasına aid olan bəzi məxfi tapşırıqları onun xəbəri olmadan Paukerə həvalə edir.

Nikolay Yejov istədiyinə nail ola bilib. Yaratdığı süni agenturanın “məlumat”larını əsas gətirərək “NKVD” şefi Karl Paukerin xarici kəşfiyyat orqanlarına işlədiyini, ona sui-qəsd hazırladığına Stalini inandıra bilib.

1937-ci ilin aprel ayında Karl Pauker partiya sıralarından xaric olunuraq tutduğu vəzifədən azad edilib və həbs olunub. İstintaq zamanı ona qarşı qaldırılan ittihamlar sübuta yetirilməsə də, materiallar SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilib.

Qapalı keçən məhkəmə Karl Paukeri İosif Stalinə sui-qəsd cəhdində günahkar bilərək, onu ən ağır cəzaya, güllələnmə hökmünə məhkum edib.

Karl Paukerə son söz veriləndə, o, məhkəmənin hökmünü ədalətsiz sayıb, hakimləri isə vicdansız adlandırıb: “Mən məhkəmənin hökmünü tam ədalətsiz sayıram. Bu hökmü çıxaran hakimləri isə yalnız və yalnız vicdansız adlandırmaq olar. Mənim İosif Stalinə qarşı heç bir sui-qəsd planım olmayıb. Düz 13 ildir ki, Stalinin boğazı mənim ülgücümün altında olub. Əgər belə bir planım olsa idi, onu bu illər ərzində həyata keçirərdim...”

14 avqust 1937-ci ildə Moskva vilayətində yerləşən “Kommunarka” poliqonunda məhkəmənin hökmü icra edilərək Stalinin 44 yaşlı “sevimli” bərbəri güllələnib.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR