İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin nikahdankənar oğlu - Jdanovun yaxını, Beriyanın həbs etmək istədiyi Kuzakov

7331 26.04.2019 14:01 Yaxın tarix A A

O, özü haqqında heç vaxt geniş danışmayıb, “NKVD” ilə qeyri-rəsmi sövdələşməsindən sonra kimliyi ilə bağlı daha çox susmağa üstünlük verib. Təhsilində və əmək fəaliyyətində öz gücünə uğurlar əldə etsə də, Konstantin Kuzakovu güclü bir “əl” həmişə müdafiə edib, onu qoruyub. Hətta 1940-cı illərdə həmkarları repressiyaya məruz qalanda Kuzakov bu ağır illərdən çox sakitcə keçib.

Leninqrad Fəlsəfə, Tarix və Ədəbiyyat institutunu bitirdikdən sonra vilayət partiya komitəsində təlimatçı kimi ilk əmək fəaliyyətinə başlayan Kuzakov vəzifə pillələrini sürətlə keçərək qısa müddət ərzində Siyasi Büro üzvü Andrey Jdanovun təşəbbüsü ilə Mərkəzi Komitənin təbliğat və təşviqat idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Daha sonra SSRİ kinematoqrafiya nazirinin müavini, “Mosflim”də baş redaktor, SSRİ Mədəniyyət nazirliyində baş idarə rəisi kimi yüksək vəzifələrdə çalışan Kuzakov ömrünün son illərinə qədər şəxsi həyatı ilə bağlı bir həqiqəti gizli saxlayıb. Yalnız SSRİ süquta uğradıqdan sonra Konstantin Kuzakov kütləvi informasiya vasitələrinə əsl kimliyini, Stalinin nikahdankənar oğlu olduğunu açıqlayıb.

Məlum olduğu kimi, İosif Stalin inqilabi fəaliyyətinə görə 1909-cu ilin mart ayında Voloqodsk quberniyasının Solvıçeqodsk şəhərinə sürgün edilib. Gənc Koba iki ay keçməmiş sürgündən qaçıb. Bu qaçışdan sonra onu həbs ediblər. Altı ay Bayıl türməsində cəza çəkdikdən sonra Stalini yenidən Solvıçeqodskə sürgün ediblər. Stalin bu şəhərdə Mariya Kuzakova adlı bir qadının evində kiçik bir otaq kirayə edib. Sürgündə olan şəxs kimi çarın xəzinəsindən ona verilən 7 rubl 40 qəpik pulu o, gündə bir dəfə yemək və kirayə haqqı kimi həmin qadına verib. Mariya Kuzakovanın həyat yoldaşı rus-yapon müharibəsində həlak olub və onların üç övladı olub. Stalin çətin vəziyyətdə yaşayan Mariyaya təsərrüfat işlərində də kömək edib. Ancaq münasibətlər təkcə qarşılıqlı yardım və köməklə bitməyib. Və sonralar şahidlərin də təsdiqlədiyi kimi, Stalinlə Mariya Kuzakovanın arasında çox yaxın münasibətlər müşahidə olunub.

Həmin vaxt Stalinin 32, Mariyanın 34 yaşı olub. Sürgünün müddəti bitdikdən, Stalin sürgündən geri qayıtdıqdan iki ay sonra Mariyanın oğlu dünyaya gəlib. Nikahdankənar doğulmuş uşağa Mariya çox böyük çətinliklə 6 il əvvəl həlak olmuş həyat yoldaşının soyadını verməyə nail olub.

Oktyabr inqilabından sonra, artıq Stalin Nadejda Alliluieva ilə ailəli olduğu dövrdə Mariya Kuzakova ona məktub ünvanlayıb, oğlu haqqında məlumat verib, onun gələcək taleyinə baganə qalmamağı xahiş edib. Məktub ilk olaraq Nadejda Alliluyevanın əlinə keçib və o, bu haqda Stalinə heç nə deməyib. Amma Kuzakovadan köməyini də əsirgəməyib. Nadejda ilk olaraq onların Leninqrada köçməsinə nail olub və ailəni mənzillə təmin edib. Daha sonra təhsil və digər sosial problemləri həll edib.
Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Andrey Jdanov vasitəsilə Stalinə oğlu haqqında məlumat verilib. Stalin bu məsələnin mövcud dövr üçün açılmasını məqsədəuyğun saymayıb. “NKVD” Konstantin Kuzakova bu haqda ciddi xəbərdarlıq edib.

Kuzakovla Jdanovun olduqca yaxın və təmənnasız münasibətləri olub. Lavrenti Beriya “NKVD” rəhbərliyinə gətiriləndə bu münasibətlərə mane olmağa çalışıb. Jdanovu Stalinin sevimli kadrları siyahısından çıxarmaq üçün Beriya Kuzakovdan istifadə etmək istəyib. Məqsədi o olub ki, Kuzakov Jdanovun Leninqraddakı fəaliyyəti ilə bağlı mənfi rəy yaratmaq üçün yazılı şəkildə Stalinə müraciət etsin. Ancaq Beriyanın məkrli planlarına, gizli təzyiqlərinə baxmayaraq Kuzakov “NKVD” sahibinin arzusunu gözündə qoyub. Beriya bundan sonra açıq mübarizəyə keçib. O yaxşı bilib ki, Stalin kimliyindən asılı olmayaraq səhvləri bağışlamır. Elə bu məqsədlə də Beriya Kuzakovun fəaliyyəti ilə bağlı geniş bir məruzə hazırlayaraq Stalinə təqdim edb və orada “NKVD” xətti ilə araşdırılmış nöqsanlar, qanun pozuntuları əks olunub. Məruzənin sonunda Konstantin Kuzakovun həbsinin zəruri olduğu göstərilib. Stalin həmin yazılı məruzəni Siyasi Büronun dörd üzvünə təqdim edərək araşdırma aparılmasını göstəriş verib. Qısa araşdırmalardan sonra məlum olub ki, məruzədəki faktlar heç biri öz təsdiqini tapmayıb. Stalin məruzənin üzərinə dərkənar qoyub: “Konstantin Kuzakovun həds edilməsinə heç bir əsas yoxdur...”

Stalinin ölümündən sonra Kuzakovun həyatında heç bir dəyişiklik baş verməyib. Tutduğu vəzifələrə məsuliyyətlə yanaşan, heç sağlığında da bir dəfə “ata”sının adını çəkməyən Kuzakov əmək fəaliyyətinin son illərini Dövlət Radio və Televiziya verlişləri Komitəsində müavin, departament rəhbəri kimi vəzifələrdə keçirib.

Konstantin Kuzakov 1987-ci ildə təqaüdə çıxıb. O, yalnız bundan sonra Stalin haqqında danışıb və ona oxşadığını qürur hissi ilə vurğulayıb.

Konstantin Kuzakov 1996-cı ildə 85 yaşında vəfat edib. O, Moskvada Yasenevski qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR