Oğlunu evləndirən MM üzvü Oqtay Əsədov məclisə yubandığı üçün bəy-gəlini 2 saat maşında gözlətdi
Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə quda olub. Xəbər tezliklə sosial şəbəkələrdə yayıldı və baş tutan toy geniş müzakirələrə səbəb oldu. Lakin müzakirə edilən burada iki deputatın quda olması deyil, bəy və gəlinin yalnız spiker Oqtay Əsədov məclisə təşrif buyurduqdan sonra içəri girmələri olub.
Bu barədə məlumatı sosial şəbəkədə jurnalist Mahir Məmmədli paylaşıb. Ardınca isə məsələ ictimaiyyətin müzakirəsinə çevrilib. Məlumata görə, Rafiq Məmmədhəsənov toya Milli Məclisin sədri Oqtay Əsədovu da çağırıb. Spiker isə toya 18.00-da gəlməyib, gecikib. Belə olduğu halda deputat Məmmədhəsənov toyu başlamağa icazə verməyib. Bəy-gəlin də maşında gözlədilib. Spiker isə saat 20.30-da gəlib. Yalnız bundan sonra toy başlayıb. O zamana qədər zalda yalnız rayondan gələn qonaqlar qalıb. Bu durumun Oqtay Əsədovun özünü də narahat etdiyi bildirilib.
Məsələ ilə bağlı ilk olaraq məlumat almaq üçün Rafiq Məmmədhəsənovla əlaqə saxladıq. Lakin R. Məmmədhəsənov danışmaqdan imtina etdi. Öncə kim olduğumuzu soruşdu. “Yeni Müsavat”ın əməkdaşı olduğumuzu bildirdikdə isə söylədi: “Sizi tanımıram”...
Maraqlıdır ki, bir neçə deputatla əlaqə saxlasaq da, onların heç birinin bu toy məclisində iştirak etmədiyini öyrəndik. Deputatlar hesab edirlər ki, məsələnin ictimaiyyətdə bu formada müzakirə edilməsi doğru deyil.
Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirib ki, toy məclisində iştirak etməyib:
“İştirak etsəydim də, məsələnin özəlliyini nəzərə alıb, şərh vermək fikrindən uzaq olardım. Burada iki gəncin xoş günündən söhbət gedir və onların heç biri siyasətçi deyillər. Ona görə də bu məsələni geniş formada şərh etmək fikrindən uzağam. Bu məsələnin gerçək fakt olduğuna da çox inanmıram. Şübhəsiz ki, toya daxil olmaq hər kəsin özünün arzusundan, ssenarisindan, toya qədərki hazırlıqlarından və sair amillərdən asılıdır. Bizim üçün ən önəmlisi ailə quran şəxsləri təbrik etmək, onlara xoşbəxtlik arzu etməkdir”.
Deputat Fazil Mustafa da “Yeni Müsavat”a bildirib ki, bu kimi məsələlər onların özlərinin şəxsi işidir: “Bizim bu məsələyə qarışmağımız doğru deyil. Bəlkə heç səbəb spikerlə bağlı deyil. Açığı, bu cür məsələlərin müzakirə edilməsini doğru saymıram. Bu, insanın özünün seçimidir. Bəlkə başqa bir problem səbəbindən gecikib? Bunu məsxərə mövzusuna çevirməyi doğru saymıram. İnsan taleyi ilə bağlı olan məsələdir. Bəlkə kimsə Rafiq Məmmədhəsənovu nüfuzdan salmaq istəyir. Deyim ki, Rafiq Məmmədhəsənov çox dəyərli bir alim və gözəl insandır. Ondan hələ indiyə qədər hansısa mənfi bir şey eşitməmişəm. Özünün də hərəkətləri kifayət qədər yetkindir. Bu baxımdan, hansısa bir neqativlik axtarılmasını doğru saymıram. Həm də harada yazılıb ki, bəy-gəlin məclisə məhz 7-də daxil olmalıdır. Ümumiyyətlə, bizim adətlər anormal və vəhşi olduğu üçün burada elə qaydalar müəyyən ediblər ki, heç baş açmaq olmur. Ümumiyyətlə, bu cür anormal qaydada keçirilən toylar dünyanın heç bir yerində yoxdur. Orada yazılmayıb ki, bəy və gəlin 7-də, yaxud da 6-nın yarısı gəlməlidir. Kefi nə vaxt istəyirsə, o vaxt da daxil olur. Buraxır camaat şənlənir lap saat 10-da gəlir. Sonra?”
Deputat Araz Əlizadə isə ölkə.az saytına bildirib ki, toy etsəydi, ümumiyyətlə, spikeri çağırmazdı: “Mən bu toyda olmadığım üçün heç bir söz deyə bilmərəm. Ancaq mənə görə, toya yaxın adamlar, qohumlar dəvət olunmalıdır. Şəxsən mən övladlarıma toy etsəydim və deputat olsaydım, toya spikeri dəvət etməzdim. Çünki mənim spikerlə münasibətlərim yalnız Milli Məclisdə olur. Toya ən yaxın adamları dəvət edərlər. Vaxtilə mən oğlumu evləndirmişəm və çox kiçik toy etmişəm. Bilirsiniz, sovet dövründə dəbdəbəli toy və yas mərasimləri qadağan idi. Ancaq bu gün dəbdəbəli toyların sayı çoxdur. Təbii ki, bu da hər bir adamın öz seçimidir”.
Əli RAİS






