Bu günlərdə Bakıda baş verən dəhşətli hadisə hər kəsi şoka saldı: qadın rəfiqəsini tikə-tikə doğrayıb zibilə atıb. Belə ki, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu Azadlıq prospekti 28 ünvanın qarşısında zibil qutusunda şəhər sakini, 58 yaşlı Lyubov Rəhimovanın bədən hissələri tapılmışdı. Sonradan məlum olub ki, dəhşətli hadisəni onun rəfiqəsi 50 yaşlı İrina Qorlovadır.
Mətbutada yayılan məlumata görə Suraxanı rayonu Bülbülə qəsəbəsində hadisənin baş verdiyi ev 50 yaşlı İrinaya məxsusdur və rəfiqəsi bir müddət imiş ki, onunla birgə yaşayırmış. Onlar vaxtaşırı içki məclisləri təşkil edirmiş və belə məclislərin birində rəfiqələr arasında dava düşüb. Lyubovun onu söyməsindən əsəbiləşən İrina qab ilə onun başına zərbə endirib. Rəfiqəsinin öldüyünü görən qadın onun meyitini balta ilə doğrayaraq torbaya yığıb və taksi çağırıb. O, taksi ilə öldürdüyü rəfiqəsinin meyitinin hissələrini Binəqədi rayonu Azadlıq prospektinə gətirərək buradakı zibil qutusuna atıb.
Polis tərəfindən saxlanılan İrina Qorlova meyitin hissələrini niyə Bülbülədən Azadlıq prospektinə gətirdiyini izah etməkdə çətinlik çəkib və paytaxtda tək bu ərazidəki zibilliyi tanıdığını deyib. Lakin sonradan məlum olub ki, Lyubov Rəhimova əvvəllər xeyli vaxt bu ərazidə yaşayıb və İrina izi itirmək üçün onun meyitini hissələri bölərək buraya gətirib.
Qeyd edək ki, bir çox dünya ölkələrində olduğu kimi son vaxtlar Azərbaycanda da spirtli içki qəbul edən qadınların sayı artıb. Ekspertlər qeyd edir ki, kişilərdə olduğu kimi, qadınlarda da spirtli içkilər şəxsiyyətin dəyişməsinə, müəyyən psixoloji problemlərin yaranmasına səbəb olur. Bir çoxları Bakıda baş verən bu son hadisənin də əsas səbəbin içki olduğunu qeyd edir.

İstər kişi, istərsə də qadının spirtli içki içib sərxoş olan zaman özündən asılı olmayaraq hərəkət və davranışlarının dəyişdiyi, içkinin təsirindən cinayət törətdikləri halları var. Ekspertlər qeyd edir ki, mədəyə düşən spirt dərhal mərkəzi sinir sisteminə təsir etməyə başlayır. Bir neçə dəqiqə sonra da beyinə qalxaraq sinir hüceyrələrinə təsir göstərir. Əgər spirtli içki içməyə davam edilsə, beyindəki görmə, tarazlıq, danışma və mühakimə mərkəzlərinə də təsir edir. Beləliklə, çox miqdarda spirtli içki qəbul edib sərxoş olan insan əsasən özünü idarə edə bilmir, hərəkətləri və danışığı anlaşılmaz olur.
Lakin bəzi ekspertlər qeyd edir ki, əslində içki şəxsiyyəti dəyişmir, sadəcə olaraq olanı ortaya çıxarır. Yəni içkili halda insan özünü cilovlaya, mövcud aqressiv davranış tonunun qarşısını ala bilmir. Ötən il Britaniya alimləri də bu qənaətə gəlmişdi. Onların araşdırmalarına görə alkoqol sərxoş olanların şəxsiyyətini əsaslı şəkildə dəyişmir. Bir çox adamlar qeyri-adi hərəkətlərinin içkiyə görə baş verdiyini söyləsələr də, yeni elmi-tədqiqat işi sərxoşluq və ayıqlıq zamanı xarakterdə radikal dəyişikliyin baş vermədiyini qeydə alıb. Yeganə fərq bundadır ki, sərxoş adamlar daha ekstravert - yəni çılğınlıq və coşqunluq vəziyyətində olurlar. Həmçinin qeyd edilir ki, sərxoşluq əslində adamların şəxsiyyətinin “ucadan ifadə olunmuş” versiyasıdır. Beləliklə də insan sərxoş olarkən başqa adama çevrilməsinə dair inam əsassızdır.
Bəs həqiqətən spirtli içki şəxsiyyəti dəyişirmi?
Mövzu ilə bağlı tanınmış psixoloq Elnur Rüstəmov “Yeni Müsavat”a danışıb:

“Bəli, alkoqol insan şəxsiyyətini parçalaya bilir. Psixoloji təsirlər öz təsirini göstərir. İnsandan-insana asılı olaraq bunun bir müddəti var. Məsələn, insan var ki, ömrü boyu alkoqol qəbul edə bilir, amma bu onun şəxsiyyətinə təsir etmir. Burada gen faktoru da var. Diqqət edəndə görürük ki, həmin insanların genində içkiyə qarşı immuniteti var. Lakin bəziləri var ki, spirtli içki qəbul etdikdən sonra içki tez bir zamanda onların şəxsiyyətini dəyişir. Məsələn, qısqanclıq hissləri, ailədə problemlər yarana bilir. Çünki ifrat dərəcədə spirtli içki qəbul edən insanların əksəriyyətinin ailəsi qalmır, dağılır. Bundan başqa həmin şəxslərdə sayıqlamalar, gözəgörünmələr, aqressiv davranışlar ola bilir. Bəzən bu cür insanlar iş qabiliyyətini itirir, özlərini narahat, gərgin hiss edir. Bütün bunlar psixoloji təsir göstərir. Bəzi hallarda psixoloji problemləri olan şəxslər var ki, onlara konkret olaraq içkini qadağan edilir. Çünki diqqət etsəniz görərsiniz ki, böyük cinayət işləri, ölüm hadisələri çox zaman spirtli içkinin təsirindən törəyir”.
Xalidə Gəray
Musavat.com






