İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-də minlərlə insanın həyatına son qoyan Aqranovun hekayəsi- Sonda özü də güllələnib...

5592 03.04.2022 20:37 Yaxın tarix A A

 

Tarixdə insan cəlladlarının sonda özlərinin qurbana çevrildiyi hallara çox rast gəlinib. Xüsusilə, Stalin hakimiyyəti dövründə yüksək vəzifələr tutan və bu vəzifələrin icrası zamanı əsl cəllada çevrilən məmurların sonda ən ağır cəzalara məhkum olması faktları daha çoxdur. Onlardan biri də birinci dərəcəli dövlət təhlükəsizliyi komissarı Yakov Aqranov olub.

1893-cü ildə Çeçersk (Belarusiya) şəhərində anadan olan Aqranov cəmisi 4 sinif bitirib. İlk əmək fəaliyyətinə Qomeldə taxta anbarında başlayıb. Səhhətindəki problemlərə görə o, hərbi xidmətə yarasız sayılaraq orduya çağırılmayıb.

Yakov Aqranov gənc yaşlarından inqilabi hərəkata qoşulub, bolşeviklər partiyasına üzvlüyə qəbul olunub. 1919-cu ildə hərbi xidmətə yarasız olmasına baxmayaraq, onu “ÇK”-ya xidmətə qəbul ediblər. Çox qısa illər ərzində Aqranov xidmət etdiyi qurumda yüksək vəzifələrə təyinat alıb.

1934-cü ildə “NKVD” yaradılanda Aqranov bu qurumun ilk başçısı olan Henrix Yaqodaya birinci müavin təyin edilib. Bu təyinatın əsas təşəbbüskarı İosif Stalin olub. Aqranova bu postda vəzifə funksiyalarından qat-qat artıq səlahiyyətlər verilib. Ölkənin repressiyaya məruz qalmış ən məşhur simalarının istintaqı məhz ona həvalə olunub. Xüsusilə, tanınmış ziyalıların “cinayət işləri” ilə Aqranov məşğul olub. O, uzun-uzadı istintaq aparmağı xoşlamayıb. İşləri yuxarıları qane edəcək səviyyədə qısa müddət ərzində həll edərək minlərlə günahsız insanın həyatına son qoyub.

Vəzifə karyerasında uğurlar əldə edən Aqranov şəxsi həyatını da arxa planda saxlamayıb. Moskvanın mərkəzində, o cümlədə Kremldəki yaşayış binasında Aqranov bir neçə mənzilə sahib olub, bir il ərzində Moskva ətrafında böyük torpaq sahəsində onun üçün bağ evi tikilib. Zəngin həyat tərzini sevən Aqranov komfort yaşayışı üçün özünə və ailəsinə bütün şəraiti yaradıb. Onun bu zəngin həyatı Mərkəzi Komitənin diqqətindən yayınmayıb.

Aqranovu birinci müavin vəzifəsi qane etməyib, o, “NKVD”-də birinci şəxs olmaq üçün bütün mümkün variantlara əl atıb. Bu məqsədlə o, Nikolay Yejovla birləşərək Henrix Yaqodanı vəzifədən uzaqlaşdıra bilib. Amma bu dəfə Stalin Aqranova deyil, Yejova üstünlük verərək onu “NKVD”-yə komissar təyin edib. Yejov Aqranovun nələrə qadir olduğunu yaxşı bilib, onu da yaxşı anlayıb ki, Aqranov gec-tez onun üçün də problemə çevriləcək. O, bütün bunları dərk edərək “NKVD”-nin strukturunda islahatlar aparanda Aqranov birinci müavin vəzifəsini itirərək 4-cü şöbəyə rəis təyin edilib. Az sonra isə Yejov onu Moskvadan uzaqlaşdıraraq “NKVD”-nin Saratov idarəsinə rəis göndərib. Sözsüz ki, bu məsələlər Stalinlə razılaşdırılıb.

Saratovda xidmət edəndə Aqranov hələ də ümidlərini tam itirməyib, gec-tez yüksək vəzifəyə təyin olunacağına inanıb. Amma zaman onun xeyrinə işləməyib.

Həmişə təşəbbüskarlığı ilə fərqlənən Aqranov Saratovda da öz fəallığını itirməyib. O, Stalinə məktub yazaraq heç bir tutarlı fakt olmadan Nadejda Krupskayanın və Georgi Malenkovun həbs olunmasının vacib olduğunu qeyd edib. Məlum olduğu kimi Malenkov Stalinin ən yaxın silahdaşlarından biri sayılıb. Aqranovun bu məktubu Stalinin qəzəbinə səbəb olub. Bu məktubdan sonra, 1937-ci ilin iyul ayında Aqranov Moskvaya dəvət olunub. O elə düşünüb ki, dəvət yeni vəzifəyə təyinatla bağlıdır. Mərkəzi Komitədə onu Georgi Malenkov qəbul edib. Görüş cəmisi bir neçə dəqiqə davam edib. Aqranov Saratovda gördüyü işlər haqqında danışmaq istəyəndə, Malenkov onun sözünü yarımçıq qoyub:

  • Yoldaş Aqranov, biz sizi bura hesabat vermək üçün çağırmamışıq. Dəvətin məqsədi tam başqadır.

Malenkovun eyhamını başa düşməyən Aqranov ona az qala uşaq sevinci ilə cavab verib:

  • Əlbəttə, yoldaş Malenkov. Mərkəzi Komitə mənim fəaliyyətimə yaxşı bələddir. Bəli, mən təxminən nəyə görə çağrıldığımı bilirəm (vəzifə təyinatını nəzərdə tutub).
  • Elə isə lap yaxşı, partiya biletinizi stolun üstünə qoyun. Siz partiyadan xaric olunursunuz.

Aqranov nə isə demək istəyəndə, Malenkov ona imkan verməyib. Elə bu görüşdən çıxdıqdan sonra Aqranov Kremlin komendaturasında həbs edilib.

Aqranovun istintaqı 11 ay çəkib. Onu antisovet fəaliyyətdə və vəzifədən sui-istifadədə ittiham ediblər. İstintaq yekunlaşdıqdan sonra iş SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına verilib. 43 yaşlı Aqranov  haqqında ən ağır cəza çıxarılıb, güllələnmə. Aqranovla eyni vaxtda həyat yoldaşı da eyni cəzaya məhkum edilib. Aqranovun qızı bir neçə dəfə atasının bəraət alması üçün müvafiq qurumlara müraciət edib. Fərqli illərdə yazılmış bu müraciətlərə yalnız bir cavab verilib: Aqranovun bəraət alması müzakirə mövzusu ola bilməz.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR