Natiq Cəfərli: “Aksizlərin artırılması ixracı stimullaşdıra bilər”
Gələn ildən Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də ölkədə istehsal olunan konyak istisna edilməklə içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə tətbiq olunan aksiz dərəcələrinin artırılmasıdır.
Məcəlləyə təklif edilən dəyişikliyə əsasən aksiz dərəcəsi içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litri üçün 2 manatdan 3,2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,5 manata, siqarillanın (nazik siqarlar) 1000 ədədi üçün 20 manatdan 31 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 20 manatdan 31 manata, alkoqollu energetik içkilərin hər litri üçün 2 manatdan 2,1 manata, alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata qaldırılır.
Bu siyahıda yer almayan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün isə 0,4 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Konyak və konyak materiallarının hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endiriləcək.
Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasili tətbiq edilməklə hesablanır.

Dəyişiklikləri “Yeni Müsavat”a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, əksər ölkələrdə hökumətlər alkoqollu içkilər və tütün məmulatlarına vergiləri artırmaqda “səxavətlilik” nümayiş etdirirlər: “Bu məsələdə dövlətlər rahat davrana bilirlər. Çünki bu, sosial məsələ olmadığına görə ciddi etirazlarla da qarşılanmır. Əksinə, sağlam həyat tərzini stimullaşdıran bir addım kimi qiymətləndirilir. Qiymət bahalaşdığı üçün alkoqollu içkilər və tütün məmulatlarından istifadə edənlərin sayında azalma baş verir. Bu baxımdan, bizdə aksizlərin artırılması adətən ciddi narazılığa səbəb olmur”.
Ekspertin fikrincə, bu məsələdə iki məqama diqqət yetirilməsi vacibdir: “Birincisi, bu məhsulların qonşu ölkələrdəki qiymətlərinə diqqət yetirilməlidir. Belə ki, bizdə aksizlərin qaldırılması qiymətləri artırarsa və qonşu ölkələrdən kəskin fərqlənərsə, bu, həmin məhsulların qaçaqmalçılığını artıra bilər. Yəni Rusiya, Gürcüstanda bu məhsulların qiyməti bizdən çox ucuz olacaqsa, hər iki ölkədən onların gizli yolla, qeydiyyatdan yayınmaqla gətirilməsi meylləri artacaq. Buna görə də hökumət bu prosesi nəzarətdə saxlamalıdır. Digər nəzərə alınmalı məqam spirtli içkilərin qiyməti bahalaşanda onların kustar üsulla, ev şəraitində istehsalı artacaq. Bu məhsulların keyfiyyəti aşağı olduğu üçün insan orqanizmi üçün böyük təhlükə yaradır. Bir neçə il əvvəl Rusiyada spirtli içkilərin qiymətini kəskin artırdılar, qısa müddətdə nə qədər insan kustar üsulla hazırlanmış içkilərdən zəhərlənib həyatını itirdi. Nəticədə hökumət məcbur olub qərarını dəyişdi. Bizdə də bu vəziyyətin yaranmaması üçün müvafiq nəzarət tədbirləri həyata keçirilməlidir”.
N.Cəfərli bildirir ki, aksizlər yalnız daxili bazarda satılan məhsullar üzrə artırılır deyə, bu addım spirtli içki və tütün məmulatlarının ixracını stimullaşdıra bilər: “Lakin bizdə yerli istehsalın ixrac imkanları aşağı olaraq qalır. Burada məhsulların cəlbedici hekayəsinin yaradılmamasıdır. Bu gün fransız çağırı, italyan çaxırı, gürcü çaxırı deyəndə fərqli təəssüratlar yaranır. Biz də çalışıb öz məhsullarımızın təbliğatını elə qurmalıyıq ki, Azərbaycan çaxırı dedikdə konkret təəssürat yaransın”.
DÜNYA,
“Yeni Müsavat”






