İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin tapşırığı ilə general Pavlovu oğurlayan mayor – Mamsurov Jukovu necə bada verib?

7898 08.04.2022 14:41 Yaxın tarix A A

O, dörd müharibənin iştirakçısı olub, Rusiya və İspaniyada gedən vətəndaş müharibələrində, sovet-fin və sovet-alman savaşlarında döyüşüb. Bu müharibələrin hamısında Hacı Ömər Mamsurov öz hərbi bacarığı ilə fərqlənib, İspaniyada ona abidə ucaldıblar, Kremldə hərbi mundirinə “Qızıl ulduz” medalı taxıblar.

Mamsurov adi həyatda, dostları və doğmaları arasında inadkar olduğu kimi, xidmətdə də prinsipialığından qalmayıb. Onun inadkarlığı o həddə çatıb ki, ömrünün son illərində ikinci dəfə infarkt keçirdikdən sonra xəstəxanada ona gəzmək qadağan edilsə də, Mamsurov həkimlərin qadağalarına məhəl qoymayıb. Tibb işçiləri onun hərəkət etməsini məhdudlaşdırmaq məqsədilə generalın paltarlarını qıfıllı şkafda saxlayıblar.

Amma Mamsurov yenə də çıxış yolu tapıb, döşəkağına bürünərək xəstəxananın həyətında gəzməyinə davam edib. Ona qouulan tütün qadağasına gəlincə, həyat yoldaşı ona siqaret gətirməyəndə, general xəstəxananı təmir edən rəngsaza pul verərək istədiyi qədər siqaret aldırıb.

mamsurov_h_u_d_02.jpg (53 KB)

Milliyətcə osetin olan Hacı Ömər Mamsurov 1903-cü ildə Vladiqafqazda anadan olub. 1918-ci ildə 15 yaşı tamam olduqdan sonra sənədlərini “itirmiş” kimi özünü yaşca böyük təqdim edərək hərbi xidmətə yollanıb. Vətəndaş müharibəsinin iştirakçısı olub. Mamsurov ordudan tərxis olunduqdan sonra Moskvada Stalin adına Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Stalin bu universitetdə görüş keçirəndə Mamsurov onun diqqətindən yayınmayıb. O, idmançı görkəmli bu cavan oğlana “gərək sən hərbçi olaydın” deyə fikrini bildirib. Bu görüşdən sonra Mamsurov eyni zamanda zabit kurslarında da təhsil alıb.

Mamsurov təhsilini başa vurduqdan sonra gələcək həyatını hərbi xidmətlə bağlayıb və hərbi kəşfiyyatçı kimi xidmətə başlayıb. Qısa müddətdən sonra o, Baş Kəşfiyyat İdarəsinin kəşfiyyat diviziyasına komandir təyin edilib.

Mamsurov 1936-cı ildə İspaniyada vətəndaş müharibəsində “polkovnik Ksanti” adı altında iştirak edib, Madridin müdafiəsində göstərdiyi qəhrəmanlıqlarla fərqlənib.

A4HsNn48BjyCFSjUjYF6JTnASCSKSYM1clpd9dtN.jpg (81 KB)

1937-ci ildə Moskvaya qayıtdıqdan sonra o, Baş Kəşfiyyat İdarəsinin xüsusi şöbəsinə rəis vəzifəsinə təyinat alıb. İki ildən sonra, 1939-cu ildə Mamsurov növbəti “səfər”ə, sovet-fin müharibəsinə göndərilib.

Sovet-alman müharibəsi başlananda Mamsurov qərb cəbhəsində xidmət edib. Müharibənin ilk aylarında sovet qoşunları böyük itkilərə məruz qalanda, komandirlər əsir götürüləndə, bəziləri isə almanlara satılanda bu cür vəziyyət Stalini ciddi narahat edib. Qərb cəbhəsinin komandanı ordu generalı Dmitri Pavlovun fəaliyyəti isə Ali Baş Komandanda böyük şübhələr yaradıb. Aldığı məxfi məlumatlara görə, Pavlov cəbhədə qorxaqlıq nümayiş etdirib, hətta onun nasistlələ satılacağı ehtimalı da istisna edilməyib.

1351588112_03.jpg (95 KB)

Bununla bağlı Stalinlə Voroşilov arasında müzakirə də gedib. Stalin Pavlovun həbs edilməsini vacib sayıb:

- Pavlov qərb cəbhəsinin şəxsi heyəti üçün təhlükədir. Onu komandan kimi saxlamaq hər dəqiqə böyük problemlə üzləşmək deməkdir. Yalnız bir çıxış yolu var, Pavlov həbs olunmalıdır.

Voroşilov Stalini sona qədər dinlədikdən sonra fikrini bildirib:

- Yoldaş Stalin, Pavlovun şəxsi heyət arasında böyük nüfuzu var. Onun həbs olunması qərb cəbhəsində xaos yarada bilər. Hətta onun həbsi şəxsi heyət arasında qarşıdurmaya da səbəb olar. Belə düşünürəm ki, biz onu Moskvaya çağırmalıyıq və burada həbs etməliyik.

- Yox, Kliment, Pavlov bu dəvətdən şübhələnsə hər şeyə əl atacaq. Onun həbsini osetinli mayora (Mamsurov nəzərdə tutulub) həvalə edin. O, bu işin öhdəsindən lazımınca gələcək.

Beləliklə, kəşfiyyatçı Mamsurov Moskvadan məxfi telefonoqramma alıb. O, 8 iyul 1941-ci ildə ordu generalı Pavlovu elə bir peşəkarlıqla “oqurlayaraq” Moskvaya çatdırıb ki, bundan heç kimin xəbəri olmayıb. Ordu generalı 14 gündən sonra Lefertovoda güllələnib.

2_74.png (233 KB)


Müharibə illərində Mamsurov ən problemli cəbhə bölgələrinə ezam edilib, əsasən birbaşa Stalinin əmrlərini icra edib. O, müharibə dövründə son əməliyyatını Berlində həyata keçirib. Onun başçılıq etdiyi diviziya Drezden istiqamətində düşmənin arxasına keçərək Vermaxt qoşunlarını böyük itkilərə məruz qoyub. Bundan sonra isə Mamsurovun diviziyası almanların iki əsir düşərgəsini ələ keçiriblər. Həmin düşərgələrdə 16 mindən artıq əsir azad edilib.

Müharibədən sonra Mamsurov Voroşilov adına Ali Hərbi Akademiyada təhsil alıb, korpus komandiri kimi xidmətini davam etdirib, Macarıstan hadisələrinin iştirakçısı olub.

1957-ci ildə Mamsurov Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini, eyni zamanda Xüsusi Təyinatlı Mərkəzin rəisi vəzifəsində işləyib.

aJP3nTS6Fw6yMbOZfcpv2s3B37gFuh8Xz3sTXEnh.jpg (137 KB)

1957-ci ildə Mamsurovun adı Georgi Jukovun müdafiə naziri vəzifəsindən çıxarılması məsələsində hallanıb. Mixail Suslovun 28 oktyabr 1957-ci ildə Mərkəzi Komitənin plenumunda çıxışında aşağıdakı fikirlər yer alıb:

“Bu yaxınlarda Mərkəzi Komitənin Rəyasət Heyətinə məlum olub ki, yoldaş Jukov Mərkəzi Komitəni xəbərdar etmədən diversiya məktəbinin yaradılmasına qərar verib. Onun yaratdığı məktəb haqqında üç nəfər biləcəkmiş; Jukov, Ştemenko və Mamsurov. Mamsurov isə iki min nəfərin hazırlığı üçün nəzərdə tutulmuş bu məktəbə rəis təyin ediləcəkmiş. Amma Mamsurov vicdanlı bir kommunist kimi bu haqda Mərkəzi Komitəni məlumatlandırdı və biz nazirin bu qanunsuz əməlinin qarşısını vaxtında ala bildik...”

270684.jpg (19 KB)

Suslovun çıxışından belə alınıb ki, Mamsurov Jukovu Mərkəzi Komitəyə satıb. Amma sonrakı müsahibələrində Mamsurov bu məsələyə aydınlıq gətirib: “Mən belə bir məktəbin Mərkəzi Komitədən xəbərsiz yaradılmasını bilmirdim. Hər halda bu gizlədiləsi məsələ deyildi. Çünki bu məktəbdə iki min nəfərin hazırlığı nəzərdə tutulmuşdu. Gec-tez bu fəaliyyət üzə çıxacaqdı. Mən rəis təyinatımı gözləyirdim. Təyinat isə gecikirdi. Nəhayət, belə qərara gəldim ki, təyinatımla bağlı Mərkəzi Komitənin inzibati şöbəsindən məlumat alım. Bütün məsələlər də orada açıldı...”

9XiHFW4I1mHocle1iDUzL8SuYvXVqvrxuZgbuKBy.jpg (134 KB)

Beləliklə, yeni təyinatdan məhrum olan Mamsurov ömrünün sonuna qədər Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini vəzifəsində xidmət edib.

General-polkovnik Hacı Ömər Mamsurov 1968-ci ildə, 64 yaşında vəfat edib. O, Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR